ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBİ) Rusiyanın kiber hücumlarına məruz qalan bir çox amerikalı rəsmiləri öncədən məlumatlandırmayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-da 2016-cı ildə keçirilən və Donald Trampın qələbə qazandığı prezident seçkilərinə Rusiyanın kiber hücumlar vasitəsi ilə müdaxilə etdiyi iddiaları ilə bağlı araşdırma hazırda ölkənin əsas gündəmini təşkil edir.
“Assoşieyted Press” agentliyi Rusiyanın kiber hücumları ilə bağlı yeni məlumat yayıb.
Xəbərə görə, Kremlə yaxın olduğu iddia edilən “Fancy Bear” adlı kiber qrupu 2015-ci ildə 80 ABŞ rəsmisini hədəfə alıb, ancaq FTB yalnız iki ABŞ rəsmisinə kiber hücum mövzusunda xəbərdarlıq edib.
Rusiyanın kiber hücumlarına məruz qaldırqlarını agentliyin xəbərindən sonra öyrəndiklərini dilə gətirən bəzi ABŞ rəsmiləri belə hücum və müdaxilələrin olacağını FTB-dən öyrənməli olduqlarını xatırladıblar.
Ciddi tənqidlərə məruz qalan FTB isə yazılı açıqlamaya yayaraq bəyan edib ki, potensial təhdid altında olan şəxslər və təşkilatlara xəbərdarlıq edilib.
Xatırladaq ki, ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə rusların kiber müdaxilə etdiyi iddiası üzrə başlanan “Rusiya işi” ABŞ Konqresinin müvafiq komitəsində və xüsusi prokuror Robert Müllerin ofisi tərəfindən araşdırılır.