23 Aprel 2018 00:55
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı baş konsulluğumuz “ArabianTravelMarket-2018” beynəlxalq turizm sərgisində Ermənistanın təxribatının qarşısını alıb. Sərgidəki stendinə Dağlıq Qarabağa dair materiallar yerləşdirən Ermənistan, Azərbaycanın əzəli torpaqlarını ərazilərinin bir hissəsi kimi göstərib. Əsasən bukletlərdə göstərilən xəritələrdə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim olunub və Azərbaycanın işğal altında olan ərazilərinə turistik paketlər təklif edilib.

Teleqraf.com xəbər verir ki, bununla əlaqədar olaraq, ölkəmizin səfirliyi Ermənistan tərəfinin təxribatının aradan qaldırılması və erməni stendində yerləşdirilən saxta materiallarının çıxarılması ilə bağlı BƏƏ-nin Xarici İşlər Nazirliyinə müraciət edib.

Bununla yanaşı, Azərbaycanın BƏƏ-dəki səfirinin müavini Leyla Süleymanova və ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev yerindəcə tədbirin təşkilatçılarına təxribat materiallarının dərhal yığışdırılması xahişi ilə müraciət ediblər. Azərbaycan səfirliyinin BƏƏ-də qəti mövqeyini nəzərə alan sərgi təşkilatçıları üzrxahlıq edərək həmin materialların çıxarılmasını təmin edib və bu məsələnin onların nəzarətində olacağını bildiriblər.

Qeyd edək ki, bu gün Dubayın ticarət mərkəzində ən iri və nüfuzlu beynəlxalq sərgi tədbirlərindən biri sayılan “ArabianTravelMarket-2018” 25-ci beynəlxalq turizm sərgisi açılıb.

Azərbaycan bu nüfuzlu sərgidə Mədəniyyət Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Azərbaycan pavilyonu 50-dən artıq turizm şirkətini və otelləri, həmçinin “AZAL” və “İçərişəhər” Tarix-Memarlıq Qoruğunu özündə birləşdirir.

A.İsmiyev AZƏRTAC-a bildirib ki, orijinal bəzədilmiş Azərbaycan pavilyonu sərginin elə birinci günü çoxsaylı ziyarətçilərin, mütəxəssislərin böyük diqqətini və marağını çəkib. Azərbaycan stendinə yaxınlaşanların çoxu ölkəmizə gəlmək istəklərini bildirir, çoxunu qədim və zəngin tariximiz maraqlandırırdı. “Azərbaycan” stendində ölkəmiz haqqında bukletlər və digər çap məhsulları təqdim olunur, ölkəmizin görməli yerlərinə aid videoçarxlar nümayiş etdirilir.

BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Al Maktumun hamiliyi ilə keçən sərgi turizm sənayesi üçün mühüm hadisədir və daha möhkəm əlaqələrin qurulmasında, əməkdaşlıq haqqında sazişlərin bağlanmasında bütün iştirakçılar üçün gözəl fürsətdir.

Sərgidə dünyanın 150 ölkəsindən 2500-dən artıq eksponent iştirak edir. Sərgidə turizm sahəsindən olan 40 mindən çox ekspert, mütəxəssis və qonaqların iştirakı gözlənilir. Ekspozisiyada 65 milli pavilyon qurulub. Bu günlərdə tematik seminarların və texnoloji sessiyaların keçirilməsi planlaşdırılır. Sərgi iştirakçıları turizm sənayesinin inkişaf strategiyası və turistləri cəlbetmə, məsul turizm konsepsiyasını və bir sıra digər aktual məsələləri müzakirə edəcəklər.

Aprelin 25-dək davam edən sərgi çərçivəsində keçiriləcək sessiyalar Yaxın Şərq regionu və Şimali Afrikada son 25 il ərzində turizm sahəsinin tərəqqisi və inkişafına, bu sahənin qarşıdakı illərdə inkişaf perspektivlərinə həsr olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər