30 Aprel 2018 16:36
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Şıxlı ilə müsahibəni təqdim edir.

- Elçin bəy, Paşinyan Rusiya ilə yaxınlaşma siyasəti apardığını elan edib. Bildirib ki, hakimiyyətə gəlsə, heç bir halda Ermənistanın xarici siyasi istiqamətini dəyişməyəcək. Gözləntiləriniz nədən ibarətdir?

- Əvvəla, nəzərə almaq lazımdır ki, Paşinyan və ətrafı anlayır ki, indi Rusiyanı qıcıqlandırmaq olmaz. Əgər xatırlayırsınızsa, “yaşıl adamcıqlar” dediyimiz məsələ vardı və onlar Krımda ortaya çıxmışdı. Fikrimcə, indiki erməni müxalifəti “yaşıl adamcıqlar”dan ehtiyat edir və Rusiyanın başının altına yastıq qoyur.

İkincisi, Rusiyanın Ermənistanda mövcud olan hərbi bazasını unutmamalıyıq.

Üçüncüsü, Ermənistanı iqtisadi baxımdan saxlayacaq strukturların hamısı rusların idarəçiliyindədir. Bu mənada Paşinyan Rusiyadan asanlıqla qopmaq mümkün olmadığını başa düşür. Amma nəzərə almaq lazımdır ki, küçələrə çıxan erməni gəncliyinin əksəriyyəti SSRİ-ni görməyib. Onların əksəriyyəti Avropa, Qərb dəyərlərinə üstünlük verənlərdir.

Paşinyan Qərb diplomatları ilə görüşüb, onlarla müzakirələr aparıb. Ancaq hansı mövzularda danışdığı hələlik məlum deyil. Yəqin onlara deyib ki, bizə gömək edəcəksinizsə, tədricən Rusiyadan ayrılmaq siyasəti apara bilərik. Sözsüz ki, belə ümidləri də var ki, Qərbin və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Moskvanın başını öz problemlərinin həllinə qarışdıracaq, bu məqamdan istifadə edib Rusiyanın təsiri altından çıxa biləcəklər. İndi müxalifətin əsas məqsədi Rusiyanı qıcıqlandırmadan hakimiyyətə gəlmək və sonra tədricən özlərinə sərf edən istiqamətdə getməkdir. Bu o deməkdir ki, Qərb ölkələri əməldə onlara dəstək versə, asta templə Rusiyadan aralanmaq cəhdlərində bulanacaqlar. Qərb üçün Rusiyanın Cənubi Qafqazda zəifləməsi əhəmiyyətli məsələdir.

- Rusiya İrəvandakı küçə etirazlarına müdaxilə etmədi. Sonradan aydın oldu ki, Moskva Sərkisyanı qurban verməklə hakimiyyəti qoruyub saxlamaq istəyir. İndisə bəlli olur ki, Moskva sanki hakimiyyəti müxalifətə verməyə razıdır. Ermənistanın hakim partiyası baş nazirliyə namizəd irəli sürməyəcəyini bəyan edib. Kreml Paşinyanın hakimiyyətə gəlişinin qarşısını kəsə bilmir, yoxsa bilərəkdən yaşıl işıq yandırır?

- Bir var küçəyə çıxıb hay-küy salırsan, bir də var ölkəni idarə edirsən. Bunlar fərqli məsələlərdir. Ölkəni idarə edəndə bütün iplər Rusiyanın əlindədir. Fərq etmir Paşinyan olsun, ya Nersesyan. Rusiya düşünür ki, onsuz da, iplər onun əlindədir. Rusiya nəyə görə tələsmir? Fikrimcə, Rusiya futbol üzrə dünya çempionatı ərəfəsindədir. Qərb dişini qıcayıb ruslardan səhv addım gözləyir ki, Rusiyada keçiriləcək Dünya Çempionatını boykot etsin. Hər halda idmançılardan başqa heç kim Rusiyaya gəlməyə bilər. Fikrimcə, əgər Rusiya Ermənistanla bağlı qəti addımlar atmaq niyyətində olsa, bunu çempionat başa çatdıqdan sonra həyata keçirəcək. Baxın, 2008-ci il olimpiada oyunlarından sonra Rusiya Gürcüstana hücuma keçdi. Düzdür, həmin vaxt Putin baş nazir idi, amma bilirdik ki, ölkəni o idarə edir. Həmin ərəfədə maraqlı məqam yaşandı. Oğul Buşun ABŞ prezidenti kimi müddəti başa çatırdı. CNN ona sual etdi ki, niyə Putin belə addım atdı? O da cavab verdi ki, Putin onunla danışdığımızdan xeyli irəli getdi. O vaxt ABŞ Rusiyaya demişdi ki, şərqdə filan işə göz yumun, biz də hələlik MDB məkanında sizin işlərə qarışmırıq. Böyük siyasətdə belə hallar olur.

Mən düşünürəm ki, hələlik tələsmək lazım deyil. Paşinyan çiynində çanta, əlində meqafonla mitinq keçirməklə ölkəni idarə etmək arasında ciddi fərqlərin olduğunu anlayacaq. Mitinqdə insanlar eyforiyaya düşərək sənə inanır, ardınca gedir və sənin də ciddi məsuliyyətin olmur. Əlbəttə, bu, böyük işdir, amma ölkəni idarə etmək tam fərqlidir. Hakimiyyətə gəldinsə, deməli, praqmatik addımlar atmalı, gəlir-çıxarını düzgün hesablamalı, azı 2-5 il qabağı nəzərə almalısan. Mən təklif edirəm ki, Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını gözləyək. Çempionatdan sonra görək, Rusiya hansı addımlar atacaq və ya ABŞ-Rusiya qarşıdurması necə cərəyan edəcək. Çempionatdan sonra Rusiyanın daha kəskin addımlar atmasını gözləməyə dəyər.

Digər tərəfdən, Rusiya başqa variantlar da seçə bilər. Məsələn, Azərbaycanın Qarabağ istiqamətində irəliləməsinə mane olmaz, biz xeyli uğur qazana bilərik. Bundan sonra ruslar Paşinyanı ayağına gətirib diz çökdürər və deyər ki, reallıq budur. Sözümə baxmadın, nəticəsi belə oldu. Demək istəyirəm ki, Moskvanın variantları çoxdur. Ancaq dünya çempionatına qədər Rusiyadan sərt addımlar gözləməyək.

- Paşinyana baş nazir olmaq üçün 53 səs lazımdır. Bütün hallarda hakimiyyətdəki Respublikaçılar Partiyasının səslərinə ehtiyacı var. Sizcə, hakim partiya təmsilçiləri ona səs verəcək?

- Mən sabah nələrin baş verəcəyi haqqında konkret bir söz deyə bilmərəm. Çünki onların daxili bölgüsünü ətraflı bilmirəm. Amma Azərbaycan üçün orada kimin hakimiyyətdə olması o qədər də fərq etmir. Onların Qarabağ məsələsinə münasibəti eynidir. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, onlar deyəcək ki, Qarabağ bizimdir.

Digər tərəfdən, əgər başqa partiyalar baş nazirliyə namizədliyini vermirsə, deməli, Paşinyanı irəli verəcəklər. Yəni taktika belə ola bilər. Paşinyan baş nazir seçilir, bunlar onun işinə mane olur, Paşinyan bacarmır və biabırçı formada gedir.

- Rusiyalı siyasi ekspert Qleb Kuznetsovun Paşinyanı Əbülfəz Elçibəyə bənzətməsi və onun Elçibəyin siyasi taleyini yaşayacağı barədə mesajını necə qiymətləndirirsiniz?

- Ciddi yanaşma deyil. Əvvəla, Elçibəyin arxasında təşkilatlanan qrup mövcud idi. Paşinyanın arxasında isə təşkilatlanan qrup yoxdur. İkincisi, biz müstəqilliyimizi qazanmaq üçün 3 il mübarizə aparmışıq. Ermənistanda isə iki həftədir ki, proses baş verib, amma təşkilatlanma yoxdur. Ölkə daxilində narazılığın partlaması baş verib. Sabah masa arxasında oturub işləmək lazım gələndə küçələrə toplaşan insanlar evinə gedəcək, çörək haqda düşünəcək. Yəni bu, düzgün müqayisə deyil. Azərbaycan xalqı müstəqillik üçün 3 il mübarizə aparıb, ermənilər isə cəmi 2-3 həftədir ki, hoppanıb-düşür.

- Sizcə, Paşinyan “qurbanlıq quzu” ola bilərmi?

- Bəli, ola bilər. Bu mümkündür. Jurnalistdir, sonra parlamentdə təmsil olunub. Onun idarəetmə qabiliyyəti, təcrübəsinin olmadığı görünür. Daha dəqiqi, hakimiyyəti götürdükdən sonra ortaya çıxacaq. İrəvan erməniləri heç vaxt qarabağlı erməniləri bəyənməyib. Sadəcə, müharibəni udduğu üçün Qarabağ klanının sözü keçirdi. İndi də əhali ayağa qalxaraq, bezdiyi bu klandan canını qurtarmaq istəyib. Bu zaman qəhrəman Paşinyan olub. Daha sonra nələr olacaq? Bunu görmək üçün gözləmək lazımdır.


Müəllif: Cavad

Oxşar xəbərlər