Mən millət vəkili Fazil Mustafanın şəxsiyyətini təhqir etmədən, onun Məşədi Dadaş məscidindəki əzadarlıq mərasimi ilə bağlı fikirlərini qəbul etmədiyini demişdim. Bildirdim ki, Fazil Mustafa deputatdır, yaxşı olardı ki, öz fəaliyyəti ilə məşğul olsun, öz seçicilərinin problemlərini həll etsin. Fazil Mustafa din alimi deyil, hökm vermək də din xadimlərinin səlahiyyətindədir, onun yox.
Bunu Teleqraf.com-a açıqlamasında jurnalist Rəsul Mirhəşimli deyib.
O hesab edir ki, Fazil Mustafa dini məsələlərə qarışmasa yaxşıdır: “Çünki Allah göndərdiyi dini üzərində nəzarəti kiməsə tapşırmayıb. Allah Quranı da, bu dini də qiyamət gününədək özü mühafizə edəcək. Əgər söhbət məzhəblər və bu məzhəblərin rituallarından gedirsə, hər məzhəb öz seçdiyi yolda müstəqildir. Məzhəblərin çoxluğu islamın rəngarəngliyindən irəli gəlir. Əgər insanların hamısı eyni düşüncədə olsaydılar, o zaman Allah insanın yerinə robot yaradardı.
Son vaxtlarda isə Fazil Mustafa çox qəribə davranış nümayiş etdirir. Öz fikirləri ilə razılaşmayanları təhqir edir, İrana işləməkdə yamanlayır. Fazil Mustafanın mənə verdiyi cavab Cinayət Məcəlləsinin 148 və 149-cu maddələri üzrə hüquqi məsuliyyət yaradır. O mənə böhtan atıb və təhqir edib. Mən hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, bu məsələ ilə məşğul olsunlar. Mən onsuz da məhkəməyə müraciət edəcəm. Hesab edirəm ki, bu məsələnin hüquqi müstəvidən kənarda həlli yolu yoxdur”.
Rəsul Mirhəşimli deputatın əzadarlıqla bağlı iddiasına da toxunub:
“Fazil Mustafa iddia edir ki, əzadarlıq İrandan gəlir. Mən isə deyirəm ki, bu, ilk dəfə Şah Abbasın dönəmində Səfəvilər dövlətində Kərbəla şəhidləri yad edilərkən meydana gəlib. İndi də Fazil Mustafa qayıdıb deyəcək ki, Səfəvilər İran dövlətidir, bunun türklərə dəxli yoxdur. Qaçaq Nəbini “şişirdilmiş qəhrəman” adlandırmaq, Şah İsmayılı aşağılamaq nə deməkdir? Əgər Azərbaycanın belə bir tarixi şəxsiyyətləri yoxdursa, bəs, Azərbaycan dövlətini kim yaradıb? Onda da, başqalarının absurd iddialarını təsdiq etmiş oluruq. Əgər həmin şəxsiyyətlər varsa, onları hədəfə almaq hansı məqsədə xidmət edir?
Fazil Mustafa Azərbaycanın tarixi şəxsiyyətlərinin 80-90 faizini təhqir edib. İndi onun “Azərbaycanı sevirəm”, deməsi nə qədər səmimidir?”.
Millət vəkili Fazil Mustafa Rəsul Mirhəşimlinin onu məhkəməyə verməsi üçün heç bir hüquqi əsasının olmadığını deyib:
“Məni məhkəməyə ancaq savadsızlıqdan verə bilərlər. Mənim hansısa məsələyə dair fikir bildirmək haqqım var. Mənə qarşı tərbiyəsizcə təhqir kampaniyası aparanlara da cavabımı verirəm. Bu məhkəmə hay-küyünü boş hesab edirəm. Məni məhkəməyə görüntü üçün verirlər.
Məsələyə yanaşmaya gəlincə, bu, sırf cəmiyyətimizin maarifləndirilməsi ilə bağlıdır. Cəmiyyətdə xürafat və mövhumatın təbliğinə qarşı qəti mövqe ortaya qoyulmalıdır. XXI əsrdə Azərbaycan insanına təlqin olunan şeylərə baxın. İnsanlar Marsda koloniya yaradırlar, biz də oturub məsələyə bir-iki səviyyəsiz molla qeydiyyatlı adamın yanaşması ilə yanaşırıq.
Azərbaycanda kifayət qədər savadlı mollalar var, amma başqa ölkələrin maraqlarına xidmət edən savadsız mollalar da var. Yəni, insanlar daha bilgili insanları dinləməlidirlər və qərarlarını verməlidirlər”.
Fazil Mustafa əzadarlıqla bağlı mövqeyini də açıqlayıb:
“Bu “xəstəlik” Səfəvilər dönəmindən Azərbaycana yayılmağa başlayıb. İndi İranda nə varsa, bunlar Səfəvilər dönəmində ortaya çıxıb. Bir dənə fakt qoyun ortaya ki, Quranda əzadarlıq bəyənilir, ya da peyğəmbər bəyənib. Bu uydurma şeylərlə Azərbaycan cəmiyyətini fanatizmə, mövhumata yuvarlamağa nə ehtiyac var? Kütləni psixoloji təzyiq altında saxlamağın nə mənası var? Azərbaycan dünyəvi dövlətdir, bunu din adı altında cəmiyyətə sırımağın mənası yoxdur.
Ehtiyacı olan insanlar qan verməyi özünüzə adət edin. Bəs niyə ağlayırsınız? Niyə bu dini yas dininə çevirisiniz? Biz məsələyə sırf islam məntiqi ilə yanaşırıq. Sübut etsinlər ki, Quranda əzadarlığın müsbət bir şey olması haqda ayə var, yaxud, qışqırararaq ağlamaq savab işdir. Dünya müsəlmanları içində peyğəmbərə görə başını yaran insan görmüsünüzmü? Uşaqları da aparırlar, başlarını yarırlar. Biz gələcək üçün qatil yetişdirməyi təbliğ etmirik. Ziyalılar bu məsələdə öz səslərini qaldırmalıdırlar, bu məsələnin üstünə getmək lazımdır”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa sosial şəbəkədə Məşədi Dadaş məscidində keçirilmiş əzadarlıq mərasiminin video-görüntüsünü paylaşaraq bunu tənqid edib.
Fazil Mustafaya cavab verən Rəsul Mirhəşimli isə bunun millət vəkilinə yaraşmadığını, videoda ağlayan şəxslərə qarşı münasibətinin doğru olmadığını deyib.