26 Aprel 2018 16:10
11 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin növbəti qonağı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişilidir.

ATƏT müşahidəçiləri özlərini daha çox bu istiqamətdə kökləyirlər

– Tahir müəllim, istərdik söhbətimizə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinə verdiyi rəyə münasibət öyrənməklə başlayaq…

– Bildiyiniz kimi, ATƏT dünyada ən böyük regional təşkilatdır. Azərbaycanın ATƏT-lə münasibətləri bir neçə aspektə bölünür. Bunlardan biri ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməsi ilə bağlıdır. ATƏT-in müxtəlif qurumları var ki, onlardan biri də Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosudur. Ümumiyyətlə, son vaxtlar insan hüquqları, söz və mətbuat azadlığı ilə bağlı dünyada böyük bir mübahisə getməkdədir. Çünki bir sıra normalar ötən əsrin 50-60-cı illərində müəyyən olunub. Düzdür, 70-80-ci illərdə bir sıra yeni sənədlər qəbul olunub, amma internetin yaranması, kommunikasiya vasitələrinin sayının artması, KİV-lərin xarakterinin dəyişməsi ilə bu məsələlər haqqında geniş mübahisə yaranmağa başlayıb. Yəni, bu cür ciddi məsələlərin müzakirəsi əslində ATƏT daxlində də gedir.

Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu dünyanın bir çox ölkələrində seçkiləri müşahidə edir. Onların reputasiyası hər zaman müsbət olmur. Mən, ümumiyyətlə, indiyədək onların hansısa ölkədə keçirilən seçkilərə dair müsbət rəy verdiyini görməmişəm. Onlar rəylərini daha çox tənqid üzərində qurmağa başlıca vəzifə hesab edir, özlərini seçkidə baş verən hansısa neqativ halların aşkara çıxarılması üzərində kökləyirlər. Bir neçə il öncə ABŞ-da keçirilən seçki vaxtı ATƏT bürosu ilə Birləşmiş Ştatların Mərkəzi Seçki Komissiyası arasında çox böyük bir insident olmuşdu. Hətta, ABŞ prokurorluğu DTİHB-in əməkdaşlarının seçki məntəqələrinə 150 metrdən artıq yaxınlaşmağı qadağan etmişdi. Onları həbslə hədələmişdi. Ona görə də bürodan hansısa, belə deyək, təqdirnaməni heç kim gözləmirdi. Tələb olunan yalnız ədalətli və obyektiv olmaq idi.

Azərbaycan ATƏT müşahidəçilərini ölkəyə dəvət etdiyi zaman əsas gözləntisi onların hər şeyi olduğu kimi və ədalətli, obyektiv şəkildə göstərməsi idi. Biz demirik ki, seçkilər idealdır. Təbii ki, dünyanın heç bir ölkəsində tam idealı seçki keçirilmir. Amma əsas odur ki, seçkinin azad və ədalətli keçirilməsi üçün niyyət, belə bir rəsmi siyasət var. Təəssüf ki, onların verdiyi ilkin rəy həmin rəyin seçki ərəfəsində və seçki günü müşahidə olunan prosesin nəticəsi deyil, daha çox əvvəlcədən hazırlanmış və bir neçə adamın təxəyyülünün məhsulu olduğunu göstərdi. Təsəvvür edin ki, onlar hətta, namizədlərin hamısının kişi olduğunun fərqinə vara bilməmişdilər. Halbuki televiziyada debatlar gedirdi, ən azı həmin debatları izləyəndə namizədlər arasında qadın olmadığını görmək mümkün olardı. Bu, onu deməyə əsas verir ki, onlar seçkiqabağı təbliğat-təşviqat prosesini əslində izləməyiblər. O zaman belə bir sual ortaya çıxır. Əgər proses izlənilməyibsə və ya bu qədər səthi izlənilibsə, o zaman verdikləri rəy nə dərəcədə obyektiv və ədalətlidir? Yaxud, onların cəmi 380-ə yaxın müşahidəçisi olmuşdu, amma ölkədə 5600-dən artıq məntəqə var. 380 müşahidəçi istəsəydi də bu qədər məntəqədə ola bilməzdi. Amma buna görə bütün məntəqələridə neqativ halların olduğunu iddia etmək tamamilə qeyri-obyektivlikdir. Mənim də fikrim bundan ibarətdir ki, verilən rəylə seçki prosesi arasında ümumiyyətlə, əlaqə yoxdur. Bir daha deyirəm, bu, daha çox əvvəlcədən hazırlanmış, yaxud bir neçə adamın təxəyyülünün məhsuludur. Biz buna təəssüf edirik. Bizim ATƏT Parlament Assambleyası ilə kifayət qədər konstruktiv və işgüzar əməkdaşlığımız var. Amma ATƏT-in digər bir qurumu tərəfindən seçkilərin izlənməsinin qeyri-obyektiv və qeyri-peşəkar nəticələri bizim hamımızı sadəcə məyus etdi. Təbii ki, bunların heç biri seçkinin nəticələrinə təsir etməyən amillərdir. Seçkinin nəticəsini xalqın iradəsi müəyyən edir. Xalq aktiv şəkildə seçkidə iştirak etdi və böyük çoxluqla ölkə prezidentini seçdi. Amma istərdik ki, seçkiyə obyektiv qiymət verilsin. Söhbət təkcə Azərbaycandan da getmir. Biz istərdik ki, beynəlxalq dünyanın bütün ölkələrinə yanaşmada balanslaşdırılmış, ədalətli, konstruktiv və obyektiv mövqedən çıxış etsinlər ki, onlara inam artsın.

– Bu rəylə əlaqədar ATƏT qarşısında məsələ qaldırmağı düşünürsünüzmü?

– Bir neçə gün öncə Kopenhagendə ATƏT PA-nın Büro iclası oldu. Bizim nümayəndə heyətinin üzvü, eyni zamanda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bu məsələni bir daha orada qaldırdı. Biz hazırda ATƏT DTİHB-in yekun hesabatını gözləyirik. Əslində, Bakıda açıqlanan rəy ilkin rəydir. Əgər ehtiyac yaranarsa, bu məsələ qaldırılacaq. Burda əsas məqsəd məsələ qaldırmaq deyil. Əsas məqsəd məsələnin həllinə nail olmaqdır. Əgər məsələnin həllinə nail olmaq sadəcə ümumi müzakirədən deyil, ikitərəfli müzakirələrdən keçirsə, biz bu üsullardan istifadə edəcəyik.

– ATƏT PA-dan söz düşmüşkən bir məqamı qeyd etməyi zəruri bilirəm. Vikipediyada ingilis, rus, türk və alman dillərini bildiyniz qeyd olunub, ATƏT PA-nın saytında isə bildiyiniz dillər sırasında alman dili qeyd olunmayıb. Bu ziddiyyət nədən irəli gəlir?

– Ziddiyyət deyil. ATƏT PA-da əsasən iki dildən – ingilis və rus dillərindən istifadə edilir. Vikipediyadakı səhifəmdə isə daha dəqiq yazılıb. ATƏT PA-da ingilis və rus dillərini bilmək yetərlidir. Əslində, mən ATƏT PA-da rus dilindən heç bir halda istifadə etmirəm. Adətən ingilis dilindən istifadə edirəm ki, insanlar üçün daha çox anlaşılan olsun. Bir də şahidi olduğum odur ki, tərcümədə bir çox sözlər itir, fikir iştirakçılara tam çatmır. Ona görə də mən sırf ingilis dilindən istifadə edirəm. Orda ingilis dili bilənlərin sayı təbii ki, daha çoxdur.

Alman dilində isə mən oxuyuram, anlayıram, başa düşürəm və danışıram. Amma bu dildən rəsmi danışıqlarda yox, daha çox ikitərəfli münasibətlərdə istifadə edirəm. Çünki mən orta məktəbdə ingilis dilindən önəcə alman dilini keçmişəm. İqtisad Universitetində oxuduğum zaman da mənim ikinci xarici dilim alman dili idi.

– Bəs, liseydə əsas diliniz hansı idi?

– Azərbaycan dili. Mən Azərbaycan sektorunda oxumuşam.

Özümü bu gün də riyaziyyatçı sayıram

– Fizika-riyaziyyat və informatika təmayüllü liseyi bitirsəniz də, sonradan iqtisadiyyatı seçdiniz. Bu, necə baş verdi?

– Maraqlı sualdır. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, mən həm də riyaziyyat üzrə Azərbaycan yığma olimpiada komandasının 4 üzvündən biri olmuşam. Olimpiadalarda iştirak etmişəm, birinci yeri də tutmuşam, qızıl medal da almışam. Əslində, özümü daha çox riyaziyyatçı sayırdım. Bu gün də daha çox riyaziyyatçı sayıram. Çünki biz lisey illərinin böyük bir hissəsini riyaziyyata həsr etmişik. Amma liseyi bitirdikdən sonra bir az fərqlilik olsun deyə, mən sənədlərimi İqtisad Universitetinə verdim. Halbuki bizim təhsilimizi davam etdirməyimiz üçün Bakı Dövlət Universitetinin tətbiqi mexanika və tətbiqi riyaziyyat kimi fakültələri vardı. Amma mən düşündüm ki, riyazi biliklər iqtisadi və sosial biliklərlə daha da genişlənə bilər. Ona görə də iqtisadçı olmağı seçdim. Düşünürəm ki, riyaziyyatı bilmək, onu mənimsəmək həyatda insana çox böyük fayda verir. Riyazi düşüncə tərzi, məsələlərin qəbul və analiz olunmasında riyaziyyat çox böyük kömək edir. Məhz alqoritmi bilmək əslində insanın bütün həyatı boyu verəcəyi qərarlarda çox mühüm rol oynayır. Çünki alqoritmi təsəvvür etməyəndə verəcəyiniz qərarın hansı nəticələrə səbəb olduğunu bilmirsiniz, bu isə çox böyük çətinliklər yaradır.

Pul yığıb kitab aldıq, surətini çıxarıb…

– Universitet illəriniz necə keçdi?

– 1994-cü ildə İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil oldum. Fakültə yeni açılmışdı. Ədəbiyyat da yox idi, ümumiyyətlə. Biz ingilis və rus dillərində olan ədəbiyyatları əldə etmək məcbiriyyətində qalırdıq. Xatırlayıram ki, universitetin aşağısında “Akademik kniq” deyilən bir mağaza vardı. O zaman “Ekonomiks” kitabı yeni çap olunmuşdu. Bizim o kitabı almağa imkanımız yox idi. Biz tələbələr toplaşıb o kitabı almışdıq, surətini çıxarıb oxuyurduq. Qrupda 21 nəfər idik. Kifayət qədər yaxşı oxuyan uşaqlar var idi. Bizim seminarlarımız 80 dəqiqə davam edirdi. 80 dəqiqə bir tələbənin çıxışına yetmirdi. Elə olurdu ki, ikinci dərsə keçirdik. Uşaqlarda o qədər böyük həvəs vardı, kifayət qədər hazırlıq vardı. Çalışırdıq ki, maksimum öyrənək. 1998-2000-ci illərdə magistraturanı da oxudum. Bundan sonra fikirləşdim ki, bir az davam etdirim və iqtisad elmləri namizədi olmaq üçün əyani aspiranturaya daxil oldum. 2003-cü ildə bitirdim, müdafiə etdim. Müdafiə mövzum xarici ticarət siyasətin təkmilləşdirilməsi yolları idi.

İki il sonra gəldiyim mağazanın direktoru oldum

– İlk iş yeriniz hara olub?

– İlk iş yerim Xarici İqtisadi Əlaqələr Nazirliyi idi. İndiki İqtisadiyyat Nazirliyinin yeni yaranan vaxtları idi. Nazirlikdə Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı şöbə var idi. Mən təcrübəmi də orda keçmişdim. Sonra nazirlikdə işə dəvət etdilər və mən mütəxəssis işləməyə başladım. Cəmi 6 ay işləyə bildim, 6 aydan sonra ərizəmi verib çıxdım. Səbəb mənim bir çox təşəbbüslərimin dəstəklənməməsi, yaxud daha aktiv iş istəməyim idi. Hesab edirdim ki, ali məktəbi yeni bitirən, özü də fərqlənmə diplomu ilə bitirən bir gənc olaraq bu istiqamətdə daha çox iş görə bilərəm. Amma o zaman dövlət bürokratiyasına öyrəşə bilmədim. Yazılı təkliflər verirdim, mənə deyirdilər ki, bir aydan sonra baxarıq, bir ay sonra yenidən müraciət edirdim, deyirdilər, sonra baxarıq. Bunlar məni qane etmədiyi üçün 6 aydan sonra işdən çıxdım.

Sonra özəl sektorda iş axtarmağa başladım. O zaman artıq çox fikirləşdim. Düşündüm ki, öncə kompüteri öyrənim. Təbii ki, komputer almağa imkanım yox idi. Bunu harda öyrənə biləcəyimi fikirləşirdim. O zaman Nizami (Torqovı) küçəsində kompütür satışı ilə məşğul olan bir mağaza var idi. Onlara yaxınlaşıb xahiş etdim ki, icazə versinlər, işdən sonra gəlib onların işçi kompüterində “Windows”u və ofis proqramlarını öyrənim. Səhv etmirəmsə, o zaman “Windows-98” idi. Bəxtim gətirdi, mənə icazə verdilər. Mağaza bağlanandan sonra axşam saat 9-10 arasında gəlirdim, bir qarovulçu olurdu, bir də mən. İqtisad Universitetinə gedib tələbə biletimi qoyub kompüteri öyrədən bir kitab almışdım. Onlara baxırdım, öyrənirdim. Bir ay öyrəndikdən sonra həmin mağazanın rəhbərliyi məni işə dəvət etdi. Əslində, mən özüm də iş axtarırdım. Əvvəl köməkçi kimi çalışdım. Çalışa-çalışa mühəndisliyi öyrəndim, mühəndis işlədim. Sonra maliyyəni öyrəndim, mühasibatlıqda işlədim. Satışı öyrəndim, satıcı işlədim. Təxminən iki ildən sonra mən həmin mağazanın direktoru idim.

– Bu, “Ultra” şirkəti idi?

– Yox, bu, hələ “Ultra” deyildi. Bu, hələ ondan əvvəl idi. 2000-ci ildə rəhbəri türklər və digər xaricilər olan həmin bu mağazanı bağlamaq və Türkiyəyə getmək qərarı verdilər. Bu zaman yenidən işsiz qaldım. Neyləyim, necə edim deyə fikirləşdim. O zaman artıq tələbə yoldaşlarımla belə qərara gəldik ki, bəlkə yeni bir layihəyə başlayaq?! Pulumuz yox idi, kiçik bir sərmayə ilə 2001-ci ildə ümumilikdə yığışaraq bu layihəni həyata keçirtməyə başladıq. 2003-cü ildə qərar verdik ki, nəsə yaradıcı bir işlə məşğul olaq. 2003-cü ildə Azərbaycanda və bütün regionda ilk dəfə olaraq “Nexus” markalı noutbuk istehsal etdik. Biz ilk modeli cənab Prezidentə təqdim etdik. Uzun müddət istehsalla məşğul olduq. İrana, Qazaxıstana, Rusiyaya, bir ara Serbiyaya ixrac edirdik. Yəni, həm texnologiyanı, həm də tələbatı bildiyimiz üçün işimiz pis getmirdi. Sonra artıq planşet buraxmağa başladıq. Bizim “Azpad” deyilən markalarımız var idi. Əslində, milli sahibkarlıq faəliyyətinə başlamışdıq və dövlətdən də böyük dəstək gördük. Sonra proqram təminatı, elektron hökumət quruculuğu ilə məşğul olmağa başladıq. İndiki E-hökumət portalı, “Avroviziya” portalı, ASAN Xidmət layihəsi, elektron imza layihələrini icra etdik.

2011-ci ildə İqtisadiyyat Nazirliyində İnnovasiyalar üzrə müşavir təyin olundum. Dörd il orda işlədikdən sonra – 2015-ci ildə Milli Məclisin deputatı seçildim.

Həmin görüş nəticəsində...

– Stanford Universitetinə gedişiniz necə oldu?

– 2003-cü ildə informasiya-kommunikasiya texnologiyaları ilə məşğul olmağa başladıqdan sonra bizim sahədə bütün əsas şirkətlərin ABŞ şirkətləri olduğunu gördüm. Bunlar “Maykrosoft”, “İntel”, sonradan “Orakl” kimi şirkətlər idi. Mən fikirləşirdim ki, təhsilimi bu istiqamətdə davam etdirim. Çünki mən iqtisadi təhsil almışdım, liseydə isə informatikanı, proqramlaşdırmanı və riyaziyyatı öyrənmişdim. Ancaq İKT ilə bağlı təhsilim yox idi. O zaman qərar gəldim ki, daha üst bir təhsil almaq üçün ABŞ-a gedim və Stanford Universitetində İKT-nin idarə olunması üzrə təhsil alım. 2004-cü ildə bu universitetdə İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramı bitirdim.

2008-ci ildə “İntel Korporasiyası”in prezidenti ilk dəfə Azərbaycana səfər etdi. Cənab prezident bizi qəbul etdi. Həmin görüşün nəticəsi olaraq “İntel” Azərbaycanın Təhsil Nazirliyinə 1000 ədəd noutbuk hədiyyə etdi. Əsas məqsədimiz texnologiyaların daha çox yayılması idi. Universitetlərdə, orta məktəblərdə tədbirlər keçirirdik.

Təhsili davam etdirməklə bağlı son fəaliyyətim bu yaxınlarda başa çatıb. 2016-cı ildə ATƏT-dən Oksford Universitetinə göndərildim və “Beynəlxalq iqtisadiyyat və beynəlxalq siyasət” ixtisası üzrə xüsusi proqramını bitirdim.

– Lisey və tələbə yoldaşlarınız arasında tanıdığımız insanlar varmı?

– Siyasətdə yoxdur. Amma dövlət orqanlarında çalışanlar var. İKT sahəsində çalışan tələbə yoldaşlarım var. Mərkəzi Bankda çalışan tələbə yoldaşlarım var. Biz universiteti bitirəndə tələbə yoldaşlarımızın çoxu bank sektorunda, o cümlədən Mərkəzi Bankda işləməyə başladılar. Bir hissəsi digər sektorlarda çalışmağa başladı, bəziləri isə xaricə getdi.

– Xaricə gedənlər orda qaldılar, yoxsa?

– Qaldılar. Bəziləri Türkiyədə təhsillərini davam etdirdilər, bəziləri Avropaya getdilər.

İqtisadiyyat nazirinin masası üzərində kağız görə bilməzsiniz…

– Amma sonradan bir vaxtlar bürokratiyasına öyrəşə bilmədiyiniz nazirliyin rəhbərliyinə – İnnovasiyalar üzrə müşavir vəzifəsinə gətirildiniz…

– Müşavir vəzifəsi bir az daha azad vəzifədir. Müşavirin əsas vəzifəsi icraya nəzarət etmək deyil, ideyalar yaratmaq və onları təqdim verməkdir. Məsələn, mənim işlədiyim dövrdə, elə indi də İqtisadiyyat Nazirliyi bu günün özündə belə ən çox elektronlaşan nazirlik oldu. Düzdür, bu siyasətin başında cənab nazir Şahin Mustafayev dururdu. Amma biz də ideya və dəstək olaraq elə təkliflər irəli sürürdük ki, bu, sonda nazirliyin daha effektiv fəaliyyət göstərməyinə gətirib çıxarırdı. Məsələn, nazirlik bu gün bir dənə də kağızdan istifadə etmir. Siz nazirin masasının üzərində kağız görə bilməzsiniz. Bütövlükdə hamısı elektron sənəd dövriyyəsidir. Qərarların hamısı, sertifikatlar elektron formada verilir, arxivləşdirilir. Bax, əslində nəticələr bu oldu. Yəni, orda iş maraqlı idi. 2015-ci ildə düşündüm ki, elektonlaşdırma ilə missiya tam yerinə yetirilib. Biz nazirliyin sonrakı 3 il ərzində strategiyasını hazırlayıb təqdim etmişdik.

Deputat olmaq 5 il Milli Məclisə gəlib-getməkdən ibarət deyil

– Yeni Azərbaycan Partiyasına üzv olmağınız neçənci ildə və necə baş verdi?

– Bu, 2005-ci ildə olub. Mən o zaman universitetdən partiyaya üzv olmuşam. Çünki mən eyni zamanda müəllim işləyirdim, dünya iqtisadiyyatından dərs deyirdim. Hələ 1990-cı illərin əvvəllərində baklavr oxuduğumuz dövrdə Ulu Öndərin yolunu dəstəkləməklə bağlı fikirlərimiz qəti idi. 2005-ci ildə 28 yaşım var idi və düşündüm ki, artıq partiyaya üzv oldum.

– Partiya da 2015-ci ildə Sizə etimad göstərdi…

– Bəli, bu, böyük etimad idi. Çünki mən, əslində, Milli Məclisə öz təşəbbüsümlə deyil, partiyanın rəsmi siyahısı ilə seçilmişəm. İndiki fəaliyyətimdə də çalışıram, bundan sonra da çalışacam ki, bu etimadı doğruldum. Bu, böyük məsuliyyət olmaqla yanaşı, böyük bir avansdır. Bu avansı və məsuliyyəti doğrultmaq lazımdır. Deputat olmaq sadəcə 5 il Milli Məclisə gəlib-getməkdən ibarət deyil. Düşünürəm ki, insan fəaliyyəti dövründə bir dəyər yaratmalı, işinə daha məsuliyyətli yanaşmalıdır. Bütövlükdə insanlar, seçicilər və partiya qarşısında olan vəzifələrini yerinə yetirməlidir.

– Niyə məhz 42 saylı Sumqayıt ikinci seçki dairəsi?

– Əslində, mən tələbə vaxtı Sumqayıtda yaşamışam, Bakıya sonra köçmüşəm. Sumqayıtda çoxlu tanıdıqlarım, tələbə yoldaşlarım var. Amma bu, partiyanın qərarı idi, fərq etməzdi. Başqa bir regiondan versəydilər də, orda uğurlu seçki kampaniyası aparmağa çalışacaqdıq.

Babamın xatirəsini yaşatmaq üçün…

– Sizinlə bağlı bir mühüm məqam da soyadınızla bağlıdır. Bildiyimiz qədər soyadınızı dəyişmisiniz. Neçənci ildə və niyə dəyişmisiniz?

– Bəli, əvvəlki soyadım Paşayevdir. 11-ci sinfi bitirəndə, 1994-cü ildə babamın adını özümə soyad götürdüm. Babamın adı Mirkişidir. Bu addımı atmağımda uşaqlıqda daha çox babamın yanında yaşadığımız rol oynayıb. Eyni zamanda babam müharibənin çətinliklərindən keçmiş bir adam idi, Berlinədək döyüşmüş, Berlini almışdılar. Sonra Mancuriyaya getmiş, yaponlarla müharibədə iştirak etmişdi. Yapon işğalçı qüvvələrini Mancuriyadan çıxardıqdan sonra 1946-cı ildə Vətənə qayıtmışdı. Mən babamla çox fəxr edirdim ki… O mənim nəzərimdə qorxmaz, cəsarətli, cəsur bir insan idi. Ancaq eyni zamanda kifayət qədər təvazökar idi. Həm onun adını yaşatmaq, həm də bir milliləşmə həyata keçirmək, “ov”, “yev”lə qurtarmaq üçün soyadımı dəyişdim. Məndən sonra qardaşım da soyadını dəyişdi və bu proses getməyə başladı.

Gürcüstana gedəndə elə bilirlər, gürcüyəm

– Babanız harda yaşayıb, işləyib?

– Qubadlı rayonunda. Partiya işlərində, dövlət təsərrüfatının rəhbəri çalışıb. Çox vaxt xaricdə qarışdırırlar. Çünki mənim soyadım gürcü soyad sonluğuna bənzəyir. Xaricdə “şvili” gürcü soyad sonluğunu çox eşidirlər.”Mirkişili” dedikdə “Mirkişvili” kimi başa düşürlər. Yəni, buna öyrəşməyiblər. Səhv etmirəmsə, Azərbaycanda ”Mirkişili” soyadı yalnız bizim ailədədi. Ona görə də bəzən qarışdırırlar, bəzən buna fikir vermirəm. Hətta mən Gürcüstana səfər edəndə elə bilirlər ki, gürcüyəm, çox da fikir vermirlər. Hərflər bir-birinə oxşayır. Getdikcə öyrəşirəm.

– Mirkişili soyadını daşıyan digər şəxslərdən – övladlarınızdan danışaq. Neçənci sinifdə oxuyurlar, gələcəklərini necə görürsünüz?

– Qızım 10-cu sinifdə oxuyur. Onu daha çox dizayn və stilist işləri maraqlandırır. Əl qabiliyyəti və bu sahədə istedadı oldğu üçün daha çox bu istiqamətdə öz karyerasını qurmaq fikri var. Düşünürəm ki, hər bir insan ən yaxşı bacardığı və özünün sevdiyi işlə məşğul olmalıdır. Heç bir övladı valideyn zorla, yaxud öz fikirləşdiyi formada yönəldib peşə seçməsinə təşviq, yaxud məcbur etməməlidir. Buna inanıram. Çünki bu gün dünyada böyük imkanlar var. Əsas məsələ hansısa işi sevərək görmək, o işdən həzz almaq və o işin peşəkarı olmaqdır.

Oğlum isə hələ kiçikdir, 5-ci sinifdə oxuyur. Hələlik gələcəkdə hansı sənəti seçəcəyi ilə bağlı aramızda söhbət olmayıb. Düşünürəm ki, buna vaxt lazımdır. Hər ikisi ingilis dilində təhsil alır, bununla yanaşı, rus dilini və sözüsüz ki, doğma dilimizi bilirlər.

Sonuncu dəfə “Kəkotu”na baxmışam

– Musiqi, ədəbiyyat, ümumiyyətlə, sənətlə aranız necədir?

– Ümumiyyətlə, riyaziyyatçılar ədəbiyyatı və musiqini çox sevirlər. Uşaqlıqda da, indi də pianinoda ifa etməyi çox sevirəm. Eyni zamanda gitara da ifa edə bilirəm. Hər ikisində xarici və yerli bəstələri ifa edirəm və bundan həzz alıram. Teatra getməyi, kinoteatrda filmə baxmağı çox sevirəm, konsertlərə getməyi də xoşlayıram. Demək olar, hər həftə sonu kinoteatra gedirəm. Sonuncu dəfə kinoteatrda milli film olan “Kəkotu” filminə baxmışam.

İKT tarixində az-az rast gəlinən hücumlar oldu

– Avrovoziya-2012 mahnı yarışması zamanı portalın hazırlanmasında və yarışmanın İKT ilə bağlı məsələlərinin həllində aktiv iştirak etmiş şəxslərdən birisiniz. Həmin günlərdə Azərbayacana olan kiberhücumlar barədə danışmağınızı istərdik…

– Avroviziya-2012 keçirilən zaman Azərbaycanın bədxahlarının, xüsusən ermənilərin “Avroviziya”nın saytı, onun kontenti və yayımına mane olacağına dair siqnallar alırdıq. Biz yarışmaya təxminən iki həftə qalmış bu hücumları gördük. Ümumiyyətlə, Avroviziya-2012 keçirilən zaman Azərbaycana dünya İKT tarixində az-az rast gəlinən hücumlar olmuşdu. Bizdə bu hücumların coğrafiyası ilə bağlı xəritə var idi. Hücumlar Yaponiyadan başlayıb Amerikayadək uzanırdı. Həmin xəritə indiyədək yadımdadır. Böyük monitorda hücumların hardan gəldiyi göstərilirdi. Saniyədə 50 milyon hücum olurdu. Çox çətin idi… təxminən bir həftə yatmadıq. Bununla bağlı 7 müxtəlif yerdə “Avroviziya”nın kontentini yaratmışdıq. Onlardan hansısa biri sındırıldığı zaman biz digərindən istifadə edirdik. Sonra sındırılan kontenti bərpa edirdik. Kifayət qədər, həddindən artıq çətin bir proses idi. Onlar heç nəyə nail ola bilmədilər, çox normal şəkildə yayım həyata keçirildi, kontent və İKT ilə bağlı məsələlər həyata keçirildi.

– Belə çıxır ki, Avroviziya-2012-nin bütün infrastrukturuna hücum edilirdi?

– Bəli. Avroviziya-2012-nin infrastrukturuna sayt, yayım, serverlər, çəkiliş avadanlıqları, optik xətlər idi. Bütün bunların hamısına hücum edib onun işini iflic etmək istəyirdilər. İstəyirdilər ki, bunu dayandırsınlar, bu, dünyaya yayıla bilməsin, sayta girmək, baxmaq mümkün olmasın. Onların əsas məqsədi bundan ibarət idi ki, tamaşaçılar Avroviziya-2012-ni izləyə bilməsin. Bu da təbii idi. Çünki “Avroviziya” tamaşaçılar üçün olan müsabiqədir. Milyonlarla insan onu görə bilmirsə, o zaman həmin müsabiqəni keçirməyin mənası qalmırdı.

Azərbaycana hücumun maliyyə dəyəri - 20 milyon…

– Hücumların mənbəyini araşdırarkən hansı nəticələrlə qarşılaşdınız?

– Bu dərəcədə miqyası olan və bu dərəcədə intensiv hücumlar dünyada çox az olur. Bu hücumun arxasında çox böyük bir maliyyə qayanqları dayanırdı. Hesablamışdıq ki, iki gün ərzində Azərbaycana olan hücumun maliyyə dəyəri 20 milyon dollardan çoxdur. Bu pulun mənbəyinin kim, yaxud kimlər olduğunu, necə xərclədiyini təbii ki, biz bilmirdik. Amma bu qədər pul ayırmaq fərdi şəxslərin işi deyildi. Bu hücumu təşkil etməyin arxasında çox böyük qüvvələr dayanırdı. Bu qüvvələrin planları yerinə yetirilmədi. Çünki bu hücumların qarşısını almaq üçün xüsusi konmanda yarandı. Onlar gecə-gündüz - 24 saat işləyərək bu hücumun qarşısını aldılar. Sonda alındı. Bununla bağlı bizdə videolar, fotoşəkillər var. Yəni, bu bir tarixi hadisədir.

O vaxt Daxili İşlər Nazirliyi tərəfindən bizə əlavə olaraq 4 polis əməkdaşı ayrılmışdı. Onlar bizim mühafizəmizi təmin edirdilər. Çünki təxribat ola, yaxud yaradılan ofisə hücumlar ola biləcəyinə dair siqnallar alınırdı. Xüsusi gizli ofis qurulmuşdu, hücumların qarşısı həmin ofisdən alınırdı.

– Saniyədə 50 milyon hücum neçə nəfərin görə biləcəyi bir işdir?

– Bu iş ya 50 milyon insan, ya da 50 milyon insanı imitasiya edə bilən xüsusi mərkəzlər tərəfindən görülürdü. Saniyədə 50 milyon hücum o deməkdir ki, sizə 50 milyon insan hücum edir. Blok edir, sındırır, dağıdır, sonra həmin yerə başqa informasiya da qoya bilirlər. Bu dərəcədə miqyasda olan hücumun içində həm hakerlər, həm xüsusi təşkil olunmuş qruplar var idi. Ümumiyyətlə, hücumun belə bir xarakteri var ki, sizin kompüterinizdən sizin xəbəriniz belə olmadan hücum təşkil edə bilirlər. Viruslar əvvəlcədən kompüterin içinə atılır, sizin xəbəriniz olmadan bəlli bir vaxtda əmr gələndə komputer konkret ünvana hücum etməyə başlayır. Ona görə də biz baxdıqda görürüdük ki, hücumlar müxtəlif ölkələrdən gəlir. Amma bəlkə də o ölkələrədə yaşayanların bundan xəbərləri yox idi. Bir mərkəzdən müxtəlif ölkələrə əmr göndərilir, o zaman siz baxırsız ki, müxtəlif ölkələrdən hücumlar gəlir. Coğrafiyanın arealını ona görə belə geniş seçirlər ki, onları bloklaya bilməyəsiz. Bütün dünyanı bloklaya bilməzsiz axı… Bir ölkədən hücum olsa, həmin ölkəni müvəqqəti bloklayarsız, deyərsiz ki, məsələ bitdi. Ona görə də biz deyirik ki, bu, kifayət qədər bahalı hücum idi.

Ümumiyyətlə, İKT sahəsində hücum etmək üçün böyük maliyyə imkanları olmalıdır. Çünki bunun üçün bəlli bir infrastruktur, güclü serverlər, çox yüksək sürətli internet və resurslarınız olmalıdır. O resursları əldə etmək üçün çox böyük maliyyə qaynağı olmalıdır. Çünki bunların hamısı maliyyə tələb edir. Ona görə bir daha qeyd edirəm, biz hesablamışdıq ki, 2 günlük hücumun ümumilikdə maliyyə dəyəri 20 milyon dollar idi.

– İki həftənin içində iki günü xüsusilə ayırmağınızın səbəbi nədir?

– Çünki ən intensiv hücum yarışın keçirildiyi iki gün ərzində oldu. Amma yarışdan əvvəlki iki həftə ərzində də onlar tərfindən periodik olaraq yoxlamalar olurdu.

Yatmaq ağlımıza belə gəlmirdi

– Bizdən bu iş üçün neçə nəfər ayrılmışdı?

– Mən də daxil olmaqla 12 nəfər bu prosesə cəlb olunmuşduq. Mən həm prosesi idarə edirdim, həm də cavabdeh şəxs idim. Növbə ilə işləyirdik. Demək olar ki, bir həftə yatmadıq. İki-üç saat yatırdıq, sonra yenidən kompüter arxasına əyləşirdik. Çünki kifayət qədər məsuliyyətli bir iş idi. O məsuliyyəti düşündükcə yatmaq ağlımıza gəlmirdi. Orda 24 saat qoruma gedirdi. Çünki hücumlar dayanmırdı. Bir var ki, dayana, siz də gedib fasilə edəsiniz, bir də var ki, kompüterin arxasından qalxsanız və sizin yerinizdə başqası əyləşməsə, hər şey dağılar. 2009-ci ildə Rusiyada keçirilən saytları dağıda bildilər. O zaman səhv etmirəmsə, Vesti.ru-dan və Rt.ru-dan yayımlanırdı. Onları dağıtdılar. Həmçinin, “Avroviziya”nın özünün Avropa Birliyində blokları vardı, onları iflic edə bildilər. Amma Azərbaycanda bunu edə bilmədilər, bu hücumların qarşısı alındı. Dövlət orqanları ilə birgə səyin nəticəsində bu qara qüvvələrin səyləri puç oldu.

– Sözsüz ki, bu bizim böyük uğurumuz idi…

– Əlbəttə, ümumiyyətlə, yarışmanı keçirməsi, onu başa çatdırması Azərbaycanın çox böyük uğuru idi. Onlar bunu gözləmirdilər. Amma Azərbaycan hər sahədə buna hazırlaşmışdı. Həm yarış yüksək səviyyədə keçdi, təşkilatçılıqla bağlı heç bir problem yaşanmadı, həm də İKT tərəfindən problemlərlə üzləşmədik. Siz əslində bunu görmürdünüz. Çünki yarışmaya yalnız ekrandan baxırdınız. Amma arxada, hər sahədə ölkə başçısı cənab İlham Əliyevin və yarışın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük və əzmkar bir komanda çalışırdı…


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər