ABŞ liderliyində üçlüyün Suriyaya zərbələr endirməsi, habelə İsrailin aprelin 9-da Suriyadakı İran hərbi bazasını vurması əslində Rusiyaya açıq mesajdır. Mesaj da ondan ibarətdir ki, Rusiya həm Bəşər Əsəddən, həm də İrandan uzaq dursun.
Bu fikirləri Teleqraf.com-a təhlükəsizlik eksperti Sülhəddin Əkbər ABŞ, Fransa və İngiltərənin Suriyada Bəşər Əsədin hərbi obyektlərinə zərbələr endirməsindən sonrakı durumu şərh edərkən deyib.
S. Əkbər hesab edir ki, ABŞ-ın məqsədi İranı Suriyadan çıxarmaq və İsrailin təhlükəsizliyini təmin etməkdir:
“İkincisi, ABŞ Suriyanın gələcəyi ilə bağlı öz düşüncələrini açıq demir, deməkdən çəkinir. ABŞ əslində Suriyanın suveren və unitar dövlət kimi qalmasında maraqlı deyil. ABŞ Suriyanın parçalanmasında maraqlıdır. Əgər, bu beynəlxalq dəstək görməsə, bu halda Suriyadakı vəziyyətin xroniki hal almasında maraqlıdır. ABŞ faktiki olaraq Suriyanın böyük bir hissəsini işğal edib, hərbi baxımdan orada yerləşib. Üstəlik də özünün strateji planı olan yeni dövlət quruculuğu layihəsini həyata keçirməklə məşğuldur. Eyni zamanda da, İran məsələsini həll etməyə çalışır. Yəni başlıca məsələ İrandır. Bunun üçün də Vaşinqton çalışır ki, Rusiyanı İrandan məsafəli durmağa sövq etsin. Üstəlik ABŞ İran məsələsində Rusiyadan anlayış və ya “razılıq” almaq istəyir. Bunu da, İran bilir və ona görə hazırda Moskva-Tehran arasında ciddi ziddiyyətlər yaranıb”.
Mütəxəssis deyir ki, ABŞ-ın bu istəyinə nail olub-olmayacağını gələcək göstərəcək:
“Tramp administrasiyası ABŞ-ın Milli Təhlükəsizlik Konsepsiyasını açıqlayıb. Bu sənəddə iki başlıca strateji hədəf göstərilib: Rusiya və Çin. Eyni zamanda regional hədəf olaraq Şimali Koreya və İran göstərilib. Hadisələrin inkişafı göstərir ki, Rusiya və İran aktual hədəf olaraq seçilib. Bu tandemdə zəif həlqə İran olduğundan Tehran ön plana çıxır. Burada İsrailin təhlükəsizliyi də əsas olaraq götürülür. Nəzərə alınmalıdır ki, ABŞ administrasiyasında sionistlərin güclənməsi meyli açıq görünür”.
Sülhəddin Əkbər deyib ki, Prezidenti Donald Trampın mayın 13-də Nüvə Sazişindən ABŞ-ın çıxdığını elan etməsi gözlənilir:
“Sözügedən sazişin müddətini uzatmaq üçün Tramp onu imzalamalıdır. Böyük ehtimalla Tramp bu sazişi imzalamayacaq. Mayın 14-də isə ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi, Prezident Trampın bu mərasimdə iştirak üçün Tel-Əvivə gəlməsi gözlənilir. Bu mənada qarşıdakı bir ayda İran məsələsinin gündəmə gələcəyi müşahidə olunacaq. ABŞ-ın başlıca istəyi İranı tədricən öz sərhədlərinə qapatmaq və İran problemini həll etməkdir. İrana qarşı sanksiyalar tətbiq ediləcək, bu ölkə daxilindəki müxalif qüvvələr dəstəklənəcək. Bir sözlə, İrana qarşı strateji savaş başladılacaq. Bu savaş uzunmüddətli olacaq, bütün sahələri əhatə edəcək. ABŞ-ın İranı işğal etmək niyyəti yoxdur. Əsasən müxalifət dəstəklənəcək, İran elitası daxilində parçalanmanı stimullaşdırmaq, onun bir hissəsini ələ almaq, kəşfiyyat və informasiya müharibəsi aparmaq və s. İqtisadi sanksiya, siyasi və diplomatik təcridlə müşayiət olunacaq. Bu səbəbdən də Rusiyaya təzyiq olunur ki, İranla məsafəli davransın. Tarix də göstərir ki, belə məsələlərdə Rusiya sonda razılaşmalı olur”.
Mütəxəssis qeyd edib ki, strateji müharibə xarakterinə görə uzunmüddətli, əhatəli, bütün sahələri əhatə edən dərin proses olacaq:
“Burada daha çox yumşaq və yerli gücə üstünlük veriləcək. Hərbi gücdən istifadə maksimum minimallaşdırılacaq. Əsasən xüsusi təyinatlılar, dronlar, kiber hücumlar ola bilər. Amma iri masştablı əməliyyat ehtimalı aşağıdır”.