4 Aprel 2018 09:42
2 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xəzər Donanmasını Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürməsi haqda qərarı maraqlı və təəccüblüdür.

Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Ağayev Rusiyanın Xəzər Donanmasını Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürmək haqda qərarını şərh edərkən deyib.

Rasim Ağayev bildirib ki, öz dövlətinin sərhədlərini qoruya bilməyən ölkədə istər-istəməz yeni problemlər ortaya çıxa bilər:

“Bu qərarı şərh etmək üçün sözsüz ki, ciddi strateji hərbi informasiyalara sahib olmaq lazımdır. Ancaq iş ondadır ki, SSRİ dağıldıqdan sonra Rusiya faktiki Xəzəri itirmək təhlükəsi qarşısında qalmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra rus hərbi donanmasını yola saldı. Bu, Rusiya hərbi strategiyasına ağır zərbə oldu. İndi Rusiya Xəzərə qayıtmaq ərəfəsindədir və düşünür ki, köhnə hərbi strateji mövqeyinə qayıtmalıdır. Başqa sözlə, Rusiya keçmiş imperiya strategiyasını bərpa edir. Bu məsələnin digər tərəfi ondan ibarətdir ki, Rusiya ayrı cür dolana və yaşaya bilməz. Bu məsələ rusların yeni torpaq almaq istəklərindən yox, böyük ölkə kimi öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaqdan doğur. Sərhədlərini qoruya bilməyən ölkə artıq imperiya imicini itirmiş olar”.

Politoloqa görə, bu, sadə məsələ deyil. Putinin və ya hərbi qüvvələrin istəyindən də asılı deyil:

“Bu ölkənin inkişafı ilə bağlı olan ciddi və strateji məsələlərdən biridir.

İkincisi, dünyada elə siyasi dəyişikliklər gedir ki, Rusiya buna hazır olmağa çalışır. Azərbaycan da, Türkiyə də, ABŞ da yeni siyasi çağırışlara hər zaman özünü hazırlayır. Son xəbərlərə baxın. Bu saat Rusiya və Türkiyə Suriya məsələsini həll edir. 5 il əvvəl təsəvvürə gətirmək olardımı ki, bu iki ölkə birlikdə Suriya problemi ilə məşğul olacaq? Təbii ki, yox. Bu da eyni qəbildən olan məsələdir. Çox güman ki, biz bu addımın əhəmiyyətini 5-10 ildən sonra görəcəyik. Və biləcəyik ki, nəyə görə, ruslar belə qərar verib”.

Müsahibimiz əlavə edib ki, bu addımla Rusiya regionda hərbi-siyasi iştirakçılığını bir növ gücləndirir. Onun sözlərinə görə, bu, Rusiya maraqları baxımından doğru addımdır:

“İndi Rusiyanın vəziyyəti yaxşıdır. Odur ki, donanma yaradır və inkişaf etdirir. Sözsüz ki, Dağıstanla da müqavilə bağlaya bilər. Digər tərəfdən, Dağıstan Rusiya ərazisidir. Niyə bu addımı atmasın? Əslində, Həştərxanda belə imkan da yox idi. Rusiya çıxılmaz durumda olanda donanmasını Həştərxana köçürmüşdü. İndi Rusiya dirçəlir, güclənir. Üstəlik Rusiyanın imperiya siyasəti olsa da, Cənubi Qafqaz və Orta Asiyadakı reallıqla barışıb. Sadəcə, indi dünyada dəyişikliklər olur və Rusiya da buna uyğun addımlar atır. Söhbət ambisiyadan getmir, sadəcə Rusiyanın öz gücünü qaytarmaq şansı çoxalıb. Biz görürük ki, lazım olanda Rusiya silaha da əl atır. Bunu Ukraynada gördük. Krımın ilhaqı nə deməkdir? Elə şeylər var ki, təkcə siyasətçilərin iradəsindən asılı deyil, əksinə, siyasətin daxili çağırışıdır. Hamı deyirdi ki, Krım Ukraynanındır, yoxsa Rusiyanın. Krımı Ukraynaya 50-60 il əvvəl veriblər. Məndə durdum dedim ki, Krımın adı onun kimə aid olduğunu göstərir. Sözsüz ki, Krım türklərindir. Sadəcə, zamanında ruslar gücləndi və Krımı türklərin əlindən aldı. Heç bunu yada salmırlar. İndi də Rusiya eyni vəziyyətdədir. Əgər yaxın dövrlərdə Putin hərbi qüvvə kimi Dağıstana qayıtmasa, 5-10 ildən sonra ona deyəcəklər ki, get Həştərxana və ya Şimal dənizi tərəfdə donanmana yer tap. Putinin bu addımının bizim xoşumuza gəlib-gəlməməsi ayrı məsələdir, amma dövlətçilik baxımından Rusiya üçün lazımlı addımdır. Rusiya başqa dövlətlərin sözü ilə oturub durmur. Biz unuduruq ki, Rusiya imperiyadır və imperiya olaraq da qalır. Rusiyanın imperiya olmasını SSRİ-dən ayrılan və müstəqilliyini elan edən ölkələr yaratmırdı. Rusiyanın öz daxilində olan xalqlar onun imperiya olmasını şərtləndirir. Rusiya Vladimir vilayətindən başlayır və Yaponiyaya qədər gedir. İmperiya dövlət sistemidir, quruluşudur. Onu da təşkil edən xalqlar bundan razıdır. İmperiya da öz siyasətini aparacaq. Əgər İran o tərəfdən öz iradını bildirirsə, Rusiya da bu yandan bildirəcək. Qazaxıstan oyanıb deyir ki, bu, mənim payımdır. Hələ Xəzərdəki milli sərvətlər məsələsini bir kənara qoyuram. Bir şey aydındır ki, Rusiya öz statusunu bərpa etmək üçün addımlar atır”.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspiysk şəhərinə köçürüləcəyini elan edib. Nazir hazırda Kaspiyskdə sahil infrastrukturunun və hərbçilər üçün mənzillərin inşa edildiyini bildirib.

“Xəzər donanmasının Kaspiyskə köçürülməsi barədə qərar qəbul edilib. Orada hazırda nəhəng tikinti gedir, liman, xidmət məntəqələri, mənzillər və s. tikilir. Donanmada zabitlərimizin və hərbi qulluqçularımızın sayı dəfələrlə artırılacaq”, - Şoyqu Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə zamanı deyib.

Rusiyanın Xəzər donanmasını Mahaçqala yaxınlığındakı Kaspiysk şəhərinə köçürəcəyi barədə məlumatlar əvvəldən var idi. Bu qərar ötən ilin avqustunda Müdafiə Nazirliyinin kollegiyasında qəbul edilib. Bundan bir ay sonra müdafiə nazirinin müavini Ruslan Salikov Kaspiyskə gedərək yeni bazanın tikilməsi üçün nəzərdə tutulan əraziyə baxış keçirmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər