27 Sentyabr 2017 11:42
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov və Serbiyanın xarici işlər naziri İvitsa Daçiç arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 20 ilin Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əlaqələrin davamlı inkişafı ilə əlamətdar olduğunu qeyd edib.

E.Məmmədyarov bu illər ərzində Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birilərini dəstəklədiklərini qeyd edib. Bu xüsusda, nazir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığın bildirib.

E.Məmmədyarov 2013-cü ilin 8 fevral tarixində iki ölkənin dövlət başçısı tərəfindən “Dostluq Münasibətləri və Strateji Əməkdaşlığa dair” bəyannamənin imzalanması ilə Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə keçdiyini vurğulayıb. Həmçinin, nazir sözügedən bəyannamənin Azərbaycan-Serbiya əməkdaşlığının daha da genişlənməsi üçün yeni perspektivlər yaradacağını bildirərək, orada müəyyənləşdirilmiş məqsədlərin gələcək illərdə də müvəffəqiyyətlə reallaşdırılacağından əminliyin ifadə edib.

Serbiyanın xarici işlər naziri İvitsa Daçiç E.Məmmədyarova ünvanladığı məktubunda ötən müddət ərzində qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin möhkəmləndirilməsi ilə yanaşı, iki ölkə arasında üzunmüddətli və sıx əməkdaşlıq üçün stabil əsas yaradıldığını bildirib. Bu xüsusda, nazir Serbiya və Azərbaycan arasında bərabərlik və qarşılıqlı inam prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlığın yüksək pilləsində inkişaf etməsindən məmnunluq bildirib.

İ.Daçiç birgə səylər nəticəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Sonda serbiyalı nazir Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə təşəkkür edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər