Acarıstan Muxtar Respublikasının geniş oxucu kütləsinə malik “Adjara PS” qəzetində “Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol” adlı məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, məqalənin müəllifi, Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixinə nəzər salır, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 25 ildə görülən işləri təhlil edir.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndiyi qeyd olunur. Bildirilir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və Gürcüstan rəhbərliyinin tədbirləri nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Müəllif, həmçinin ölkələrimizin beynəlxalq təşkilatlardakı əməkdaşlığından, regional enerji və infrastruktur layihələrindən geniş bəhs edir.