28 Noyabr 2017 17:29
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda (DTİHB) bu gün keçirilən “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” seminarında çıxışında deyib.

A.Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” məruzəsi ilə çıxış edib, təşkilatın seçki müşahidə missiyasına dair təcrübəsini bölüşüb.

2005-ci ildə Parlament Assambleyasına qoşulmasından indiyə kimi müxtəlif ölkələrdə müşahidəçi olmaqla yanaşı, keçən il ATƏT PA-nın Monteneqroda və Makedoniyada keçirilən seçkiləri müşahidə edən nümayəndə heyətinə rəhbərlik etdiyini diqqətə çatdıran A.Quliyev bu yaxınlarda Qırğızıstanda seçki müşahidə missiyasında xüsusi koordinator vəzifəsini daşıdığını bildirib.

Azad və ədalətli seçkilərlə bağlı əsas prinsiplərə, qərarlara və öhdəliklərə toxunan vitse-prezident qeyd edib ki, 1990-cı il Kopenhagen Sənədi demokratik seçkilərlə bağlı ATƏT-in əsas sənədidir və bu sənəd təşkilata üzv ölkələrin prosesləri davamlı və ədalətli tətbiq etməsi üçün bütün öhdəlikləri özündə ehtiva edir. ATƏT-ə üzv dövlətlərin öhdəlikləri təşkilatın onların qarşısında qoyduğu öhdəliklərdən daha geniş sferanı əhatə edir və burada həmçinin, BMT-nin və Avropa Şurasının sənədləri ilə bağlı beynəlxalq hüquq çərçivəsində məsuliyyət də öz əksini tapır.

Qeyd edib ki, demokratik seçkilər müəyyən beynəlxalq təşkilatlara üzvlüyün şərtidir və tez-tez beynəlxalq ictimaiyyətdə hökumətlərin legitimləşdirilməsinə əsas kimi daha geniş xidmət göstərir: "Belə bir sıra beynəlxalq tənzimləmələrin olmasına baxmayaraq, bu prosesdə çətinliklər həmişə var. Biz ATƏT-in bir parçası olaraq bu çətinliklərin qarşısını necə ala bilərik? ATƏT bu istiqamətdə xalqların və hər hansı bir ölkənin qurumlarına daha yaxşı xidmət göstərməyə kömək edən bir sıra vasitələr hazırlayıb. Bunların arasında ATƏT-in müxtəlif ölkələrdə missiyalarını, etimadyaratma təcrübəsini təmin etməsini və ən əsası, seçki müşahidəsinin keçirilməsini göstərmək olar”.

Bildirilib ki, Parlament Assambleyası “inkişaf etmiş demokratik ölkələr” belə daxil olmaqla, bütün ölkələrin demokratik öhdəliklər daşıdığını göstərmək üçün öz qərəzsiz yanaşmasını nümayiş etdirən geniş səylər göstərib: "Uzun illərdir ki, Parlament Assambleyası bütün ölkələrdə – Vyanadan şərqdə və qərbdəki ölkələrdə seçki müşahidəsi ilə iştirak etmək üçün çalışır. Məsələn, ABŞ-da 2004-cü ildə, yaxud İngiltərədə və ya bu yaxınlarda Almaniyada keçirilən seçkilər. Biz, həmçinin mümkün olduğu zaman ATƏT-in tərəfdaş ölkələrində də seçkiləri müşahidə edirik. Buraya 2004-cü ildə Əlcəzairdə və ya 2011-ci ildə Tunisdə keçirilmiş seçkiləri misal göstərmək olar”.

O diqqətə çatdırıb ki, həm Parlament Assambleyası, həm də DTİHB seçki müşahidəsi ölkələrimizdəki demokratik praktikaları gücləndirməyə kömək etmək üçün effektiv bir vasitəyə çevrilib: “Seçki müşahidəsi demokratik strukturların saxlanılması və inkişaf etdirilməsində dəstək və yardım göstərmək üçün yaradılıb. Amma seçki müşahidəsi bütün problemlərin və çətinliklərin öhdəsindən gələn “müqəddəs piyalə” deyil. Yaxşı seçki müşahidəsi heç də mütləq şəkildə “yaxşı” demokratiyaya aparıb çıxarmayacaq. Biz bunu bəzi ölkələrdə seçki müşahidələri apararkən qarşılaşdığımız çətinliklərdən bilirik”.

Vitse-prezident həmçinin vurğulayıb ki, seçki müşahidəsinin qərəzsizliyini, azad və ədalətli seçkilərin demokratiyanın təməl daşı olduğunu qorumaq qarşıda duran çətinliklərdən biridir: "Seçki müşahidəsi əsasən bir ölkənin xalqı ilə həmrəylik nümayişidir və beynəlxalq ictimaiyyətin nümayəndələri olaraq ATƏT regionunun xalqlarını ən yüksək demokratik standartlara çatdırmaq üçün ölkələrimiz arasında bu əməkdaşlıq formasına ehtiyac var".

Etibarlı beynəlxalq seçki müşahidələrinə edilən hücumların hamı üçün narahatlıq doğurmalı olduğunu diqqətə çatdıran vitse-prezident əlavə edib ki, ATƏT çərçivəsində Kopenhagen Sənədində təsbit edilmiş proseslərlə, DTİHB-in böyük təcrübəsi ilə, həmçinin ATƏT Parlament Assambleyasının üzvləri tərəfindən gətirilmiş siyasi təcrübələrlə uğurlu işlər görülür: “Amma biz qüsursuz ola bilmərik, çünki bizim fəaliyyətimizə təsir göstərmək üçün müntəzəm olaraq yeni cəhdlər var. Biz hər zaman işimizi yaxşılaşdırmağın yollarını nəzərdən keçirməyə hazır olmalı və birgə qəbul edilmiş bütün sazişlər və öhdəliklərə sadiq qalmalıyıq”.

A.Quliyev seçki müşahidəsi prosesi ilə bağlı çətinliklərə toxunaraq bildirib ki, əgər məlumatlı bir cəmiyyətimiz yoxdursa, demokratiyada səylər qaçılmazdır: "Demokratik seçkilər olsa da, insanlarımızın məlumatları olmadığı təqdirdə hesabatlarımız hər zaman qeyri-kafi olacaq. Bu gün internet və sosial media informasiya axınının yaranmasında və yayılmasında böyük bir platforma rolunu oynayır, baxmayaraq ki, bu məlumatlar asanlıqla saxtalaşdırıla və sui-istifadə oluna bilər. Bu gün başqa bir çətinlik də demokratiya böhranı ilə necə mübarizə aparılacağı məsələsidir. Hökumətlərin formalaşmaması və zəif seçici fəallığı hər kəsə səs vermək üçün nəzərdə tutulmuş sistemə inamsızlığın artmasının əlamətləridir. Seçkilər zamanı administrativ orqanların pis işləməsi, seçki prosedurlarında qeyri-dəqiqliklər və ya uyğunsuzluqlar sistemə olan etimadı zəiflədir. Demokratiya və seçkilər xalqın seçki sisteminə olan inamından asılıdır. Məsələlər çox mürəkkəb vəziyyətə gələndə insanlar asan cavab axtarırlar. Bu, öz növbəsində, populizmə və qütbləşmənin artmasına səbəb olur ki, bu da bilavasitə bizim cəmiyyətləri demokratik inkişafdan geri salır. Bu çağırışın qarşısında qısamüddətli siyasi qazanc məqsədi güdməməli və diqqətimizi cəmiyyətlərimizin uzunmüddətli faydasına yönəltməliyik”.

Qeyd edək ki, tədbirə təşkilata üzv olan 57 ölkənin nümayəndə heyətləri, parlament assambleyalarının təmsilçiləri, seçki üzrə ekspertlər, seçki idarəetmə orqanları və komissiyalarının üzvləri, beynəlxalq təşkilatların, seçki monitorinqini həyata keçirən QHT-lərin təmsilçiləri qatılıblar. İştirakçılar seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqları, müasir texnologiyalardan istifadə olunmaqla, seçki prosesinin təkmilləşdirilməsini və digər məsələləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər