Bu qanun layihəsi hazırlananda dünyada olan ən qabaqcıl təcrübə, qanunvericilik aktları əsas götürülüb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Valeh Ələsgərov “Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı millət vəkillərinin iradlarına münasibət bildirərkən deyib.
V.Ələsgərov bildirib ki, bütün dünyada azad iqtisadi zonalarla bağlı qanun bu cür hazırlanır:
“Çünki ərazidə xairci investorlar işləyəcək.Qanun layihəsi hazırlanarkən, dünyada ən tanınmış 5 şirkətdən biri cəlb edilib. Bütün araşdırmalardan sonra qanunun ən qabaqcıl standartalara uyğun olduğunu anlayanda onu təqdim etmək qərarını verdik. Bu təkcə mənim yox, işçi qrupunun zəhmətidir. Kimsə fikirləşirsə ki, Ələt öz özünə cəlbediricidir, bilməlidir ki, bu yanlış düşüncədir. Çünki Ələt yaradılan imkanlarla cəlbediricidir. Bu qanun hazırlanarkən işçi qrupunun üzvlərini Ələt azad iqtisadi zonasına aparmağa qərar verdim. İki günlük müşahidədən sonra əmin oldular ki, qanunda yazılanlar Valeh Ələsgərovun fikirləri deyil. Gələcəyə hesablanmış layihədir”.
V.Ələsgərov Ələt azad iqtisadi zonasında investorların vergiyə cəlb edilməsi ilə bağlı millət vəkillərinin iradlarına da cavab verib:
“Ələt azad iqtisadi zonasında qadağan edilməyən hər bir məhsul istehsal ediləcək. Həmin zonada istehsal edilən eyni adlı məhsul Azərbaycanın digər bölgələrində də istehsal ediləcəksə, əcnəbi istehsalçılar vergiyə cəlb ediləcək. Burada məqsəd yerli istehsalçılarımızın hüquqlarını qorumaqdır. Əks halda xarici investorlarının istehsal etdiyi məhsul yerli məhsuldan daha ucuz olacaq
Məhkəmələrə gəldikdə investorların mübahisəli məsələləri Azərbaycan məhkəmələrində müzakirə edilə bilər. Lakin tərəflər istədikləri halda digər ölkələrin məhkəmələrinə də müraciət edə bilər”.