21 Sentyabr 2017 21:09
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı heç nəyə qadir deyil. Bu qurumun təkcə Azərbaycanla bağlı dörd qətnaməsi mövcuddur. Lakin bu qərarların icrasını həyata keçirə bilmir. Eləcə də İsrail-Fələstin münaqişəsi ilə bağlı BMT 1967-ci ildə və ondan sonra çoxsaylı qərarlar qəbul edib. Bu qərarlar Qüdsün hər iki dövlətin paytaxtı olması ilə bağlıdır. Ancaq bu qətnamələr də yerinə yetirilməyib. Sanki BMT məzmunsuz bir təşkilat halına gəlib və onun qərarlarına baxan, əməl edən yoxdur.

Bu fikirləri Teleqraf.com-a BMT-nin Baş Assambleyasının son toplantısını şərh edən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bildirib.

Sabiq deputat bir daha xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilən ərazilərinə dair 4 qətnamə qəbul edib:

“Bu qətnamələr niyə icra olunmur? Niyə Ermənistanla bağlı sanksiyalar tətbiq edilmir? Odur ki, mən BMT-dən hər hansı bir addım gözləmirəm. Bəzən siysətçilər, dövlət başçıları BMT-nin toplantısına gedirlər, görüşürlər, müzakirələr aparırlar və mövqelərini açıqlayırlar. Ancaq sonradan biz BMT-nin hansısa təsirli addımlarını müşahidə etmirik”.

İlyas İsmayılov əlavə edib ki, BMT-nin son toplantısında əksər dövlətlərin liderləri çıxış ediblər və mövqelərini açıqlayıblar:

“Bəli, çıxış etdilər, fikirlərini dedilər. Sonra? Əsas sonrasıdır. Ancaq təəssüflər olsun ki, sonrakı mərhələdə biz BMT-nin ciddi addımlar atdığını müşahidə etmirik”.

Bununla belə, müsahibimiz qeyd edib ki, BMT-nin verdiyi qərarların icra edilməməsinə baxmayaraq, bu qurumun ləğv edilməsi düzgün deyil:

“Bu qurumun ləğvi haqqında da bəzən ideyalar səslənir. Ancaq mən bunu doğru hesab etmirəm. Heç olmasa dövlət başçıları ora toplaşıb görüşlər keçirir, müzakirələr aparır. Sadəcə olaraq BMT-də ciddi islahatlar getməli, real fəaliyyət ortaya qoyulmalı və özünün qəbul etdiyi qərarların icrasına nail olmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər