Türkiyə, İran və Rusiya prezidentlərinin görüşü başadüşüləndir, ancaq bu üç ölkənin bəzi problemləri də var. Rusiya və İran Bəşər Əsədi dəstəkləyir, Türkiyə isə Əsədə qarşı çıxır, rejimə qarşı vuruşan qüvvələrə dəstək həyata keçirir. Bu mənada üç dövlət bir araya gəlsə də, tam ortaq məqsədləri yoxdur. Bununla yanaşı, Suriyada dördüncü güclü qüvvə var və bu ABŞ-dır. ABŞ da əsasən kürdləri dəstəkləyir. ABŞ-la hər hansı bir görüş və dialoq yoxdur. Amerikasız vəziyyət necə olar sualı isə açıq qalır.
Bu fikirləri Teleqraf.com-a İran Prezidenti Həsən Ruhani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Validmir Putinin Türkiyə görüşünü şərh edən politoloq Fərhad Mehdiyev deyib.
Politoloq xatırladıb ki, ABŞ Suriyadan çəkiləcəyinə dair bəyanatlar verib:
“Ancaq bu addıma gedə də, getməyə də bilərlər. Əgər Suriyadan çəkilsələr, bu zaman Bəşər Əsədlə razılaşacaqlar. ABŞ-ın Əsədlə razılaşması isə əslində kürdlərə sərfəlidir. Çünki indi kürdlərə qarşı həm Bəşər Əsəd qüvvələri, həm də türk ordusu əməliyyatlar keçirir. Kürdlər Bəşər Əsədlə razılaşacağı təqdirdə düşmənlərinin sayını ikidən birə endirəcək. Və ancaq Türkiyə ilə vuruşacaq”.
F. Mehdiyev qeyd edib ki, əslində Suriyada Türkiyə üçün əsas aktyor Rusiyadır:
“Türkiyə üçün ən böyük təhlükə kürd problemidir. Kürdlərin kompakt şəkildə birləşməsi, Suriya daxilində muxtariyyət əldə etməsi Türkiyənin milli maraqlarına və təhlükəsizliyinə ziddir. Əslində Ankara Rusiya ilə razılaşaraq bu məsələni öz xeyrinə həll edə bilər. Rusiya istəyir ki, ABŞ Suriyaya daxil olmasın, Bəşər Əsəd hökuməti qalsın və Rusiya hərbi varlığını Aralıq dənizində davam etdirsin. Türkiyə də bu xəttə gələrsə, kürd məsələsini öz xeyrinə həll edə biləcək. Ancaq görünən odur ki, Türkiyə Bəşər Əsədlə anlaşmaq yolu ilə irəliləmək istəmir. Hazırda üç dövlətin bir araya gələrək bütün problemləri həll etməsi real deyil. Əvvəla, Türkiyə Suriyadakı əməliyyatlarını davam etdirəcək. İkincisi, Türkiyə aldığı ərazilərdə özü qalmır, buraları Azad Suriya Ordusuna təslim edir. Azad Suriya Ordusu isə Bəşər Əsədə qarşı vuruşur. Əgər Ankara ilə Moskva arxa planda razılaşıbsa, bu razılığa əsasən müəyyən mərhələdə kürdlər məcburi Əsədlə razılıq əldə edəcəksə, bu, başqa məsələ. Yox, əgər razılıq əldə olunmadan indiki proses davam edəcəksə, gələcəkdə Azad Suriya Ordusu ilə Bəşər Əsəd arasında münasibətlərin necə tənzimlənəcəyi haqda konkret bir söz demək çətindir”.
Müsahibimiz deyib ki, ABŞ-ın Suriyadan tam olaraq çəkilməsi inandırıcı deyil:
“Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ administrasiyası Suriyadan çəkiləcəyi haqda bəyanat verib. Amma bu, ağlabatan görünmür. ABŞ-ın Suriyadan çəkilməsi Rusiyanın mövqeyini bir qədər gücləndirmiş olar. Amma Rusiyadan daha çox İranın mövqeyi Yaxın Şərqdə güclənəcək. Hazırda isə bu, ABŞ üçün arzu edilən deyil. Odur ki, ABŞ-ın bu addımı atacağına inanmıram”.