Biznes forumlar Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında işgüzar əlaqələrin qurulması imkanlarını və onların daha da yaxınlaşmasını təmin edir.
Teleqraf.com xəbər verir ki, bunu bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.
Onun sözlərinə görə, bu gün Aİ Azərbaycanın əsas xarici tərəfdaşıdır. “Ötən il Aİ və Azərbaycan arasında ticarət dövriyyəsi 15 faiz artıb. Son 5 ildə Avropa İttifaqının Azərbaycana yatırdığı investisiyaların həcmi 15,3 milyard dollara çatıb. Son 9 ildə isə Aİ ölkələri ilə Azərbaycan arasında qoyulan investisiyaların həcmi 50,3 milyard dollar olub. Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 42% təşkil edir,” – deyə nazir müavini qeyd edib.
R. Məmmədov bildirib ki, Aİ neftə olan tələbatının 5%-ni Azərbaycandan alır: “Bu günlərdə açılışı olan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə çatdırılmasına kömək edəcək”.
R. Məmmədov Azərbaycanda yaradılan sənaye parkları və sənaye məhəllələrindən də geniş danışıb. O bildirib ki, ixracın diversifikasiyası Azərbaycan üçün olduqca önəmlidir. O, Avropa İttifaqı ölkələrini bu ixracın təşviqindən istifadə etməyə dəvət edib.