15 May 2017 15:19
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel seçkilərdə onun əsas rəqibi olan Sosial Demokrat Partiyasının lideri Martin Şultsa sarsıdıcı zərbə vurub.

Teleqraf.com xəbər verir ki, dünən Şimali Reyn Vestfaliyada regional parlament seçkiləri keçirilib.

Seçkilərdə Merkelin sədri olduğu Xristian Demokrat Partiyası 2012-ci il seçkiləri ilə müqayisədə səs faizini artıraraq, 34,3 % səs toplayıb. Bu seçkilərə qədər əyalətdə hakimiyyətdə olan Sosial Demokrat Partiyası 5 il əvvəlki seçkilərlə müqayisədə 5,5 faiz az səs toplayaraq, 30,6 faiz səslə ikinci yerə çıxıb. Azad Demokratlar Partiyası 12,2 % səs alıb. İlk dəfə seçkilərə qatılan qatı millətçi qüvvə olan Almaniya Alternativ Partiyası 7,7 % səs alıb. Yaşıllar Partiyası isə 6 % səs ala bilib.

Şimali Reyn Vestfaliya federal əyaləti uzun illərdir ki, Sosial Demokrat Partiyasının qalası hesab olunur. Merkelin bu əyalətdə əsas rəqibini üstələməsi ciddi irəliləyiş hesab olunur. Bu nəticələr Angela Merkelin 4-cü dəfə kansler olmaq şansını bir qədər artırıb. Sosial Demokrat Partiyasının lideri Martin Şults Şimali Reyn Vestfaliyada ciddi məğlubiyyətə uğradılıb və sentyabrda keçiriləcək parlament seçkilərinə qədər ağır zərbə alıb. Xristian Demokrat Partiyası isə indiyə qədər 3 əyalətdə keçirilən seçkilərin hamısını udub.

Xatırladaq ki, Şimali Reyn Vestfaliya federal torpağı Almaniyanın ən böyük federal ərazisidir. Burada seçicilərin sayı 13 milyondan çoxdur. Ayrıca bu federal ərazidə türklərin sayı çoxdur. Ümumilikdə burada 4,2 milyona yaxın əcnəbi yaşayır. Əyalətin parlament seçkilərində 40-a yaxın türk mənşəli namizəd də yarışıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər