Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirilən sammiti bu təşkilatın Qərb dünyasına qarşı fəaliyyətdə olmasına dair Rusiyanın daha bir mesajıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, bu təşkilatın Şərqi Avropa və Cənubi Qafqaz üzrə fəaliyyəti daha çox diqqət çəkir:
“KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı mümkünsüz olsa da, Ermənistan rəhbərliyi bu təşkilatı nizamlanma prosesinə cəlb etməyə çalışır. Əsasən də çalışırlar ki, təşkilatda baş rolda olan Rusiya Azərbaycana təzyiqlərə rəvac versin. Ancaq digər KTMT üzvləri, xüsusilə Qazaxıstan, Belarus və Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə qəbul edir və münaqişədə KTMT-nin rolunu qəbuledilməz sayır”.
M.Əsədullazadə hazırda KTMT-nin baş katibinin milliyyətcə erməni olan Yuri Xaçaturov olduğunu xatırladıb:
“Erməni baş katibin və Rusiyanın iradəsi ilə Minsk sammitində Qarabağla bağlı qəbul edilən bəyanatda xalqların öz müqəddəratını həll etmə hüququnun qeyd edilməsi birbaşa Azərbaycanın ərazi bütövlüyünə yönəlik təxribatıdır. Biz bu təşkilatdan Azərbaycana münasibətdə hər hansı ədalətli qərar gözləməməliyik. Çünki bu təşkilat Ermənistanın Cənubi Qafqazda əsas müdafiəçisi və daim Azərbaycana qarşı Ermənistan tərəfindən hərbi-siyasi təxribatlara çəkilən bir təşkilatdır”.
Analitik bir neçə gün öncə Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində üzv dövlətlərin ərazi bütövlüyünün birmənalı olaraq dəstəklənməsinin Ermənistanı ciddi surətdə narahat etdiyini vurğulayıb:
“Ona görə də indi ermənilər bu təşkilat vasitəsilə guya bizə cavab verirlər. Ancaq KTMT-nin qəbul etdiyi sənədlər dünya birliyi tərəfindən hüquqi əsas kimi qəbul edilmir. Bu baxımdan hazırkı sənədin də heç bir hüquqi əsası yoxdur”.