14:30
Prezident İlham Əliyev bu gün “IBM Global Market” şirkətinin baş vitse-prezidenti Erik Klementini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini deyib. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğulayıb.
Dövlətimizin başçısı IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd edib. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu deyib. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlətimizin başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirib. Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
***
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri də qəbul edib.
Söhbət zamanı Prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlanıb.
Görüşdə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirildi, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edilib.
Görüşdə, həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurlu inkişaf etdiyi vurğulanıb.