Azərbaycanlı fəallar İranın Güney Azərbaycana yönəlik ayrı-seçkilik siyasətinə etiraz əlaməti olaraq Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisi qarşısında aksiya keçirəcəklər.
Teleqraf.com xəbər verir ki, etiraz aksiyası BMT-nin Cenevrə ofisində keçiriləcək milli azlıqlar forumu zamanı baş tutacaq. Artıq azərbaycanlı fəallar aksiyanın keçirilməsi üçün İsveçrə hökumətindən rəsmi icazə də alıblar. Aksiya dekabrın 1-i, saat 13:00-dan 14:30-dək BMT-nin Cenevrə ofisinin binası önündə keçiriləcək.
Avropada yaşayan bütün azərbaycanlı fəallar və insan haqları müdafiəçiləri aksiyaya qatılmağa dəvət olunublar.
Aksiyada Urmu gölünü qurutmaq, ana dilində təhsillə bağlı konstitusiya maddələrini icra etməmək, azərbaycanlı mədəni fəallara təzyiq etmək və sair ayrı-seçkilik hallarına görə İrana hökumətinə etiraz ediləcək.
Türkmənsəhra İnsan Haqları Müdafiəçiləri və Qaşqay İnsan Haqları Müdafiəçiləri Komitəsi Cenevrədə keçiriləcək aksiyaya dəstək veriblər.