Davos İqtisadi Forumu artıq uzun müddətdir dünyada ilin hadisələrindən birinə çevrilir, qeyri-rəsmi formada dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ayrı-ayrı sahələrdən ekspertlərin görüşləri ümumilikdə problemlərin həlli üzrə optimal bir variant tapmağa kömək edir.
Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib:
"Prezident İlham Əliyevin həmişə olduğu kimi bu il də iri şirkət rəhbərləri ilə görüşləri həm onların Azərbaycana investisiya qoymasına, həm də Azərbaycanın əhəmiyyətli layihələrə investisiya qoyuluşu, yeni texnologiyaların əldə edilməsi və digər mühüm məsələlər barədə müzakirələr aparmağa imkan verir. Həmçinin forum çərçivəsində Azərbaycana dost olan ölkələrin rəhbərləri ilə görüşü ikitərəfli münasibətləri möhkəmləndirməyə imkan verir".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin İqtisadi Forum çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirakı və verilən suallara cavabı dünyanın Azərbaycana böyük diqqətini göstərdi:
"Hesab edirəm ki, ümumən verilən suallar Azərbaycan təcrübəsini öyrənməyə, Azərbaycanla bağlı layihələrin genişləndirilməsinə xidmət edir".
A.Mirzəzadə əlavə edib ki, Davos İqtisadi Forumunda iştirak həm Azərbaycanın, həm də dünyanın həyatında çox önəmli bir hadisədir:
"Hesab edirəm ki, bundan sonra da Azərbaycan Davos forumu kimi bir çox tədbirlərdə iştirak etməklə yaxşı münasibətlər qurmağa, dünya və Azərbaycan qarşısında duran problemlərin həllinə öz töhfəsini verməyə imkan yaradacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib. Dövlət başçısı Davos Forumu çərçivəsində "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı" adlı sessiyada, eyni zamanda "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirak edib. Bundan başqa Davosa səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları, şirkət rəhbərləri ilə görüşlər keçirib.