30 Avqust 2017 11:11
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidentinin Tehrana səfəri zamanı bölgədə təhlükəsizlik, həmçinin, ikitərəfli əlaqələrin genişləndirilməsi, ilk növbədə isə təbii ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunacaq.

Bunu Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda İrana gerçəkləşəcək səfərini Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O əlavə edib ki, İran və Türkiyə iki böyük və güclü müsəlman dövlətidir. Onların bölgədə çox böyük nüfuzları, təsir və imkanları var:

“Hər ikisi əhali, iqtisadi qüdrət baxımından nəhəng dövlətlərdir və hər iki ölkənin güclü ordusu var. Sadəcə, biri NATO üzvü, digəri Qərblə kəskin ziddiyyətdədir. Amma bu ziddiyyət qonşu dövlətlər olaraq Tehranla Ankaranın əməkdaşlıq etməsinə mane olmur. Hazırkı vəziyyətdə İranla Türkiyə arasında həm iqtisadi, həm də humanitar əməkdaşlıq məsələlərinin müzakirəsinə ehtiyac var. Bəllidir ki, İrandan Türkiyəyə qaz kəməri gedir. İran Türkiyəyə neft sata bilər. Bundan əlavə, Suriya böhranının tənzimlənməsində hər iki dövlətin mühüm rolu var. Hər ikisinin kürd azlığı ilə bağlı ortaq problemi mövcuddur. Rusiya ilə münasibətlərdə müştərək maraqlar, elmi-texniki əməkdaşlıq və kəşfiyyat məlumatlarının mübadiləsi, hansısa beynəlxalq məsələnin həllinə dair ümumi, vahid mövqe sərgiləmək kimi məsələlər müzakirə oluna bilər. Yəni, dövlət başçılarının müzakirə edəcəkləri çoxlu sayda mövzular var və onlar bu mövzuları müzakirə edəcəklər”.

Qeyd edək ki, bu yaxınlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri Ankarada R.T.Ərdoğanla görüşərək Suriya və İraqdakı böhranla bağlı əməkdaşlıq ətrafında müzakirələr aparmışdı. Bəs bu səfər Ankara ilə Tehranın Suriya məsələsində mövqelərinin daha da uzlaşmasına gətirib çıxara bilərmi?

Z.Əlizadə bununla bağlı deyib ki, Suriyaya xaricdən basqı olanda – Qərbin dəstəyi ilə daxildəki radikallar ayağa qaldırılanda və Suriyada əməli olaraq vətəndaş müharibəsi başlayanda rəsmi Dəməşqin yanında dayanan yeganə dövlət İran idi:

“Tehran Suriyaya öz dəstəyini verdi. İran Bəşər Əsədə hərtərəfli – həm hərbi, həm siyasi, həm mənəvi, həm də maliyyə cəhətdən köməklik etdi. O zaman Türkiyə prezidenti çox yanlış bir mövqe tutdu. Baxmayaraq ki, böhranın başlanğıcınadək Ərdoğanla Əsəd möhkəm dost idilər. Vaxtaşırı görüşürdülər, danışırdılar və sair. Hətta 2008-ci ildə Bodrumda ailəvi istirahət etmişdilər. Ərdoğan birdən-birə başladı ki, Bəşər Əsəd getməlidir. Ay qardaş, niyə getməlidir? Getməlidir, vəssəlam. Qərb belə deyir, ona görə də getməlidir. Bundan sonra Türkiyə Suriya ərazisindəki türkmanları silahlandırmağa başladı. Bu, son nəticədə Türkiyənin Rusiya ilə münasibətlərinin pozulmasına, İranla pisləşməsinə gətirib çıxardı. Rusiyanın qırıcı təyyarəsini vurdular, Moskva ilə münasibətlərdə gerçək böhran yaşandı. Nəhayət, Türkiyə anladı ki, Suriyada böhran son nəticədə dönüb bumeranq kimi Türkiyənin özünün təhlükəsizliyinə ziyan vura bilər və Ankara Suriya məsələsində mövqeyini dəyişməyə başladı. Nəhayət, Ərdoğan Bəşər Əsədin azı keçid dövründək hakimiyyətdə qalmasına razılaşdı, Rusiya və İranla Suriya məsələsində əməkdaşlıq etməyə başladı. Separatçılara göstərdiyi dəstəyi dayandırdı. Bundan sonra Suriya məsələsində İran, Rusiya və Türkiyə arasında real üçtərəfli əməkdaşlığa start verildi.

İndi isə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi gedib Ankarada görüşlər keçirib. Bilmək lazımdır ki, əgər bir ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi gedib başqa bir ölkənin prezidenti ilə görüşürsə, demək, bu görüşdə yalnız və yalnız hərbi, kəşfiyyat və təhlükəsizlik sahəsində əməli əməkdaşlıq müzakirə olunub”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər