8 Mart 2018 08:46
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın komandasında müşahidə edilən istefalar təbiidir. Buna fəlakət kimi yanaşmaq doğru olmaz. Son olaraq Tramp komandasında prezidentin iqtisadi məsələlər üzrə müşaviri Qeri Kon istefa verib. Onun istefasına səbəb prezidentlə olan fikir ayrılığıdır. Qeri Kon hesab edir ki, Trampın Avropaya idxal olunan polad və alüminium mallarına vergi tətbiq etməsi doğru addım deyil.

Bu fikirləri Teleqraf.com-a politoloq, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Mollazadə bildirib ki, fikir ayrılığına görə, Trampın iqtisadi məsələlər üzrə müşaviri onu tərk edib:

“ABŞ Avropaya göndərilən metallara 25 faiz vergi tətbiq etməyə çalışır. Komandada fikir ayrılıqları olur. Amerikanın ənənələri də buna görə mühümdür. Fərqli fikri olan istefaya gedir, onun yerini prezidentin mövqeyini müdafiə edən mütəxəssis tutur. Mən burada hansısa bir faciə görmürəm. Trampın komandasında istefalar mütəmadi olur. Buna normal yanaşmaq lazımdır. Yəni baş verənləri Trampın komandası “dağıldı” şəklində təqdim etmək səhv və məsələyə səthi yanaşma olardı”.

Mollazadə əlavə edib ki, Trampın komandasında baş verənlərlə paralel olaraq “Rusiya araşdırması”nın aparılması ümumi mənzərə yaradır:

“Ancaq iş ondadır ki, “Rusiya araşdırması” Amerikanın daxili siyasəti ilə bağlıdır. Bu, daha çox Demokratlarla Respublikaçılar arasında gedən mübarizədən qaynaqlanır. Üstəlik ABŞ-da Konqres və Senata seçkilər keçirilməlidir. Bu cür məsələyə diqqəti yönəltməklə hər iki partiya bundan özünün gələcək seçkiləri naminə istifadə edirlər”.

Deputat deyir ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyətdən getməsi üçün hər hansı bir risk mövcud deyil:

“Düşünmürəm ki, Trampın impiçment edilməsi üçün əsaslar mövcuddur. Sadəcə olaraq “Rusiya işi”ndən hər iki partiyanın gələcək seçkilərə hazırlığı və mübarizəsi üçün istifadə edilir.

İndi əsas məsələ Amerika ilə Avropa arasında ciddi fikir ayrılığının yaranmasıdır. Əslində, bu ciddi böhran da deyil. Tramp tələb edir ki, Avropa öz təhlükəsizliyi üçün daha çox maliyyə ayırsın. Eyni zamanda Tramp öz ölkəsi daxilində sənaye imkanlarını artırmağa çalışır. Söhbət metal və avtomobil sənayesindən gedir. Amerika-Avropa qarşıdurmasının əsas səbəbləri iqtisadi məsələlərlə əlaqədardır. Qənaətimcə, Avropa və Amerika bu fikir ayrılığını aradan qaldırmaq üçün ortaq məxrəcə gəlmək imkanlarına malikdirlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər