Teleqraf.com 1990-cı ilin 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovla müsahibəni təqdim edir.
- 20 Yanvar faciəsinin növbəti il dönümü gəlir. Bu haqda nə deyə bilərsiniz?
- Biz bu haqda dəfələrlə danışmışıq.
- O zaman siz ölkənin baş naziri idiniz. Bakıya ordunun daxil olacağı haqda xəbəriniz var idimi?
- Bilirsinizmi, o dövr başqa idi və biz konkret olaraq heç nə gözləyə bilmirdik, çaş-baş qalmışdıq. Birinci növbədə məsələ Qarabağla bağlı idi. 20 Yanvar hadisələri də Qarabağ faktorundan doğurdu. Bunun üzərindən neçə illər keçib və biz o dövrə baxanda görürük ki, böyük səhvlərə yol verilib. O zaman Moskva ilə mübarizə aparmaq məqsədəuyğun deyildi. Bizi bu yola itələdilər. Mən o zamanda insanları dəvət edib deyirdim ki, dözməliyik, emosiyalara qapılmalı deyilik. Şübhəsiz ki, təkcə ortada Qarabağ məsələsi deyildi. Üstəlik yenidənqurma prosesi, başqa amillər də vardı. Ölkədə dağılırdı. Biz ehtiyatlı hərəkət etməli idik, amma əfsuslar olsun ki, buna iradəmiz çatmadı.
- Siz o zaman hökumətin üzvü idiniz və baş nazir kimi böyük səlahiyyətlərə malik idiniz...
- Mən hökumətin üzvü, baş nazir olaraq siyasətlə məşğul deyildim. Qarabağ məsələsi və siyasət sırf Mərkəzi Komitənin işi idi. Mənsə əsasən, iqtisadiyyatla məşğul olurdum.
- Moskvadan bura gələn xüsusi komissiyanın üzvləri ilə təmaslarda siz iştirak etmirdiniz?
- Görüşlərimiz olurdu. Sadəcə, mən bu haqda danışmaq istəmirəm. Onlarla görüşlər zamanı sözümü deyirdim, onları ehtiyatlı davranmağa dəvət edirdim. Əfsuslar olsun ki, üst-üstə hadisələr baş verirdi və ehtiyatlı davranmaq yolu seçilmədi.
- Deməli, Moskvadan gələnlər sizinlə məsləhətləşirmiş...
- Qarabağ məsələsi Mərkəzi Komitənin işi idi. Bununla onlar məşğul olurdu. Mənə sual və ya tapşırıq verəndə öz sözümü deyirdim. Mən hətta o zaman siyasətə yeni gələnlərə deyirdim ki, tələsməyin, nə qədər incikliyimiz olsa da, elə davranmalıyıq ki, ehtiyatı əlimizdən buraxmayaq. Ermənilər də çalışırdı ki, biz çaş-baş qalaq, Moskva ilə ədavət içində olaq. Bu amildən də istifadə edirdilər.
- Moskvadan gələnlər baş nazir kimi sizinlə məsləhətləşmə aparırdılarmı?
- Yox. 20 Yanvar hadisələrinin ərəfəsində və gedişatında Moskva özü prosesləri idarə edirdi. Bura komissiya göndərmişdi. Əlbəttə, Moskvanın bu işlərdə əli var idi. Bizim inzibati orqanların isə əli çatmırdı. Moskvadan xüsusi birqada gəlirdi və bütün məsələləri özləri həll edirdi. Mən şəxsən öz sözümü deyirdim, ancaq işlər məndən asılı deyildi. Əslində heç Mərkəzi Komitənin özündən də çox şey asılı olmurdu. Çünki sonda qərarı verənlər Moskvadan gələnlər olurdu. Nəzərə almaq lazımdır ki, o zaman biz Moskvanın tabeliyində və SSRİ-nin tərkibində idik.
- Siz nə zaman Bakıya ordunun daxil olduğunu və insanları gülləbaran etdiyi haqda xəbər aldınız və bu xəbərdən sonra hansı addımlar atdınız?
- Mən bu xəbəri aldıqdan dərhal sonra SSRİ-nin Baş naziri Rıjkova zəng etdim. Yanımda bəzi şəxslər də var idi. Danışığımızı onlar da eşidirdi. Mən qoşunların Bakıya yeridilməsinə qəti etirazımı bildirdim. İki dəfə telefon danışığım oldu. Sonra Yazovun özü ilə də danışdım. Amma onlar yekdil olaraq deyirdilər ki, siz idarəçiliyi itirmisiniz, yaranan vəziyyətin öhdəsindən gələ bilmirsiniz. Primakovun üzünə dedim ki, vəziyyətə və idarəetməyə nəzarəti biz deyil, siz itirmisiniz.
- Siz bu xəbəri alan kimi Mərkəzi Komitənin birinci katibi və köməkçiləri ilə əlaqə saxlamadınızmı?
- Bilirsinizmi, bu adi məsələ deyildi. Ölkədəki vəziyyət son dərəcə mürəkkəb idi. Bir qrup bəyan edirdi ki, müstəqillik uğrunda mübarizə aparır, başqa qrup başqa fikir deyirdi. Bir qrup şəxslər də hakimiyyət uğrunda mübarizə aparmaq haqda düşünürdü. Mən müxalifət adından yeni ortaya çıxanları nəzərdə tuturam. O biri tərəfdə də Qarabağ problemi mövcud idi. Bir sözlə, ölkədə mürəkkəb vəziyyət yaranmışdı. Mən də deyirdim ki, gəlin, hamımız mövqemizi mərkəzləşdirək və birgə mövqedən çıxış edək. Yoxsa, siz elə deyirsiniz ki, kommunist sistemi rədd olsun. Onsuz da kommunist sistemini birinci rədd edən Qorbaçov idi. Bu halda siz hara girişirsiniz? İkincisi, Qarabağ məsələsi ortaya çıxandan sonra kim sizə ixtiyar verir ki, özünüzün haqlı, hakimiyyətdə olan kommunistlərin haqsız olduğunu bəyan edəsiniz? Dəfələrlə Qorbaçov özü açıq bəyan edirdi ki, çox şeyi edə bilməsə də, bir şeydən razıdır: SSRİ-də kommunist sistemini məhv edib...
- Azərbaycan Mərkəzi Komitənin birinci katibi Əbdülrəhman Vəzirovun ölkədən getməsi haqda xəbəri nə zaman aldınız?
- Səhv etmirəmsə, bunu yanvarın 19-u gecə bildik. Mən bilmirdim bu haqda. Mən bu xəbəri alanda sən demə, Vəzirov artıq Moskvada imiş.
- Bəs Vəzirov ölkədən necə getmişdi?
- Mən bunu deyə bilmərəm. Ancaq mən xəbər aldıqda artıq Vəzirov Moskvada idi.
- Vəzirovdan sonra birinci katib siz oldunuz. Məntiqlə Vəzirovun necə getdiyini bilməlisiniz...
- Yox. Mən bilmirəm. Bilsəydim deyərdim. Ancaq doğurdan bilmirdim. Üstəlik bu məsələ həmin vaxt mənim səlahiyyətimə aid iş də deyildi. Vəzirov kiminlə danışıb, necə gedib, özü bilir. Mən özüm heç vaxt ondan Bakını necə tərk etdiyini soruşmamışam. Amma faktiki olaraq respublikaya idarəetmə itmişdi.
- Bəs necə oldu ki, 20 Yanvar faciəsindən sonra Ayaz Mütəllibov Mərkəzi Komitənin birinci katibi oldu? Bu sizin şəxsi iradənizlə baş verdi?
- Bu mənim iradəm deyildi. Bu, Mərkəzi Komitənin Siyasi Büro üzvlərinin təklifi idi. Onlar təklif etdilər və mən razılığımı verim. Özü də dərhal razılıq vermədim. Onlar dedilər ki, siz bir kommunist olaraq məsuliyyət daşıyırsınız, adi adam deyilsiniz və biz təklif edirik ki, razılıq verəsiz. Mən də qəti razılıq vermədim. Üstəlik Siyasi Büro iclasının gedişatında seçki komissiyasının tərkibini müəyyən etdilər və fasilə elan olundu. Büro və Mərkəzi Komitə üzvləri də bir-birilə məsləhətlər edirdilər. Mən də öz-özümə düşündüm ki, sən bu bərbad halda olan kommunist partiyasının nəyini düzəldə bilərsən.
- Söhbət 24 yanvardan gedir...
- Bəli. Düşündüm ki, respubikada idarəetmə sıfır vəziyyətindədir, problemlər çoxdur. Fasilə zamanı ikinci katib olan Polyaniçkonu yanıma dəvət etdim və dedim ki, Mərkəzi Komitə və Siyasi Bürö üzvlərinə deyiləcək sözlərim var. Xahiş etdim ki, onları zala toplasınlar. Polyaniçko əvvəl etiraz etdi, dedi iclası keçirdik, heç kim etiraz etmədi və s. Mən də dedim ki, biz islahatlar aparırıq, demokratiyanın şərtlərinə əsasən mənə alternativ namizəd də olmalıdır. Beləcə, zalda çıxış etdim, dedim ki, burada çoxsaylı təkliflər irəli sürüldü, müzakirələr aparıldı. Təkliflər zamanı mənim və Həsən Həsənovun adı çəkilirdi. Dedim ki, Həsən Həsənovun da adı çəkilib, seçim yolu ilə məsələ səsverməyə qoyulsun. Bu zaman zalda əyləşənlər mənim könüllü addımımı alqışladı. Mən açıq bəyan etdim ki, alternativsiz seçkilərə razılıq vermirəm. Bu mənim şərtim idi. Seçki zamanı mən daha çox səs topladım.
- Moskvanın bu məsələyə münasibəti necə idi, seçkidən əvvəl sizinlə əlaqə qurulmuş və namizədliyiniz dəstəklənmişdimi?
- Moskvadan gələnlərin öz tapşırıqları var idi. Biz onları nəzarətdə saxlaya bilməzdik. İndi biz müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Amma o zaman Azərbaycan müstəqil deyildi və Kremlə tabe idi. Bunu inkar etmək olmaz. Bəziləri danışanda indiki vəziyyətdən istifadə edərək tarixi, keçmişi unudurlar. Təsəvvür edin ki, Kremli bizdən ermənilərin adını çəkməmyi, onları hiddətləndirməməyi istəyirdi. Deyirdilər ki, adlarını çəkib məsələni daha da gərginləşdirməyin. Mən özüm belə deyənlərə misallar çəkirdim, bildirirdim ki, konstitusiyanın bərpası məsələsində ikinci və üçüncü dərəcəli şəxslər yoxdur, hamımız məsuliyyət daşıyırıq. Yəni mən sözümü deyirdim. Hətta o zaman Moskvadan gələnlərdən biri Vəzirovun otağında əlini pəncərəyə göstərib soruşdu ki, siz nə düşünürsünüz? Mən də pəncərəni göstərib meydanda gedən mitinqə işarə edərək bildirdim ki, xalq nə tələb edir? Xalq istefa istəyirsə, biz buna əməl etməliyik və ya xalqı narazı salan məsələləri həll etməliyik. Amma siz nə onu edirsiniz, nə də bunu. Həmin komissiya üzvü də fikrimlə razı olmayıb dedi ki, bir mitinqlə hakimiyyəti dəyişə bilmərik. Mən də ona bildirdim ki, hakimiyyəti dəyişmirsiniz, məcburiyyət qarşısında xalqın tələblərinin nə olduğunu eşitməlisiniz. Tələblərin də əsasını Qarabağ məsələsi təşkil edir. Bu problemi də həll etməlisiniz.
- Necə oldu ki, Kreml məhz sizin namizədliyinizə müsbət yanaşdı?
- Həmin dövrdə mən ölkənin baş naziri idim. Moskvanın da bütün respublikalarda kimin kim olduğu haqda geniş informasiyası var idi. Onlar bilirdi ki, baş nazir vəzifəsində əyləşən Mütəllibov necə şəxsdir, hansı nüfuza malikdir, idarəetmədə insanlar ona necə hörmətlə yanaşır və s. Moskvada hər şeyi yaxşı bilirdilər. Mən də dəqiq bilirdim ki, Qarabağ məsələsini kənara ataraq başqa işlərlə məşğul olacaq şəxs deyiləm. Çünki hara gedirdimsə xalq deyirdi ki, biz hər şeyə dözərik, lap ac da qalarıq, amma Qarabağ məsələsinin həlli vacibdir və xahiş edirik ki, bu haqda tədbirlər görün. Mən yüz dəfələrlə bu söhbətlərin şahidi olmuşam.
- 20 Yanvar faciəsindən sonra hakimiyyətə siz gəldiniz, Azərbaycan Xalq Cəbhəsi gücləndi və Azərbaycanda Kremlin nüfuzu sıfıra düşdü. Sizə görə, 20 Yanvar faciəsinin əsas günahkarı kimdir?
- Cavan şəxsləri hərbi hissə qarşısına kim göndərmişdi?
- Siz, Salyanski Kazarmanın qarşısını nəzərdə tutursunuz və insanları ora AXC-nin göndərdiyini düşünürsünüz?
- Bəli. Cavan insanları ora mən göndərməmişəm, siz göndərməmisiniz və bizim səviyyədə olan şəxslər də göndərməyib. Bunu edən Xalq Cəbhəsi olub. O zaman Bakıda vəziyyət bizdən asılı deyildi. Qarşıdurmanın bir tərəfi Xalq Cəbhəsi, digər tərəfi isə Moskva idi. Biz faktiki olaraq bu iki tərəfin arasında qalmışdıq. Yanvarın 19-da Bakıdakı bütün inzibati orqanlar iflas etmişdi. Mərkəzi Komitə, Bakı Partiya Komitəsi, ümumilikdə idarəetmə sistemi böyrü üstə qalmışdı, faktiki hakimiyyət yox idi.
- Yəni Kremlin 20 Yanvar hadisələrində günahı yox idi?
- Kremlin günahı daha çox idi. Bunların hamısı Qorbaçovun ucbatından ortaya çıxmışdı. SSRİ kimi qüdrətli, nüvə silahına malik olan dövlət bir qrup adamın öhdəsindən gəlmədi. Bu nə deməkdir, kimdir burada günahkar? Siz təsəvvür edərdinizmi ki, ölkə dünən adlarını siyasətçi qoyan adamların öhdəsində qalacaq? Qorbaçovun işidir və onun özü də deyib ki, günahkardır. Mən Qorbaçovla təklikdə söhbət edəndə ona sual verdim ki, bizdən nə istəyirsiniz, məqsədiniz bizi SSRİ-nin tərkibindən çıxarmaqdırsa, xalqımın günahı nədir? O da mənə dedi ki, bilirəm vəziyyətiniz çox ağırdır, amma mənim vəziyyətim sizinkindən də gərgindir. Dedim, iqtidar sahibi sizsiniz, barmağınızı vurun masaya və deyin ki, sizinlə belə danışmamışdım.
- 20 Yanvar hadisələrinə görə Azərbaycanda hakimiyyətdə olan kommunistlərin günahı nədən ibarət idi?
- Qarabağ olan yerdə heç kim bu vəzifənin öhdəsindən gələ bilməzdi. Hamı deyirdi ki, Qarabağ məsələsini həll elə. Bu da bizim əlimzdə deyil, Moskvanın əlində idi. Bizim siyasətə gələn və hakimiyyət uğrunda mübarizəyə girişən müxalifətçilər də anlamırdılar ki, ermənilərin geniş əlaqələri var. Fransada, Amerikada mediaya tam nəzarət edirdilər, SSRİ-də belə müəyyən imkanlara sahib idilər. Beləcə onlar ölkə daxilində yaranan durumdan məharətlə istifadə edirdilər.