12 Dekabr 2017 17:45
2 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hakimiyyət uğrunda siyasi mübarizəyə qoşulan və son günlər beynəlxalq medianın gündəminə gələn Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Azərbaycan müxalifətini iki hissəyə bölüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın ənənəvi müxalifət nümayəndələri Saakaşviliyə görə, sosial şəbəkədə bir-birini qınayır və tənqid edir. Bəzi müxalifətçilər Saakaşvilinin addımlarını müdafiə edir, digərləri isə onu populist adlandırır.

Hüquqşünas Rəşid Hacılının Feysbukda “Mixail Saakaşvilini məsxərəyə qoymaq Azərbaycan müxalifətçilərinin hansı ehtiyaclarından doğur, görəsən” sualından sonra əsl qarşıdurma yaranıb.

Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqlı isə Rəşid Hacılıya etiraz edib:

“Əvvəla, sualı düz qoymamısınız. Müşahidələrimə görə, müxalifətçilərin əksəriyyəti Saakaşviliyə azarkeşlik edir. Özü də bəzi hallarda çox fanatik şəkildə. Az-çox hörmətimiz olmasaydı, bəlkə də Saakaşviliyə görə bizi söyərdilər.

İkincisi, Saakaşvili Gürcüstanda özünün bütün tənqidçilərini "rus agenti" çıxarandan ona antipatiyam yaranıb və get-gedə başqa əməllərə görə daha da dərinləşib. Yəni mən onu demokratiya etalonundan çox uzaq sayıram. Digər tərəfdən, 2 dəfə prezidenti olduğu ölkənin vətəndaşlığından imtina etməsini ümumiyyətlə, biabırçılıq hesab edirəm.
Üçüncüsü, onun üsulları ürəyimcə deyil. Populist, şivənçi hesab edirəm. Məsələn, son dama çıxmağını götürək. 99% məlum idi ki, məhkəmə onun haqqında qeyri-həbs qəti imkan tədbiri seçəcək. O zaman dalınca gestapo gəlmiş kimi o teatra nə ehtiyac vardı? Kimsə deyə bilər ki, siyasətdir, reytinq yığır. Bəlkə də haqlıdır. Amma mənim bəyəndiyim üsul deyil.
Nəhayət, dördüncüsü, əgər bu addımlar növbəti siyasi böhrana səbəb olacaqsa, Ukraynaya ciddi ziyan vuracaq. Yox, yuxarıda yazdığım kimi, Yuşşenkodan sonra Yanukoviçin gəlməsi kimi ssenarinin qarşısını almaq üçün nəzərdə tutulan oyundursa, başqa məsələ. Amma bu halda da Saakaşviliyə rəğbətim artmır”.

“Müsavat”ın digər funksioneri Səxavət Soltan da Rəşid Hacılıya etiraz edib:

“Saakaşvilini yalnız sevmək olar? Tərifləyib, şəninə mahnılar qoşmaq olar? Onun pis hərəkətlərini, səhv hərəkətlərini demək olmaz?
Saakaşvili öz ölkəsinə həbs olunmaq qorxusundan geri dönmədi, partiyası dağıldı, bir ölkənin prezidenti olmuş şəxsin başqa ölkədə icra hakimi vəzifəsində çalışması, hüququ olmaya-olmaya hakimiyyət uğrunda mübarizəyə başlamasına istehza da etmək olmaz? Sizin kimi mən də əks sual verə bilərəm, amma vermirəm, insanların fərqli fikirləri var, fərqli düşünənlər var, hər kəs düşündüyünü, doğru bildiyini ifadə edə bilər”.

Politoloq Hikmət Hacızadə isə bildirib ki, Saakaşvilini paxıllıqdan tənqid edirlər. Onun fikrincə, Gürcüstanın sabiq prezidenti XXI əsrin qəhrəmanıdır.

Şair Mirzə Sakit isə Müsavat Partiyası nümayəndələrinə ironik suallar verib, Saakaşvilini Rüstəm İbrahimbəyovla müqayisə etməməyi məsləhət görüb.


Müəllif: Cavad

Oxşar xəbərlər