19 Sentyabr 2017 15:32
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi Qərb dairələrinin Azərbaycana qarşı təbliğat fəallığını artırması region ölkələrinə də təsirsiz ötüşməyib. Azərbaycanın sadiq dostları bunlara heç bir fikir vermir. Türkiyə, Gürcüstan, Rusiya və İran Bakı ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olaraq qalmaqdadırlar.

Ermənistan siyasi, analitik və ekspert dairələri isə növbəti dəfə qərəzli və böhtançı olduqlarını nümayiş etdirdilər. Təcavüzkar ölkənin mətbuatında Azərbaycanla bağlı həm bir-birinə zidd olan, həm də yalan, qərəzlə dolu, əsassız informasiyalar yayılır. Hiss olunur ki, erməni rəhbərliyi Azərbaycan Prezidentinin çox səmərəli siyasətinin qarşısında aciz duruma düşüb. Onların bütün arqumentləri və ümidləri puç olub. Dağlıq Qarabağ məsələsində də məğlubiyyət yaxınlaşır. Bu səbəbdən erməni ekspertlər və siyasətçilər absurd fikirlər ortaya atırlar. Onlar Azərbaycan Prezidenti və ailəsi ilə bağlı çox əsassız şeylərdən bəhs edirlər. Bütün bunlar sözsüz ki, regionun geosiyasi vəziyyətinə təsir edir. Buna görə də bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.

Uğursuz siyasi kurs: Ermənistan cəmiyyəti ağır bədəllər ödəyir

Rəsmi İrəvan sözün həqiqi mənasında sağlam düşüncə və normal siyasi məntiqi tamamilə itirib. Xarici və daxili siyasətdəki daimi uğursuzluqlar onları reallıqdan çox uzaqlaşdırıb. İndi erməni analitik, ekspert, siyasətçilər və mütəxəssislər ən absurd bəhanələrlə Azərbaycana qara yaxmaqla məşğuldurlar. Onların dövri nəşrlərində dərc edilən "analizlərə" baxırsan və ümumiyyətlə, "insan" anlayışına yazığın gəlir – bu dərəcədə savadsızlıq, qərəz, böhtan və mənəviyyatsızlıq bir yerə cəmləşə bilərmiş!

Hamı bilir ki, Azərbaycana qarşı Qərbdə və Şərqdə müəyyən dairələr mütəmadi olaraq informasiya savaşı aparır. Onlar müxtəlif faktları təhrif edib, kontekstdən fikirləri çıxararaq, ölkəni pisləməklə məşğuldurlar. Hamısının isə məqsədi birdir – Azərbaycan müstəqil siyasəti ilə getdikcə daha da güclənir və beynəlxalq aləmdə geosiyasi nüfuzunu durmadan artırır. Bunları konkret faktlar sübut edir.

Sirr deyil ki, Azərbaycan rəhbərliyi həm sosial-iqtisadi, idarəetmə sferalarında, həm də müdafiə imkanlarını gücləndirmək istiqamətində ciddi addımlar atır. Ölkə Prezidentinin həyata keçirdiyi islahatlar proqramı, beynəlxalq enerji və nəqliyyat layihələri, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna xidmət edən tədbirlər dünya liderləri tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan "Yeni İpək Yolu" layihəsində aktiv iştirak etməkdədir, Qərb-Şərq nəqliyyat-logistika qovşağı kimi fəaliyyətdədir, "Cənub qaz dəhlizi" proyektini uğurla həyata keçirir, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində ciddi iş aparır. Bütün bunlarla yanaşı, dövlət başçısı beynəlxalq tədbirlərdə çox dərin və maraqlı nitqlər söyləyir, təşəbbüslər irəli sürür.

Bunların fonunda Ermənistan rəhbərliyi, siyasi elitası, analitik-ekspert dairələri çox cılız və zavallı təsir bağışlayırlar. Çünki Ermənistan siyasi rəhbərliyi faktiki olaraq heç bir əhəmiyyətli addım ata bilmir. Serj Sarkisyan beynəlxalq tədbirlərdə şikayət və yalvarışdan, Azərbaycana qarşı əsassız danışmaqdan başqa nə edib? Onu bir sıra erməni analitiklərin özləri də tənqid edərək, heç bir faydalı əməl sahibi olmadığını bildirirlər. Təbii ki, belə bir vəziyyətdə ermənilər üçün Azərbaycanın uğurlarına kölgə salmaq, ona qarşı böhtan kampaniyası aparmaqdan başqa bir şey qalmır.

Budur, Ermənistanda Azərbaycan rəhbərliyinə qarşı Avropanın bəzi dairələrinin başladığı böhtan kampaniyası "hurrey"lə qarşılanıb. İndi bir sıra üzdəniraq erməni "analitik və ekspert"in əsas teoremi Azərbaycan rəhbərliyini qaralamaqdan ibarətdir. Bunun üçün bəzi hallarda elə absurd və dolaşıq yazırlar ki, onların neçə sinif oxuduqları haqqında düşünməli olursan. Məsələn, eyni faktdan bir-birinə tamamilə zidd olan iki fikrin hər birinin doğruluğunu "sübut etmək üçün" istifadə edirlər.

Bir məqam aydınca hiss edilir. Ermənistan Azərbaycan Prezidentinin yeritdiyi siyasətdən çox qorxur. Ona əyan olur ki, Dağlıq Qarabağ münaqişəsində uğur əldə etmək şansı yoxdur. Bütün arqumentlər münaqişənin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək şərti ilə həll edilməli olduğuna dəlalət edir. Bu reallığı erməni siyasətçilər dərk etdikcə özlərindən çıxırlar. Başlayırlar gah Rusiyanı, gah Qərbi, gah da Azərbaycanı qaralamağa.

Diqqət edirik, Ermənistan KİV-i, Rusiyada ermənilərin təsiri altında olan bəzi mətbuat orqanları eyni ssenari üzrə böhtan kampaniyası aparırlar. Bədnam Stanislav Tarasovun "Regnum"dakı "analizləri"nin ana xətti Ermənistanda fəaliyyət göstərən bir sıra nəşrlərdə dərc edilən "analitik yazılar"ın dəst-xəttindən heç nə ilə fərqlənmir. Son zamanlar onların hamısının Azərbaycan rəhbərliyinin fəaliyyətinə qondarma arqumentlərlə yanaşmaları dəbə minib. Bu kontekstdə ermənilərin Qərbin ayağına yazmağa çalışdığı bir məqamı da vurğulamaq yerinə düşərdi.

Uduzulmuş oyun: rəsmi İrəvan məntiqini itirib

Məsələ ondan ibarətdir ki, Ermənistan təbliğat maşını Dağlıq Qarabağ məsələsində Qərbin sırf anti-Azərbaycan mövqeyi tutduğunu iddia kimi ortaya atır. Guya Azərbaycanı yalnız Rusiya müdafiə edir ("Azərbaycan Rusiyanın müttəfiqidir") və məhz Moskva Qərbə imkan vermir ki, "dqr"-in müstəqilliyini tanısın. İndi də ABŞ və Avropa nəinki Dağlıq Qarabağ, hətta Naxçıvan məsələsində belə Ermənistanı müdafiə etməyə hazırdır.

Şübhəsiz ki, geosiyasi proseslərlə az-çox tanışlığı olan insanlar üçün burada primitiv erməni təbliğat hiyləgərliyini görmək çətin deyil. Konkret olaraq, ermənilər ən yaxın müttəfiqləri və tam asılı olduqları Rusiyanı Azərbaycana yaxın kimi göstərməyə çalışırlar. Yəni Bakını Qərblə əlaqələri kəsib, Rusiyaya sığınmağa təhrik etməyə cəhd göstərirlər. Məsələnin başqa tərəfi də Ermənistanın daxili ideoloji tələbatını ödəməklə bağlıdır. Belə ki, Ermənistanda bir sıra dairələr Qərbi erməniləri tam dəstəkləyən qüvvə olaraq göstərməklə cəmiyyətdə oraya meyli artırmağa çalışırlar. Bunda maraqlı olanlar Qərbdə "rəngli inqilablar" aludəçiləridir. Eyni zamanda, islamofobiya xəstəliyinə düçar olan dairələrdir.

Bununla ermənilər Qərbin gözündə Azərbaycanın geosiyasi olaraq tərəddüd edən, qətiyyətli mövqe tutmayan ölkə obrazını yaratmağa çalışırlar. Təsadüfi deyil ki, bu kimi məqamlarda erməni separatçıları ilə Corc Soros kimilərin arqumentləri üst-üstə düşür. Paralel olaraq, rəsmi İrəvan özünün Rusiyadan tam asılı olduğunu ört-basdır etməklə müstəqil hərəkət etdiyini göstərməyə cəhdlər göstərir. Guya Kreml İrəvana hakim deyil, Ermənistan Rusiyanın forpostu deyil. Guya Ermənistan müstəqil müdafiə və enerji siyasəti yeridə bilər. Doğrudur, bəzən erməni ekspertlər bu məsələdə o dərəcədə ağılsızlaşırlar ki, Ermənistan ordusunun hətta Rusiya hərbi qüvvələrinə sinə gərdiyini yazırlar. Özü də ruslar Azərbaycan Ordusu ilə birlikdə Ermənistan silahlı qüvvələrinin müqavimətini qıra bilmirlərmiş!

Təsəvvür edin, bu cür cəfəng, gülünc və uşağın belə inanmadığı fikirlər ortaya atırlar. Məlum aprel döyüşlərində Azərbaycan əsgərinin qabağından dovşan kimi qaçan erməni əsgərini yenə Kreml xilas etmədimi? Bu barədə birbaşa, ya dolayısı müxtəlif səviyyələrdə informasiyalar yayılıb. Burada düşündürən odur ki, erməni ekspert və analitiklərin siyasi şüuru tamamilə inkişafdan qalıb. Ermənistanda hələ də XIX əsrin informasiya qaydaları ilə hərəkət edirlər – sanki onlardan başqa kimsənin real baş verənlərdən xəbərləri yoxdur. Məsələn, dünya bilir ki, BMT-nin Nizamnaməsində aydın və konkret yazılıb ki, təşkilata üzv olan dövlətlərdən hansınınsa ərazisinə təcavüz olarsa, həmin dövlətin müdafiə haqqı təbiidir. Üstəlik, BMT-nin digər üzvləri də təcavüz qurbanına yardım edə bilər və etməlidirlər.

O başqa məsələdir ki, hələlik bir sıra böyük dövlətlər BMT Nizamnaməsi və ədalət prinsipinə görə deyil, havadarlıq xislətinə uyğun hərəkət edirlər. Onlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən çox təcavüzkarı qorumaqla məşğuldurlar. Lakin hər bir haqsızlığın bir bədəli vardır – indi həmin dövlətlərin özlərində analoji problemlər meydana gəlməkdədir.

Bundan başqa, Ermənistan siyasi dairələri dünyanın adi reallığı görmədiyini sanaraq, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək cəhdlərini "aqressiya", "demokratiyanın pozulması", "insan haqlarının tapdalanması" kimi qələmə verməyə çalışırlar. Və nə qədər ki, bu kimi cəfəngiyatdan bəhs edirlər, dünya ictimaiyyəti onlara güləcək və həm də qlobal problemlər həllini tapmayacaq.

İndi Azərbaycan Prezidenti və onun ailəsi ilə bağlı məlum dairələrin saxta, yalançı, böhtançı davranışları erməniləri yenə xülyalara qərq edib. Heç bir etiketə sığmayan ifadələr işlədir, böyük günah yiyələri olurlar. Ancaq bütün bu çirkabdan bir həqiqət özünü göstərməkdədir – İlham Əliyevin qətiyyətli, güclü, praqmatik, uzaqgörən və milli meyarlara dayanan siyasəti düşməni tamamilə pərən-pərən salıb. İrəvan nə edəcəyini bilmir. İlham Əliyevin timsalında Azərbaycanın yenilməz rəhbərliyə malik olduğunu dərindən anlamağa başlayıblar. Bütün çılğınlıqları və məntiqsiz davranışları bununla bağlıdır. Ancaq, necə deyərlər, suda boğulanın özü xilas ola bilər. İlham Əliyev isə seçdiyi kursdan qətiyyən dönməyəcək!!! /Newtimes.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər