Yanvarın 17-də Sol Respublika Partiyasından (Esquerra Republicana de Catalunya-ERC) olan deputat Roje Turren Kataloniya parlamentinin yeni sədri seçilib.
R.Turrenin namizədliyini 65 deputat, onun rəqibini – mərkəzçi Vətəndaşlar Partiyasından olan Xose Mariya Espeho-Saavedranı isə 56 deputat dəstəkləyib. Hazırda həbsdə olan Kataloniya siyasətçiləri də səsvermədə iştirak ediblər. Onlar öz səsvermə hüquqlarını iclasda iştirak edən parlament üzvlərinə veriblər.
Qeyd edək ki, R.Turrenin təmsil etdiyi ERC Partiyası müstəqillik tərəfdarı kimi tanınır. Bu baxımdan seçki sonrası təbii olaraq bir sual aktuallığını qorumaqdadır; Kataloniyada hadisələr bundan sonra necə cərəyan edəcək?
Bu istiqamətdə fikirlərini Teleqraf.com-la bölüşən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Turan Rzayev bildirib ki, Kataloniya Muxtariyyəti 2017-ci il oktyabrın 1-də regionu İspaniyadan ayırmaqla bağlı qanunsuz referendum keçirdi və referendumun nəticəsinə uyğun olaraq bölgə parlamenti oktyabrın 27-də birtərəfli qaydada Kataloniyanın müstəqilliyini elan etdi:
“Lakin proseslər heç də onların arzu etdikləri istiqamətdə cərəyan etmədi. Mərkəzi hökumət İspaniya Senatının razılığı ilə Konstitusiyanın 155-ci maddəsini tətbiq edərək yerli hökumət və parlamenti ləğv etdi və 21 dekabr 2017-ci il tarixində erkən seçkilər elan etdi. Bundan əlavə, katalon hökumətinin bəzi üzvləri dövlətə qarşı çıxmaq, qiyam və sair ittihamlarla həbs edildilər. Muxtariyyətin keçmiş rəhbəri Karles Puçdemon isə 4 nazirlə birgə Belçikaya qaçdı”.
T.Rzayevin sözlərinə görə, budəfəki seçkilərdə diqqət çəkən məqamlardan biri keçmiş hökumət rəhbəri K.Puçdemonun Brüsseldə onunla birgə olan millət vəkilləri də daxil olmaqla, səsvermədə iştirak etməməsi olub:
“Düzdür, İspaniya hökuməti öncədən xəbərdarlıq etmişdi ki, Belçikaya sığınan Karles Puçdemon və millət vəkilləri səsverməyə qatılsalar, Madrid səsvermənin legitimliyini tanımayacaq. Lakin mən düşünürəm ki, bu hazırkı Kataloniya hökumətinin sabiq hökumət başçısı ilə ortaq razılaşmasıdır. Nəticə etibarilə seçkilərdə qələbə qazanan yeni namizəd Roje Turren və mənsub olduğu ERC Partiyası da müstəqillik tərəfdarıdır”.
T.Rzayevin fikrincə, seçki sonrası bir sıra başqa məqamlar da diqqət çəkib:
“Parlamentin vitse-spikeri və ənənəyə uyğun olaraq ilk iclası aparan ən yaşlı deputat Ernest Maraqay səsvermənin nəticələrini izah edərək bildirib ki, ilk dəfə belə səsvermə prosesi keçirilir. İlk iclasda bir çox önəmli şəxslərin olmadığını qeyd edən Ernest Maraqay başda sabiq hökumət rəhbəri Karles Puçdemon və həbsdəki bir sıra şəxslərə işarə edərək narazılığını bildirib. Bu bəyanat Kataloniya Muxtariyyəti ilə rəsmi Madrid arasında gərginliyin olduğunu göstərir.
Parlamentin ilk sessiyasında bir məqam da diqqət çəkdi. İclasda Karles Puçdemonun və həbsdə olan deputatların boş qalmış yerləri separatçıların simvolu olan sarı lentlə bəzədilmişdi”.
T.Rzayev onu da bildirib ki, R.Turren bu ayın sonunadək yeni hökuməti qurulacağına söz verib:
“Separatçı partiyalar Karles Puçdemonu hələ də hökumət rəhbəri kimi görürlər. Seçkidən öncə təklif olunmuşdu ki, parlamentdə Puçdemonun hökumət rəhbəri postuna bərpası təsdiqlənsin. Ölkəyə qayıtsa həbs edilməsi labüd olan Puçdemona videobağlantı ilə hökumət rəhbəri kimi and içmək təklif olunmuşdu. Ancaq rəsmi Madrid bunu çox sərt qarşıladı. İspaniyanın Baş naziri Mariano Raxoy bunun mümkün olmadığını bildirdi. Baş nazir belə olacağı təqdirdə, növbəti seçkilərin legitimliyinin də tanınmayacağını açıqladı. Görünür, rəsmi Madrid Karles Puçdemondan hələ də ehtiyat edir. Bu səsvermə bir daha göstərdi ki, Kataloniya məsələsi hələ aktuallığını qoruyacaq və uzun müddət İspanyanın başağrısı olacaq”.