1 Dekabr 2017 10:11
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilir.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda iştirak edirlər.

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani konfransı açıq elan edib. O, Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı konfransda nitq söyləyir.

***

Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini qiymətli mexanizm hesab edir.

Bunu Prezident İlham Əliyev Bakıda "Asiyanın Qəlbi" - İstanbul Prosesinin VII nazirlər konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib ki, Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib. ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib: "Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".

Prezident İlham Əliyev qeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi ümumən regionda təhlükəsizliyə xidmət edəcək: "Biz Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinə də cavab verməliyik. Azərbaycan Əfqanıstanla təcrübəsini ikitərəfli müstəvidə də paylaşmağa hazırdır. Biz öz silahlı qüvvələrimiz, təlimlər vasitəsi ilə də Əfqanıstana dəstək oluruq".

***

Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstanın dünya bazarına çıxmasına, əfqan mallarının Avropa bazarlarına daha qısa yolla çıxmasına imkan verəcək.

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstan üçün müxtəlif imkanların yaradılmasından məmnundur:

"Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir. “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” tədbiri iki məsələ üzrə əməkdaşlığa xidmət edəcək. Biz inanırıq ki, Əfqanıstan regionda ticarət və nəqliyyat layihələrində mühüm rol oynayacaq. Əfqanıstanın 2018-2025-ci ildə qarşıya qoyduğu məqsədlərə çatacağına inanırıq. Biz Əfqanıstana töhfə verməyə hazırıq. Dost və qardaş Əfqanıstana firavan və xoşbəxt gələcək arzulayıram".

***

Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb".

Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

İstanbul prosesini dəstəkləyən dövlətlər olaraq, konfransda Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniya və Norveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edəcəklər.

Eyni zamanda, İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilatlar olaraq Avropa İttifaqı adından Estoniyanın xarici işlər naziri, NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Şurasının baş katibləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransının icraçı direktor müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin müavininin və digər beynəlxalq təsisatların təmsilçilərinin iştirakı da planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər