Bu gün Ankaraya gəlişi planlaşdırılan ABŞ Dövlət katibi Reks Tillersona 76 səhifəlik hesabat göndərilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sənəddə ABŞ-ın Türkiyəyə verdiyi, lakin əməl etmədiyi vədlər yer alıb.
Bundan başqa, hesabatda Türkiyənin Suriyadan geri çəkilməyəcəyi vurğulanıb.
Məlumatlara görə, hesabat 3 ayrı qovluqda dövlət katibinə göndərilib.
İlk qovluqda Türkiyə və ABŞ arasında son 2 ildə baş verən böhranlarda Ankaranın mövqeyi əks olunub.
İkinci bölümdə Ankara və Vaşinqton rəhbərliyi arasında son 7 ildə Suriya ilə bağlı keçirilən 43 yüksək səviyyəli toplantıda ABŞ rəhbərliyinin Rakka əməliyyatlarında istifadə olunan silahların PKK terrorçularından geri alınacağı vədləri və onların yerinə yetirilmədiyi göstərilib.
Üçüncü qovluğa isə PKK ilə YPG arasında əlaqələri sübut edən faktlar daxil edilib.
Qeyd edək ki, Reks Tillerson Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər keçirəcək.