24 Dekabr 2015 18:59
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni il uşaqdan-böyüyə hər kəsin səbirsizliklə gözlədiyi bayramlardan biridir. Hər kəs evini ən gözəl şəkildə bəzəməyə, süfrəsinə növbənöv təamlar düzməyə can atır. Ancaq həmin gün cürbəcür qidaların, şirələrin qarışdırılması sağlamlığa ciddi şəkildə zərər vurur. Elə bu səbəbdən, yüksək əhvali-ruhiyyə ilə qarşılanan bayram bir çox halda pis nəticələnir.

Publika.az Yeni ildə sağlamlığından olmaq istəməyənlər üçün “Şirin söhbət” layihəsi çərçivəsində həkim-diyetoloq Leyla Zülfüqarlı ilə söhbətləşib.

Ölkənin tanınmış diyetoloqlarından olan Leyla Zülfüqarlının yeni il süfrəsi ilə bağlı maraqlı fikirləri ilə tanış olmaq üçün yazını sona qədər oxumağınız məsləhətdir.

- Yeni il gecəsi bir neçə saat ərzində cürbəcür qidalar qəbul edilir. Bu nə qədər düzgündür?
- Bizim xalq adət-ənənələrinə bağlıdır. Gözümüzü açıb görmüşük ki, bayramlarda süfrədə cürbəcür qida olmalıdır. Bunun orqanizm üçün zərərli olduğunu bilsək də, vərdişimizdən əl çəkmək istəmirik. Adətən, Yeni il süfrəsində bir neçə növ isti yemək, salat, meyvə və içkilər olur. Bunların hamısını bir neçə saat ərzində mədəyə daxil etmək orqanizm üçün əsl faciədir. Təsadüfi deyil ki, bayramdan bir-iki gün sonra təcili tibbi yardım çağıranların sayında xeyli artım müşahidə edilir.

- Bəs, sizcə, ideal bayram süfrəsi necə olmalıdır?
- Buna qısa şəkildə cavab vermək çətindir. Təkcə onu deyə bilərəm ki, bayram süfrələrində əsasən dörd yanlış nüans müşahidə edirik. Bunlardan ilki ənənəvi menyuya sadiq qalmaqdır. Yəni, həmin gecə böyüklər də, uşaqlar da süfrədə plov, dolma, kabab, paytaxt salatının olacağını bilirlər. İkinci səhv süfrəyə müxtəlif ət növlərindən hazırlanan yeməklərin qoyulmasıdır. Üçüncü səhv meyvə və şirələrin, o cümlədən, şirniyyatların eyni vaxtda süfrəyə düzülməsidir. Dördüncü səhv isə süfrə başından həddindən artıq gec qalxmağımızdır.

- Uşaqlar və yaşlılar ənənəvi menyudakı yeməklərdən yeməməlidir?
- Uşaqlarla yetkin insanların, həmçinin, yaşlıların eyni qidaları yeməsi yaxşı nəticələnməyə bilər. Uşaqlar əsasən, süd və süd məhsullarından hazırlanan qidalar yeməlidir. Yaşlılar isə həddən artıq yağlı və duzlu qidalardan uzaq durmalıdır. Yaxşı olar ki, süfrəyə hər yaş üçün uyğun qidalar düzülsün. Məsələn, süfrələrdə şokolad, konfet, qazlı içkilər kifayət qədər olsa da, orqanizm üçün faydalı çərəzlərə yer ayırmırıq. Düzdür, hər kəsin büdcəsi çərəz almağa imkan verməyə bilər. Ancaq orqanizm üçün zərərli olan çipsi, təbii olmayan şirniyyat və şokolad əvəzinə çərəz almaq olar.

- Bəs ət növlərindən hansını yemək məsləhətlidir?
- Mal əti, toyuq və balıq yeyilə bilər. Əsas məsələ bunları qarışdırmamaqdır. Bizdə elə bilirlər ki, bayram ancaq axşam saatlarında olur. Düzdür, çox vaxt qonaq gözlənildiyi üçün əsl bayram saat 20:00-dan sonra başlayır. Ancaq hər halda, ayın 31-i səhər saatlarından etibarən bayram hesab edilir. Yəni, balığı günorta, mal ətindən bişirilən yeməkləri isə axşam yemək olar. Hətta Avropada yanvarın 13-nə kimi bayram hesab edilir. Elə bizdə də 5-6 gün bayram tətili olur. Yəni, bütün yeməkləri bir gecədə yeməyə ehtiyac yoxdur.

- Axşam bayram süfrəsində çox yeyəcəyini fikirləşib, gün boyu ac gəzənlər də var.
- Bu ümumiyyətlə, yanlış fikirdir. Çünki belə halda, mədəyə daha çox yük düşür. Həm də insan ac olanda gördüyü hər şeyi yemək istəyir. Bunun qarşısını almaq üçün səhərdən etibarən normal qaydada qidalanmaq lazımdır. İnsanlar elə bilir ki, bayramlarda mədə böyüyür, o, daha çox porsiya qəbul edə bilər. Halbuki, gözümüz bayram etsə də, həmin gün mədəmiz üçün bayram olmur. Mədə sağlam qida tələb edir. Buna diqqət etmək lazımdır.

- Yeməyin yanında şirə içmək orqanizm üçün zərərlidir?
- Bayram süfrələrinə göz gəzdirsək, görərik ki, ən çox qazlı içkilərə, süni boyalarla rəngləndirilmiş içkilərə üstünlük verilir. Belə içkilər normal vaxtda da orqanizm üçün zərərlidir. Bayramda digər qidalarla qarışdırıldıqda isə nəticə, ümumiyyətlə, faciəvi olur. Evdə meyvə şirəsi çəkib içmək olar.

- Bayramda həzm üçün yararlı meyvələrə üstünlük verilməlidir?
-Ümumiyyətlə, meyvə yeməklərdən 1 saat öncə və ya sonra yeyilməlidir. Qəlyanaltıda meyvə yemək olar. Meyvələrin arasında elə böyük fərq yoxdur. Sadəcə, kaloriləri arasında fərq var. Az kalorili olan meyvələrə üstünlük verilə bilər. Meyvələrlə bağlı da yanlışlığımız var. Belə ki, bayramlarda süfrəyə ölkəmizə yad olan, başqa ölkələrdən gətirilən ananas, banan kimi qidalar qoyulur. Bunların çoxu GMO-dur, təbii deyil, bu səbəbdən, orqanizmə faydası yoxdur. Mən həzm üçün ən təbii və sağlam qidalarımızdan olan qatığı tövsiyə edirəm.

- Spirtli içkilərlə bağlı tövsiyəniz necə olacaq?
- Spirtli içkiləri əsasən kişilər içir. Onlar üçün bayramın atributlarından biri də içməkdir. Ona görə də, mən içməyin desəm də, faydası olmayacaq. Spirtli içkiyə qarşı deyiləm. Tövsiyəm bu ola bilər ki, spirtli içkini başqa içki növləri ilə qarışdırmasınlar. Şirə və çay içməsinlər. Yeməklərin yanında qırmızı şərab içə bilərlər. Tünd içkilər məsləhətli deyil.

- Bayram gecəsi saat 01:00-02:00-da yemək yeyənlər olur. Süfrədən saat neçədə qalxmaq lazımdır?
- Yatmazdan 3 saat öncə yeməyə son verilməlidir. Saat 20:00-dan sonra ancaq salat və meyvə yemək olar. Axşam saatlarında isti yeməklərini yeyib, ondan 1-2 saat sonra meyvə ya şirniyyat yeyə bilərlər. Belə olduqda problem çıxmayacaq.


Müəllif:

Oxşar xəbərlər