25 Aprel 2018 19:56
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik və əminəm ki, hər zaman bir yerdə olacağıq".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, iki ölkə arasında birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində tədqiqatlar həyata keçirilir: "Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var. Biz ordumuzun ehtiyacını, o cümlədən, Türkiyədə istehsal edilən hərbi məhsullar hesabına təmin edirik. Bu gün aparılan danışıqlarda qərara gəldik ki, bundan sonra da bu istiqamətdə addımlar atılacaq. Biz görürük ki, Türkiyənin çox inkişaf etmiş müdafiə sənayesi var və istehsal olunan mallar ən yüksək standartlara uyğundur.

Bütün sahələrdə - mədəniyyət, təhsil, humanitar sahələrdə də biz daim birlikdəyik. Bizi birləşdirən qədim tarix var. Bizi birləşdirən yaxın tarix var. Bu ilin may ayında birinci Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Ondan sonra Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin Ordusu ilə birgə Bakını erməni quldur dəstələrindən azad etməsini birlikdə qeyd edəcəyik. Bu, şanlı tariximizdir. Bu tarix göstərir ki, biz hər zaman bir yerdə olmuşuq, bu gün də bir yerdəyik və əminəm ki, hər zaman bir yerdə olacağıq. Bir daha, əziz qardaşım, böyük diqqətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Qardaş Türkiyə xalqına daim rifah və tərəqqi arzulayıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər