Prezidentliyə namizədlik həmin ərəfədəki situasiyadan, xüsusilə seçki kampaniyası aparmaq üçün maliyyə vəsaitinin tapılmasından asılıdır. Maliyyə tapsaq, partiya namizədini irəli sürəcək. Yox, maliyyə resurslarımız olmasa, ya konkret namizədi müdafiə edəcəyik, ya da heç kimi müdafiə etmədən seçkilərə seçici kimi qatılacağıq.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədrinin sözlərinə görə, prezident seçkiləri parlament seçkilərindən fərqli olaraq böyük maliyyə resursu tələb edir:
“Seçki qanunvericiliyinə əsasən, 50-60 rayonda imza toplamalısan. Ölkə ərazisində, hər rayonda təbliğat aparmalısan. Yəni iş olduqca nəhəngdir. Bunun üçünsə maliyyə vəsaiti lazımdır.
Mən demirəm ki, qələbəni təmin etmək üçün milyonların olmalıdır, amma minimum həddə maliyyə resursu vacibdir. Bu imkanı olmayan şəxs prezident seçkilərində iştirak edə bilməz və ya iştirakının mənası olmaz”.
“İsa Qəmbər, Əli Əliyev, Mirmahmud Mirəlioğlu seçkilərdə namizəd olacağı anonsunu veriblər. Belə çıxır ki, onların maliyyə imkanları sizdən yaxşıdır” sualına cavabda Sərdar Cəlaloğlu deyib ki, namizədliklərini veriblərsə, deməli, müəyyən imkanları var:
“Əgər bu şəxslər seçkilərə qatılmaq istəyirlərsə, deməli, ya müəyyən maliyyə imkanlarına malikdirlər, ya da düşünürlər ki, seçkilərə qədər bu maliyyəni toplaya bilərlər”.
Sərdar Cəlaloğlunun fikrincə, indidən hansısa şəxsin prezident seçkilərinə namizəd kimi qatılması haqda qərar verməsi o anlama gəlmir ki, mütləq seçkilərdə namizəd olacaq:
“Ola bilsin, kimsə özünün namizədliyi üzərində siyasət qurur... Resursların dağınıq və qıt olduğu bir vaxtda onu bir namizədə xərcləmək daha faydalı olardı. Amma müxalifətdə həmrəylik hissi çox zəif olduğundan bu ehtimal real görünmür”.