26 Sentyabr 2017 09:38
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə İraq Kürdüstanında keçirilən referendum, bu siyasi addımın nəticələri ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Zərdüşt bəy, Kürdüstan İraqın yeni konstitusiyası ilə yüksək muxtariyyət statusu əldə etdiyi halda müstəqilliklə bağlı referendum keçirilməsi avantürası necə yarandı?

– Bu, regiondakı siyasi qüvvələrin səfehliyinin parlaq nümunəsidir. Kürdlərin çoxsaylı xalq olması bir faktdır. Bu da tarixi faktdır ki, onların torpaqları dörd ölkə – Türkiyə, Suriya, İran və İraq arasında bölünüb. Bu milli dövlətlərdən üçü Birinci Dünya müharibəsindən sonra yaranıb. Ondan əvvəl Osmanlı imperiyası var idi. Osmanlı imperiyası kürdləri parçalamamışdı. Onlar vahid imperiyada vahid ərazidə yaşayırdılar. Məhz bu imperialist oyunlarının, savaşlarının və öz hakim zümrəsinin səfehliyinin nəticəsi olaraq Osmanlı imperiyası dağıldıqdan sonra kürdlər 4 müxtəlif milli dövlətdə yaşamağa başladılar.

İndi bu milli dövlətlərin rəhbərliyində də səfehlik var. Öz dövlətlərini tamamilə demokratikləşdirmək, milli azlıqlara tam hüquqlar vermək, onlarla hesablaşmaq, onları aparıcı etnosa inteqrasiya etmək əvəzinə aparıcı, sayca daha çox etnosun – Türkiyədə türklərin, Suriyada Suriya ərəblərinin, İraqda İraq ərəblərinin, İranda da farsların hüquqlarını qorumağa başlayıblar. Bu hal təbii ki, milli azlıq olan kürdləri qıcıqlandırır. Onların da siyasi liderləri yaranır. O siyasi liderlər yaşadıqları dövlətdəki başqa etnoslarla birgə demokratik hüquqlar uğrunda mübarizə aparmaq şüarını qaldırmaq əvəzinə başqa şüarlar səsləndirirlər. Məsələn, “Biz bu milli dövlətdən ayrılıb, öz etnik Kürdüstanımızı quraq”. Bu səfeh şüar “ayır-buyur” siyasətinin aşiqi olan böyük dövlətləri çox sevindirir. Onlar separatçılara hüquqi, elmi, informasiya, maddi, hərbi yardım göstərirlər. Bu bir faktdır. Necə ki, SSRİ-ni dağıtmaq üçün millətçilikdən sui-istifadə etdilər, indi də milli dövlətləri dağıtmaq üçün kürd separatçılığından istifadə edirlər. Nəticədə nə alırlar? Dağıntı, işgəncə, düşmənçilik, müharibələr və itkilər.

İndinin özündə İraq Kürdüstanı de-fakto müstəqildir. Amma indi bu müstəqilliyi bir addım da qaldırmaq üçün onlar referendum keçirirlər. Bu nə ilə izah olunur? Çünki Kürdüstan daxilində bir neçə partiya siyasi hakimiyyət uğrunda döyüşür və Məsud Bərzani çalışır ki, bu addımla öz adını tarixə salsın və partiyası üçün möhkəm mövqelər qazansın. Ona görə gerçəkliklə hesablaşmadan, Qərbin fitvası ilə referendum keçirir.

Amma gün kimi aydındır ki, bu referendumun nəticələrini nə İraq, nə Türkiyə, nə Suriya, nə də onlarla münasibətləri pozmaq istəməyən hansısa böyük dövlət tanıyacaq. Yalnız Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ kimi qondarma rejimlər tanıya bilər.

– Bəs, İsrail və ABŞ?

– İsrail müsəlman Şərqində təcrid olunmuş, xüsusi bir dövlətdir. Onun istənilən hərəkəti İslam dünyasına, bölgə xalqlarına qarşı düşmənçilik kimi qiymətləndirilə bilər. Bütün KİV-lər İsrailin bu addımını düşmən yəhudi dövlətinin müsəlmanlara qarşı öz agenturasının törətdiyi növbəti təxribat kimi qiymətləndirəcək.

ABŞ isə məsafə saxlayacaq. Təbii ki, ABŞ Yaxın Şərqdə Kürdüstan kartından istifadə edir. Amma mən düşünmürəım ki, ABŞ dörd mühüm dövlətlə münasibətləri korlamaq niyyətində olub İraq Kürdüstanını tanısın. Əgər belə etsə, öz nüfuzuna böyük zərbə vuracaq.

– Böyük ehtimalla referendumda Kürdüstan muxtariyyətinin istədiyi nəticə alınacaq. Bundan sonra nə baş verəcək?

– 1991-ci ilin sentyabrında da Dağlıq Qarabağ erməniləri referendumda müstəqilliyin lehinə səs verdilər. Onları tanıyan varmı? Yox. İraq kürdlərinin müstəqilliklərini də tanımayacaqlar. İraq kürdləri indiyədək nə əldə etmişdilərsə, bunu yalnız türk biznesinin sayəsində etmişdilər. Türkiyə onlar üçün dünyaya açılan yeganə pəncərədir. Çünki bir tərəfdə onların hərəkətlərini əsla alqışlamayan İrandır. O biri tərəfdə İraq ərəbləridir. Hansılar ki, İraq Kürdüstanının ayrılmasını istəmirlər. Başqa bir tərəfdə isə döyüşən Suriyadır. Yalnız Türkiyə qalırdı. Türkiyənin də referenduma münasibəti kəskin mənfidir.

– Adları çəkilən ölkələrin İraq Kürdüstanına qarşı hansısa hərbi əməliyyat keçirməsi mümkün ola bilərmi?

– Nə üçün keçirməlidirlər? Fərz edin ki, sizin yaşadığınız mənzilin qonşuluğundakı ailənin bütün üzvləri yığışıb hansısa qərar qəbul etdi. Əgər o qərarın sizin mənzilə, ümumi dəhlizə, pilləkana dəxli yoxdursa, siz onların işinə qarışmayacaqsız. Qoy öz mənzillərində özləri üçün nə istəyirlər danışsınlar.

– Amma Türkiyə və İran hazırda İraq Kürdüstanı ilə həmsərhəd ərazilərdə hərbi təlimlər keçirir...

– Bu təlimlər “həddinizi bilin, cızığınızdan çıxsanız, başınızdan qapaz alacaqsız” deməkdir.

– Faktiki olaraq cızıqdan çıxırlar...

– Nə cür çıxırlar? Öz ölkələrində referendum keçirirlər. Bunun Türkiyə və İrana nə dəxli var?

– Yəni, hesab edirsiniz ki, İraq Kürdüstanında keçiriləcək referendum 4 qonşu ölkənin ora müdaxiləsinə əsas verməyəcək?

– Əsla əsas verməyəcək. Bunu etsələr, demək səfehdirlər. Dağlıq Qarabağda ermənilər referendum keçirib öz müstəqilliklərini elan edəndə Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparılmasaydı, özünü millətçi adlandıran ünsürlər neft və vəzifə naminə boğuşmasaydılar, həmin referendumun bir qəpiklik əhəmiyyəti olmayacaqdı. Amma məhz ölkədə sabitliyin pozulması, hakimiyyət naminə davalar, çevrilişlər və sair ona gətirib çıxardı ki, ermənilər de-fakto guya öz müstəqilliklərini təmin ediblər.

– İraqın Baş naziri Heydər İbadi bildirib ki, Ərbil Bağdad rəhbərliyini kürd xalqına zülm etməkdə ittiham etməsin. O əlavə edib ki, Səddam Hüseynin yanında olan bəzi kürd BƏƏS-çilər özləri kürdlərin əzilməsində böyük rol oynayıblar...

– Bu faktdır. Totalitar quruluşlarda etnik mənsubiyyətə fikir vermirlər. Məsələn, Gürcüstan sovet vaxtı həm inkişaf etmişdi, həm də müəyyən mənada əzilmişdi. Amma SSRİ-nin başında gürcü, yaxud bir sıra tarixçilərin osetin mənşəli olduğunu iddia etdiyi Stalin dayanırdı.

Səddam Hüseynin İraqında da Kürdüstan müəyyən nailiyyətlər əldə edirdi, amma eyni zamanda BƏƏS Partiyasının rəhbərliyində təmsil olunan kürdlər rejimin tərkib hissəsi kimi kürdləri əzirdilər. Burda qəribə heç nə yoxdur.

– Heydər İbadi kürdlərə müraciət edərək oradakı hakimiyyətdən neft gəlirlərinin hara xərcləndiyini soruşmağa da çağırış edib...

– Düz deyir. “Millət-millət” bağıranın son məqsədi özünün və ətrafının cibini doldurmaqdır. Nə qədər çox “millət” bağırırlarsa, bir o qədər də xalqın cibinə girirlər. Çünki xalqın başı millət bağırtısı dinləməyə qarışır, amma əsas praktiki işlərdən xəbəri yoxdur. Dahi rus yazıçısı Mixail Saltıkov-Şedrinin məşhur bir kəlamı var. Deyir, axır vaxtlar millət bağırtıları nəsə yaman çoxalıb. Görünür, xeyli oğurlayıblar. Mənim yanımda kimsə “millət-millət” bağırırsa, tez əlimi cibimə salıram...


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər