ABŞ-da başlanan və daha çox Türkiyəni hədəf götürən Rza Zərrabla bağlı məhkəmə prosesi əslində qurama işdir. Rza Zərrabı işə salıblar və məcbur edirlər ki, Türkiyə əleyhinə fikirlər ifadə etsin. Zərrab da bunu edir.
Bu fikirləri Teleqraf.com-a Prezident Administrasiyasının sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədov ABŞ-da başlanan Rza Zərrab məhkəməsi və bunun Türkiyəyə mümkün təsirlərini şərh edərkən deyib.
Müsahibimiz bildirib ki, Rza Zərrab məsələsi və anti-Türkiyə mövqeyi qardaş ölkəni qıcıqlandırır:
“Türkiyədə Rza Zərraba qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Mənə elə gəlir ki, Zərrabın özü təmiz adam deyil. Yəqin ki, səhvi və qaranlıq fəliyyəti var ki, gedib Vaşinqtonda ilişib”.
Professor qeyd edib ki, Rza Zərrab işinin Türkiyəyə hansısa ziyan gətirəcəyini düşünmür:
“Türkiyə özü Zərrabdan imtina edir, onun əmlakını müsadirə etmək istəyir. Bununla da kitab bağlanacaq. Nəzərə almaq lazımdır ki, Zərrab özü iranlıdır. Onun İrana qarşı xeyirxah işləri haradasa başadüşüləndir. Məncə, məsələni şişirtməyə ehtiyac yoxdur. Çünki bu, effekt verməyəcək. Digər tərəfdən inanmıram ki, buna görə ABŞ-Türkiyə münasibətləri gərginləşsin. Rza Zərrab fiziki şəxs kimi dövlət münasibətlərinin pisləşməsinə təsir göstərməməlidir. Onsuz da bu münasibətlər qəlizdir. Hesab edirəm ki, ABŞ-Türkiyə arasında bu gün Yaxın Şərqlə bağlı anlaşma yoxdur. Ona görə də münasibətlər gərginləşmə istiqamətində davam edir”.
Mütəxəssis ABŞ-ın Tel-Əviv səfirliyinin Qüdsə köçürülməsi haqda qərarının Yaxın Şərqin “qızması”na gətirib çıxaracağını düşünür:
“Onsuz da indi Yaxın Şərqdə stabil vəziyyətdən danışmağa dəyməz. Bu qərar həm də onu göstərir ki, Vaşinqtonun Yaxın Şərq siyasəti iflasa uğrayıb, işləmir. ABŞ zamanında Yaxın Şərqi öz siyasəti ilə yaxşı idarə edirdi. Amma bu gün ABŞ-ın Yaxın Şərq siyasəti iflas edib. Ərəb-Amerika münasibətlərini gərginləşdirməklə Vaşinqton heç nə əldə etməyəcək. İndi artıq görünən odur ki, Suriyada Rusiya qalib tərəf kimi ortaya çıxıb”.
Rüstəm Məmmədov hesab edir ki, Yəməndə baş verənlər əslində Suriya prosesinin bir qoludur:
“Bunlar ayrı-ayrı məsələ deyil. Məncə, bəzi dövlətlər Suriyadan sonra Yəmənə girişəcək. Ankara Yəmən prosesinə girişmək istəmir, ancaq Suriyada öz haqqını tələb edir. Çünki zamanında Suriya Osmanlı İmperiyasının tərkib hissəsi olub. Türkiyə də çalışır ki, Yaxın Şərqdə imperiya imkanlarını bərpa etsin”.