11:30
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu bu gün “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panellə davam edib.
Panelin moderatoru Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmir Musa regional təhlükəsizliyə təhdid olan ikiqütblülükdən danışıb.
O bildirib ki, Rusiyanın Orta Şərqdə baş verən hadisələrə müdaxiləsinin sonunun necə olacağı, rəsmi Moskvanın son hərəkətləri barədə yaranan suallara bu forumda cavab tapılmalıdır: “Əvvəla “Orta Şərqdə nə baş verdi ki, bugünkü xaosa gətirib çıxartdı?” sualına cavab tapmalıyıq. Əminəm ki, Orta Şərqdə ciddi səhvə yol vermişik. Bunun fonunda xarici müdaxilə nəticəsində “ərəb baharı” baş verdi”.
Əmir Musanın fikrincə, Orta Şərqdə qarışıqlıq o zaman sona çatacaq ki, Fələstin dövləti ilə bağlı mübahisə bitsin: “Amma təəssüf ki, nəinki bu mübahisə başa çatır, əksinə ABŞ hələ də Yerusəlim məsələsini daha da qabardır. Bu da bu mübahisəni dərinləşdirir”.
Livanın sabiq baş naziri Fuad Siniora isə bildirib ki, Osmanlı İmperiyası dağılandan sonra regionda siyasi faciələr, siyasi şoklar baş verib. O, hazırda baş verən proseslərdə İranı ittiham edib.
Rusiyanın baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis deyib ki, SSRİ dağıldıqdan sonra regionda siyasi və hərbi gərginliklər daha da artıb: “Müstəqil Dövlətlər Birliyi adı altında qarşısını almağa cəhd etdik, təəssüf ki, kənar müdaxilələr buna imkan vermədi. Məsələn, ABŞ prezidentləri ata və oğul Buş bu prosesi öz qələbələri kimi qeyd etdilər”.
O, SSRİ-nin soyuq müharibəyə qoşulmaqla böyük səhvə yol verdiyini bildirib: “Bu, bizim ən böyük səhvimiz idi. Məhz bu səbəb dən Sovet İttifaqı dağıldı və hazırda regionda bunun acı nəticələrini görürük”.
O qeyd edib ki, buna baxmayaraq, geriyə yol yoxdur: “Bu gün dünyada iki böyük imperial güc var: bu facebook və google-dur. Məsələ bu qədər sadədir”.
Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız isə bildirib ki, Türkiyə inteqrasiyanın və Orta Şərqdə barışığın tərəfdarıdır: “Biz Ərəb Liqasının təmsilçisiyik, Əməkdaşlıq Şurasının fəaliyyətini təqdir edirik, çünki onlar Orta Şərqdə sülhün əldə olunması üçün tam güclə səy göstərir”.
O qeyd edib ki, hadisələr belə davam edərsə, regionda münaqişələr dayanmasa, bəzi liderlər terror təşkilatlarına qarşı qətiyyətli mübarizə aparmazsa, region güclərin daimi oyun mərkəzinə çevriləcək. Regional sahibkarlığa son qoyulmalıdır. Nazir müavini Türkiyənin regiondakı münaqişələr səbəbindən güclü qaçqın axınına məruz qalmasını bildirərək, böhrana qarşı birgə tədbir görülməsinə çağırış edib.
Moderator Əmir Musa nazir müavininin “regional sahibkarlıq” ittihamına reaksiya verib: “Siz bununla nəyi nəzərdə tutursunuz? Bəlkə İran və Türkiyənin regional sahibkarlığından danışaq? Məncə, bu suallara cavab vermək lazımdır”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin regionda islahat aparmasının vacibliyini bildirib: “İnanıram ki, bütün BMT-yə üzv dövlətlər olaraq, gələcəyi proqnozlarımıza uyğun görmək istəyiriksə, qaydalarımıza əməl etməliyik”.
O, dövlətləri birgə səy göstərməyə çağırıb.
***
Azərbaycan özünü geniş Şərqin bir hissəsi kimi görür və burada baş verən hadisələr bütün dünyaya təsir edir”.
Bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq" adlı panel müzakirəsi zamanı çıxışında deyib.
Nazir bildirib ki, xüsusilə Sovet İttifaqının dağılmasından sonra dünyada mühüm dəyişikliklər baş verib: “Bu dəyişikliklər hansısa formada bizə də təsir etdi, ölkəmizin bir hissəsi işğal olundu, 1 milyondan çox qaçqınımız, köçkünümüz yarandı, xalqımız etnik təmizləməyə məruz qaldı. Bu münaqişənin həlli başqa mövzudur. Bunun həll yolları var. Biz yeni dünyanın quruluşunun zəminlərini yaratmalıyıq. BMT islahatlara məruz qalmalıdır. Əgər biz gələcəyin inkişafını proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun fəaliyyət göstərməliyik”.
***
Bu gün bəzi iri dövlətlər konkret olaraq cinayət əməlinin iştirakçısıdırlar – onlar Suriyanı yeni icad etdikləri modern silahlarının sınaq meydanına çeviriblər.
Bunu Livanin sabiq baş naziri Fuad Siniora VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində çıxşında deyib. O bildirib ki, dünyanın gözü qarşısında 8-ci ildir ki, bir ölkədə - bəşəriyyətin üzvü olan suriyalıların üzərində yeni silahların sınaqdan keçirilməsi baş verir və digərləri də bunu tamaşaçı kimi seyr edir: “Bu dəhşətləri tarix bizə bağışlayacaqmı? Əksər iri dövlətlər son 7 ildə icad etdikləri bütün silahları Suriyada insanların üzərində sınaqdan keçirdilər. Dedilər terroristləri məhv edirlər. Amma heç bir terroristin kökü kəsilmədi. Əksinə, milyonlarla suriyalı qırıldı və yurdundan qaçqın düşdü. Bu bir cinayətdir və bunun səbəbkarları mütləq cavab verəcək”.
***
VI Qlobal Bakı Forumu çərçivəsində “Balkan regionun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?” adlı panel keçirilib.
Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən paneldə Balkan regionunda təhlükəsizlik və iqtisadi inkişafla bağlı müzakirələr aparılıb.
Moldova prezidenti İqor Dodon bildirib ki, hegemon dövlətlər arasında uzlaşma mümkün olmadıqda, bundan daha çox kiçik dövlətlər əziyyət çəkir: “Balkan ölkələri buna bariz nümunədir. Bu regionda təhlükəsizliyin təmin olunmasında Avropa İttifaqının rolu təqdirəlayiqdir. Düşünürəm ki, münaqişələrin həlli ərazi bütövlüyü, suverenlik prinsipləri əsasında olmalıdır”.
Albaniya prezidenti İlir Meta deyib ki, ölkəsi regionun kiçik dövlətidir: “Yuqoslaviyada baş verənlərə görə Albaniyada qeyri-sabit vəziyyət hökm sürürdü. Düşünürəm ki, vətəndaşlarımızın rifahını artırmaq, regionda daimi sülhün təmin olunması baxımından Avropa İttifaqına üzvlük yeganə çıxış yoludur”.
Albaniyanın keçmiş prezidenti Buyar Nişaninin sözlərinə görə, regiondakı dövlətlərin gələcəyi daha təhlükəsiz olacaq: “Lakin keçmişin qoyduğu pis miras təhlükə olaraq qalmaqdadır. Biz bunları birlikdə aradan qaldırmalıyıq”.
Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç qeyd edib ki, NATO-ya üzv olmaq bir vaxtlar çox vacib amil idi: “Bu, rəsmi tələb olmasa da, NATO-ya üzvlük həm də Avropa İttifaqına üzvlüyü şərtləndirirdi. Balkan regionundakı bütün ölkələr iqtisadi cəhətdən inkişaf etməyiblər. Demokratik standartlar aşağıdır, korrupsiya halları, ifrat milliyyətçilik mövcuddur ki, bu da region dövlətlərinin Avropa İttifaqına üzvlüyü qarşısında duran əsas maneələrdir”.
Regiondakı dövlətlərin bir-birləri ilə sərhəd problemlərinin olduğunu diqqətə çatdıran İ. Yosipoviç Balkan ölkələrində güclü milliyyətçiliyin hakim olduğunu vurğulayıb: “Bu isə bizim inkişafımız üçün mənfi haldır. Dini amil də etnik amillərlə üst-üstə düşür. Bəzi ölkələrdə kilsələr Avropa İttifaqının yüksək dəyərlərinə qovuşmağımız üçün bizi dəstəkləmir. Digər tərəfdən, dövlətlərarası sərhəd problemlərinin həlli üçün də yaxşı mexanizmlər mövcud deyil. Serbiya ilə Kosovo arasında ərazi və müstəqilliyin tanınması, habelə Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisələrin də öz həllini tapması mütləqdir”.
Bolqarıstan və Xorvatiyanın hazırda təhlükəli sınaqlardan keçirdiyini söyləyən Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov bildirib ki, sabitlik olmadığı təqdirdə Balkan dövlətlərinin Avropa İttifaqına inteqrasiyası çətin olacaq. Keçmiş prezident qeyd edib ki, 2025-ci ilə kimi bütün Balkan ölkələrinin Avropa İttifaqına üzv olmaq şansları var.
Panel müzakirələrlə başa çatıb./APA/