6 Aprel 2018 20:26
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə irəliləyirik. Qiymətləndirmə və təhlil tələb edilən bütün məsələlərdə meyilləri nəzərə almaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirib.

Azərbaycan prezidenti bildirib ki, bu məsələyə dair qarşılıqlı anlaşmaya nail olmaq meyli hiss olunur: "Deməliyəm ki, görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib. Düşünürəm ki, bütün Xəzəryanı dövlətlər tərəfindən bundan sonra da nümayiş etdiriləcək xeyirxah iradə bu məsələni tənzimləməyə və Xəzər dənizinin statusu məsələsinə bir növ nöqtə qoymağa imkan verəcək. Bununla bərabər, qeyd etməliyəm ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş qalması məsələsi Xəzəryanı dövlətlərin əməkdaşlığının istər çoxtərəfli, istərsə də ikitərəfli formatına əsla təsir göstərmir. Hər halda, Azərbaycana aid problem yoxdur".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanınbütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətləri var: "Ona görə düşünürəm ki, bütün Xəzəryanı ölkələrin şərik çıxdığı bu yanaşma – Xəzərin statusu məsələsini qonşularla münasibətlərin gündəliyində bir nömrəli məsələ hesab etmək əvəzinə, qüvvələrimizi bu gün həll edilməsi mümkün və lazım olan məsələlər üzərində cəmləşdirməliyik. Bununla da biz həmin məsələnin tənzimlənməsi üçün zəmin yaratmış olarıq. Hesab edirəm ki, beynəlxalq problemlərlə bağlı bütün başqa məsələlərdə olduğu kimi, burada da beynəlxalq hüququn, bu tipli məsələlərin tənzimlənməsində mövcud beynəlxalq praktikanın prinsipləri və tərəflərin xeyirxah iradəsi ilə bağlı məsələlər əsas götürülməlidir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Bu məsələnin bəzi istiqamətləri üzrə irəliləmək üçün planlarımız var. Düşünürəm ki, lap yaxın vaxtlarda biz yaxşı nəticələr görəcəyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər