10 May 2017 11:54
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in İrəvan ofisinin bağlanması, əlbəttə, xoşagəlməz haldır, amma nə etməli?

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu fikirləri Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin bildirib.

Onun sözlərinə görə, əgər ofisin bağlanmasına dair mövqe varsa, nə isə etmək mənasızdır. Səfir deyib ki, ATƏT-in regionda olmasının başqa formaları tapıla bilər.

Erməni jurnalistin təxribatçı “ATƏT-in İrəvan ofisinin bağlanmasında Azərbaycanın səyini dağıdıcı hesab etmirsinizmi” sualını diplomat belə cavablandırıb:

“Mən razıyam ki, ATƏT-in regionda növbəti ofisinin bağlanması xoş hal deyil. Amma bir az əvvəl ATƏT-in Azərbaycanda ofisi bağlanıb. ATƏT-də qərarlar konsensus nəticəsində qəbul edilir, buna görə belə alındı”.

Qeyd edək ki, ATƏT-in Daimi Şurasının Vyanada keçirilən son iclasında bu təşkilatın İrəvan ofisinin mandatının uzadılması məsələsinə baxılıb. İclasda ATƏT-in Daimi Şurasının sədri, Avstriyanın bu qurum yanında daimi nümayəndəsi Klemens Koya qeyd edib ki, ATƏT-in İrəvan ofisinin mandatını uzatmaqla bağlı bütün imkanlar artıq tükənib, aparılan danışıqlar səmərəsiz qalıb. Tərəfləri razı salacaq təkliflərin qəbul olunmaması nəzərə alınaraq, ATƏT-in İrəvan ofisinin bağlanmasına qərar verilib. İclasda ATƏT-in baş katibinə tövsiyə edilib ki, ofisin bağlanması üçün tələb olunan proseduru təmin etsin. Həmçinin qeyd edilib ki, ofisin bağlanması üçün texniki prosedur üç ay ərzində başa çatdırılmalıdır.

Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq, İrəvandakı ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini qaldırıb. Ötən üç il ərzində müxtəlif cəhdlərə baxmayaraq, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi ucbatından ATƏT-in İrəvan ofisi bu yöndə fəaliyyətini davam etdirirdi.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər