23 Avqust 2017 15:01
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mettisin Ankarada Türkiyə rəsmiləri ilə müzakirə edəcəyi xeyli məsələlər var.

Bunu Pentaqon şefinin bu gün Ankaraya başlayan səfərini Teleqraf.com-a şərh edən politoloq Vüqar Zifəroğlu bildirib.

O, qeyd edib ki, səfər zamanı əsasən Kürdüstanda planlaşdırılan referendum, Suriya və İraqdakı proseslər, kürdlərlə bağlı təşkilatlara qarşı Türkiyənin həyata keçirdiyi əməliyyatlar, İranla Türkiyənin ortaq əməliyyat planlaşdırdığına dair yayılan xəbərlərin müzakirə olunacağı gözlənilir: “Vacib məqamlar bunlardır. ABŞ Yaxın Şərqdə ən vacib müttəfiqi olan Türkiyəni itirmək istəmir. Türkiyənin son siyasi addımları da sübut etdi ki, bu ölkə Yaxın Şərqdəki maraqlarını güzəştə getmək niyyətində deyil.

ABŞ-ın Türkiyə ilə mövqelərini nə dərəcədə uzlaşdırıa biləcəyi müzakirə olunacaq. ABŞ Ankaranın bu məsələlərə dair baxışlarının nədən ibarət olduğunu, mövqelərin yaxınlaşdırılmasının mümkün olub-olmadığını öyrənməyə çalışacaq”.

Vüqar Zifəroğlu bildirib ki, ABŞ-Türkiyə danışıqlarında əsas məsələlərdən biri İranla bağlı olacaq: “ABŞ İranın aktivləşməsindən və Suriyada mövqelərinin güclənməsindən son dərəcə narahatdır. Bilirsiniz ki, “Hizbulah” Suriyanın Livanla sərhədində xeyli məntəqələr ələ keçirdi, mövqelərini gücləndirdi. Bu, əslində İranın öz mövqelərini gücləndirməsi deməkdir. Bütün bu məqamların da masaya yatırılacağı şübhəsizdir”.

Politoloq Ankara ilə Vaşinqton arasında hazırda iki əsas problemli məsələnin olduğunu vurğulayıb: “Düşünürəm ki, ABŞ müdafiə nazirinin səfəri zamanı FETÖ ilə bağlı məsələ və PYD/YPG-yə Vaşinqtonun silah və maddi yardım etməsi də əsas müzakirə mövzularından olacaq.

Bu iki məsələ Türkiyə ilə ABŞ-ın arasını açan və münasibətlərinə xələl gətirən məsələlərdir. Rakkaya hücum və digər məsələlər gündəmə gəldiyi zaman Türkiyə məhz bu iki tələbin yerinə yetirilməsini şərt kimi irəli sürmüşdü. Amma ABŞ bunları qəbul etmədi. İndi də qəbul etmir. Bu məqamların da ABŞ-la Türkiyə arasında ciddi müzakirə mövzusu olacağı şübhəsizdir”.

Bu gün həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bağdad və Ərbildə görüşlər keçirəcək. Bu səfəri də şərh edən Vüqar Zifəroğlu Şimali İraq kürd muxtariyyətinin sentyabrın 25-də keçirməyi planlaşdırdığı referendumun siyasi blef təsiri bağışladığını vurğulayıb: “Çünki bu referendumun keçirilməsi və onun nəticələrinə uyğun Kürdüstanın dövlət olaraq elan edilməsi kürd muxtar idarəetmə institutunun özünə ciddi problemlər yarada bilər.

Məsud Bərzani hökumətinə hazırda faktiki olaraq ən böyük dəstəyi Türkiyə göstərir. Türkiyə ilə Bərzani hökumətinin çox gözəl münasibətləri var. Faktiki olaraq rəsmi Bağdadla konfliktdə onları dəstəkləyən əsas vacib qüvvə bu gün Türkiyədir. Türkiyə isə deyir ki, bu referendumu keçirmə. Əgər bu referendum keçirilərsə, onun nəticələri icraya yönələrsə, yəni dövlətin elan edilməsi və bu kimi proseslərə start verilərsə, o zaman Türkiyə ilə münasibətlər tamamilə pozulacaq.

Üstəlik, region dövlətlərinin də bu məsələyə münasibəti fərqlidir. İran, ərəb ölkələri bu gün Kürdüstan adlı dövlətin yaranmasını istəmir. Ona görə də hesab edirəm ki, Bərzaninin rəsmi Bağdadın irəli sürülən şərtləri yerinə yetirəcəyi təqdirdə referendumu təxirə sala biləcəklərinə dair verdiyi bəyanat mövcud vəziyyətin real qiymətləndirilməsidir. Mümkündür ki, Bağdad həmin şərtləri qəbul etsin və referendum ertələnsin.

Bu gün referendumun keçirilməsi və onun nəticələrinin icraya yönəlməsi tərəflərin heç birinə, hətta kürdlərin özünə də sərf etmir. Düşünürəm ki, bu məsələ də ABŞ-la Türkiyə arasında ciddi şəkildə müzkirə predmeti olacaq”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər