15 İyul 2015 13:54
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalnız Meksikanın deyil, dünyanın ən güclü narkobaronlarından olan Xoakin Qusmanın həbsxanadan qaçışı bu günlərdə dünyanın diqqət mərkəzindədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Meksika hökuməti “El Çapo” ləqəbli 58 yaşındakı narkobaronun həbsxanadan qaçdığı anın görüntülərini dərc edib.

Videoda Qusmanın kamerasında yatağı ilə duş arasında bir neçə dəfə gedib-gəldiyi, sonuncu dəfə duşa tərəf gedərək gözdən itdiyi görünür. Duşun döşəməsində açdığı 1,5 metr enində olan dəlikdən 1,5 kilometrlik qaçış tunelinə çatan Qusman üç gündür ki, yoxa çıxıb.

Qeyd edək ki, dünyanın 1 nömrəli narkobaronun paytaxt Mexikonun 90 kilometr məsafəsində yerləşən həbsxanadan qaçışı şənbə günü axşam 21:30 radələrində baş tutub. Bu, Qusmanın Meksikanın ən təhlükəsiz həbsxanası olan sərt rejimli Altıplano həbsxanasından ikinci qaçışıdır.

2014-cü ilin əvvəlində ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Meksika dəniz piyadalarının keçirdiyi əməliyyatla həbs olunan “El Çapo” ilk dəfə ciddi rejimli həbsxanadan 2001-ci ildə nəzarətçilərin köməyi ilə qaçmışdı. Qusman gözəllik kraliçası, əkizlərinin anası olan həyat yoldaşı Emma Koronellə səhər yeməyi hazırlayarkən edilən basqınla ələ keçirilmişdi. O, 1993-cü ildə həbs olunmuşdu.

Amerikalı səlahiyyətlilər “tutulan ən böyük balıq” adlandırılan Qusmanın Meksikadakı istənilən həbsxanadan yenidən qaçma riski olduğu üçün onun ABŞ-a verilməsini istəmişdi. Lakin Mexiko Qusmanın daha əvvəl aldığı 24 illik həbs cəzasını məhz Meksikada çəkməsinin lazım olduğuu bildirməklə bu istəyi rədd etmişdi.

“Forbes”in hazırladığı “dünyanın ən güclü insanları” siyahısında da yer alan Qusmanın sərvətinin 1 milyard dollar olduğu bildirilir. Qusman 1990-cı illərdən “Sinaloa” kartelinə başçılıq edir. Hesab edilir ki, bu kartel ABŞ-da bütün narkotikin üçdə birini çatdırır.

İyunun 13-də isə Qusmanın həbsxanadan qaçması ilə əlaqədar həbsxananın 49 əməkdaşı saxlanılıb.


Müəllif:

Oxşar xəbərlər