14 Yanvar 2018 09:15
2 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Yaxın Şərqdə siyasi proseslərə təsir edə biləcək daha bir hadisə baş verdi.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yairin yəhudi iş adamı və maqnatı Kobi Maimonun oğlu Nir ilə 2015-ci ildə striptiz klubda səs yazısının yayılmasını şərh edən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov bildirib.

Qeyd edək ki, səs yazısında B.Netanyahunun oğlu Nirə deyir ki, “mənim atam sənin atana 20 milyard verib, sən isə mənimlə 400 şekelin söhbətini edirsən”.

Səs yazısında bundan başqa tərəflər arasında yüngül əxlaqlı qadınlardan, müxtəlif əyləncələrdən və başqa mövzulardan söhbət açılır.

F.Çıraqov qeyd edib ki, səs yazısının indi yayılması heç də təsadüfi deyil, bunun daxili və xarici səbəbləri var:

“Bu səs yazısının yayılması Netanyahunun ölkə daxilində onsuz da mürəkkəb olan vəziyyətini ağırlaşdırırdı, qarşıdakı aylarda bunun təsirlərini görəcəyik. Ötən dövrdə Netanyahuya qarşı korrupsiya ilə bağlı polis tərəfindən 3 məsələ üzrə ayrıca istintaq aparılmışdı. İstintaqın biri yekunlaşıb və onun nəticəsində Netanyahunun yaxın çevrəsində olan adamlar, keçmiş nazirlər, nüfuzlu komando dəstəsinin komandiri olan general və hətta qohumu da həbs edilib.

Bu, Almaniyadan sualtı qayıqların alınması prosesində yol verilən korrupsiya əməli ilə bağlı idi. İndi davam edən iki ayrı məsələ ilə bağlı istintaq Netanyahunu daha da sıxmaqadadır. Bu məqamda oğlunun 2015-ci ilə aid səs yazısı yayılır. Təsadüfdürmü?”

F.Çıraqovun sözlərinə görə, B.Netanyahu İsrail tarixində yeganə şəxsdir ki, üç dəfə ardıcıl seçkilərlə hakimiyyətdə qala bilib, ümumilikdə 4 dəfə seçilməklə David Ben-Qurionun rekorduna çatıb:

“2015-ci il seçkiləri zamanı Barak Obama administrasiyası əlindən gələni etdi ki, Netanyahunu hakimiyyətdən uzaqlaşdırsın, ancaq alınmadı. Bu o zaman ABŞ-İsrail münasibətlərinin daha da korlanmasının səbəblərindən biri oldu. 2015-ci il mart seçkiləri ərəfəsində İsrailin və dünyanın bütün liberal mətbuatı bayram edirdi. Çünki bütün sosioloji sorğular Netanyahu dövrünün bitdiyini göstərirdi. Təkcə “Wall Street Journal” qəzetində bir məqalədə göstərildi ki, bir az səbirli olun, sevinməyə tələsməyin, Netanyahu əvvəllər iki dəfə sosioloji sorğuların nəticələrinin əleyhinə sürpriz edə bilib. Elə də oldu. Netanyahuya qarşı istər daxildən, istərsə də xaricdən böyük təzyiqlər nəticə vermədi”.

Ekspert qeyd edib ki, B.Obama administrasiyasının B.Netanyahu ilə əsas nifaq mövzusu İranla imzalanan nüvə sazişi idi:

“Netanyahu hər vəchlə bunun əleyhinə idi və onu pozmağa çalışırdı. Baş nazirə hətta ölkənin təhlükəsizlik və ordu sisteminin elitasını təşkil edən 120-ə yaxın general, admiral və kəşfiyyatçının İranla nüvə sazişini dəstəkləyən açıq məktubu da oldu. Seçkilərlə Netanyahunu hakimiyyətdən uzaqlaşdıra bilimədikdən sonra ona qarşı az öncə qeyd etdiyim cinayət işləri qaldırıldı”.

F.Çıraqovun fikrincə, istintaq prosesi və B.Netanyahunun oğlunun səs yazısı kimi kompromatların dövriyyəyə buraxılması öz məntiqi nəticəsinə baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxarsa, bu, region üçün də çox maraqlı nəticələr doğuracaq:

“Əgər Netanyahudan sonra hakimiyyətə Tzipi Livni-İsaak Herzoq liberal-sol qüvvələr gələrsə, onlar açıq-aşkar Trampla yola getməyəcək. Münasibətlər Obama administrasiyası dövründəki kimi, sadəcə bu dəfə rollar dəyişmiş olar. Ən çox udan isə təbii ki, İran olacaq, həmin qüvvələr birmənalı şəkildə İranla gərginliyi aşağı salarlar və İsrail şərti Tramp-Səudiyyə-İsrail üçlüyündən uzaqlaşar.

Şəxsi qənaətimə görə, Netanyahunun oğlu ilə kompromatın məhz Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra təsadüf etməsi arasında məntiqi əlaqə var. İsrailin daxili siyasəti müəyyən mənada ABŞ-ın daxili siyasətinin bir qoludur. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını ABŞ yəhudiləri deyil, xristian fundamentalist, xristian sionist, yevangelistlər dəstəkləyirdi. Trampın Qüds qərarına qarşı ən çox elə ABŞ-ın yəhudiləri çıxdılar. ABŞ-da yəhudilər daha çox Demokratlar Partiyasına səs verirlər, onlar daha çox liberaldı, İsrail Dövlətinə ən çox dəstəyi isə həmin yevangelistlər verir. Burda incə dini tarixi narrativ izahlar və səbəblər var, fərqli, geniş mövzudu. Ancaq bunları bilmək lazımdır. Dediyim kimi, ABŞ-da heç də hamı Trampın bu qərarından razı deyildi, son BMT səsverməsi Vaşinqtonu dünyada təklədi, ölkənin qlobal prestiji üçün ciddi zərbə oldu. İndi həmin qüvvələrin Trampa qarşı qurşaqdan aşağı ən yaxşı zərbəsi Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması ola bilər – Obamanın bacarmadığı işi bitirmək. Təsəvvür edin Tramp deyir, Qüdsü paytaxt kimi tanıyıram, İsraildə hakimiyyətə gələn qüvvələr deyir, xahiş edirik, mane olmayın özümüz razılaşacağıq. Əlbəttə, bu çox sadələşdirilmiş nəticədi. Hələ Netanyahunun bu istintaqlardan, ittihamlardan və hücumlardan necə çıxacağını, nə cavab verəcəyini bilmirik, Netanyahu getsə belə yerinə kim gələcək onu da dəqiq bilmirik”.


Müəllif: Səxavət

Oxşar xəbərlər