23 Sentyabr 2017 17:20
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev BMT-nin ali tribunasından bu qurumun Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, bununla da Ermənistanı işğalçı elan etdiyi və işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsinin də işləmədiyini, kağız üzərində qaldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

O qeyd edib ki, islahatların aparılması ilə bağlı artıq BMT-də müzakirələr gedir: “İslahatların baş tutması BMT Baş Assambleyası, həmçinin bu qurumun Təhlükəsizlik Şurası kimi mühüm orqanlarında islahatların keçirilməsi nəticə etibarilə bu təşkilatın imicinin bərpasına gətirib çıxara bilər. Çünki BMT-nin çox hallarda bir ölkə ilə bağlı qəbul etdiyi qətnamələr heç mürəkkəbi qurumamış həyata keçirilir, amma başqa bir halda, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin sadəcə kağız parçası səviyyəsində olması reallığı mövcuddur”.

E.Nəsirovun sözlərinə görə, BMT-də olan islahatlar ilk növbədə onun qəbul etdiyi qətnamələrin icrası mexanizmlərini özündə ehtiva edəcək: “BMT Nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Belə olan halda, niyə bu qurum nizamnaməsinin 25-ci maddəsinə əməl etmir? Axı, 4 qətnamə qəbul edilib, bunlar 25-ci maddəyə uyğun icra olunmalıdır. Amma təəssüflər olsun ki, icra olunmur. Deməli, problem ondadır ki, BMT-də islahatlar aparılmalı, fəaliyyəti ikili standartlardan uzaq olmalıdır. Bu qurumda elə bir mexanizm formalaşmalıdır ki, qərar qəbul ediləndən dərhal sonra onun icra mexanizmi də işə düşsün. Bunlar olmayanda, beynəlxalq ictimaiyyətin nəzərində BMT-nin imicinə ciddi zərbə dəyir. Hesab edirəm ki, BMT rəhbərliyi bunu hamıdan çox hiss edir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər