İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdində "erməni izi"nin olması istisna deyil.
Teleqraf.com xəbər verir ki, Müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdi barədə yayılan məlumatları şərh edərkən deyib.
Ç. Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb.
"Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib. Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfər öncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir".
Ekspert qeyd edib ki, Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-israil qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edirlər:
"Bildiyimiz kimi bu üsuldan istifadə hətta bir çox erməni təşkilatlarının nizamnamələrində də əksini tapıb".
"Dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqini tapıb. Heç şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq İsrail parlamentinin qondarma “erməni soyqırımını” qəbul etməməsidir", - deyə sabiq nazir müavini vurğulayıb.