31 May 2017 19:58
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın son bir həftə ərzində Azərbaycana və onun Prezidenti İlham Əliyevə iki məkub ünvanlamasını yüksək qiymətləndirmək lazımdır. Bu iki məktub arasında ən mühümü bu gün 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ünvanlanan məktubdur.

Bunu ABŞ Prezidenti Donald Trampın son bir həftə ərzində Azərbaycana və onun Prezidentinə iki məktub ünvanlamasını Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli bildirib ki, bu sərgi hər il keçirilir və burada neft və qaz sənayesi üzrə dünyada olan bütün yeniliklər nümayiş etdirilir: “Amerika bu sərgidə əsas iştirakçı ölkələrdən biridir. Çünki “Əsrin müqaviləsi”ndə BP istisna olmaqla 6 ABŞ şirkəti iştirak edir. Həmin şirkətlər eyni zamanda neft və qaz sərgisində də geniş təmsil olunurlar. Azərbaycanın belə mötəbər və genişmiqyaslı, eyni zamanda elm və texnologiyanın son nailiyyətlərini əks etdirən sərgi keçirməsi Bakının və Azərbaycanın nüfuzunu ölçüyəgəlməz dərəcədə artırır, ölkəmizə beynəlxalq aləmdə, beynəlxalq münasibətlərdə çevik və dinamik rol oynamaq perspektivləri açır. Artıq ənənəyə çevrilmiş bu sərgiyə Donald Trampın da təbrik məktubu göndərməsi zənnimcə, sərginin əhəmiyyətini xeyli artırır”.

Q.Hüseynli qeyd edib ki, ABŞ böyük və dünya düzəninə bir növ cavabdeh dövlətdir. Bu dövlət üçün dünyanın hər bir qarış torpağının geosiyasi əhəmiyyəti var: “Cənubi Qafqaz Amerika üçün vazkeçilməz sayılan bölgələrdən biridir. Uzun müddətdir ki, ABŞ və onun Qərb tərəfdaşları bu bölgədən xeyli fayda götürürlər. Məsələn, Bakı nefti Avropanın xeyli hissəsini, o cümlədən Amerikanın yaxın müttəfiqi İsraili yüksək keyfiyyətli neftlə təmin edir. Azərbaycan qazı bu ilin sonunda artıq Avropa bazarına daxil olacaq. Bu da Amerikanın strateji marağına tam uyğun gəlir”.

Politoloq bildirib ki, ABŞ özünün bir sıra geosiyasi maraqlarını məhz Cənubi Qafqaz vasitəsilə reallaşdırmağı düşünür: “Azərbaycanla NATO arasında ikitərəfli danışıqlar davam etdirilir, Avropa İttifaqı ilə Azərbaycan arasında vizasız gediş-gəliş haqqında danışıqlar başa çatmaq üzrədir. Bir sözlə Azərbaycanın üzünün Qərbə doğru yönəldiyi açıq-aydın görünür. Tramp bütün bunlara biganə qala bilməz. O, yaxşı başa düşür ki, Azərbaycan bölgənin lider dövlətidir. Təkcə özünün təbii ehtiyatlarına görə deyil, həm də geosiyasi və coğrafi mövqeyinə görə Azərbaycan Amerikanın maraqlarına tam uyğundur. İllərdir ki, Əfqanıstandakı Amerika qoşun heyətinə yüklərin 60-70 faizi Azərbaycan vasitəsilə daşınır. Ola bilsin, yaxın gələcəkdə bu rəqəm daha da yüksələcək. Bundan başqa Azərbaycan həm enerji, həm də nəqliyyat dəhlizidir. Bu iki faktor bütövlükdə geostrateji hədəflərin həyata keçirilməsində hər bir dövlət, o cümlədən Amerika üçün həyati əhəmiyyətə malikdir”.

Səxavət HƏMİD


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər