ABŞ, İsrail və Avropanın aparıcı ölkələrinin əsas hədəfi Yaxın Şərqdə kürdlərin adına dövlət yaratmaqdır. Bu dövlət bölgədə İsraildən sonra bufer rolunu oynayacaq.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Politoloq bildirib ki, yaxın günlərdə Şimali İraq Kürd Muxtariyyətinin hərbçiləri İsraildə səfərdə olub və İsrail Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə görüşüblər:
“Artıq İraq ərazilərində kürd muxtariyyəti var. Bu muxtariyyət müstəqil olmağa cəhd edir və bununla bağlı referendum keçirib. Lakin İran və Türkiyənin etirazçı mövqeyinə görə, Qərb kürd məsələsini müvəqqəti olaraq ikinci plana atdı. Hətta belə bir xəbər də yayıldı ki, ABŞ kürdlərə referendumu bir neçə ildən sonra keçirməyi məsləhət görüb, amma kürdlər bu məsləhətə qulaq asmayıblar , buna görə də müstəqillik cəhdləri baş tutmadı. Suriyadakı kürdlər də ən az muxtariyyət əldə etməyə çalışırlar. Əvəllər Rusiya və ABŞ-dan verilən bəyanatlarda Suriyanın federallaşması ideyasının dəstəkləndiyi vurğulanırdı. Amma son zamanlarda bu ideya bir qədər arxa plana keçib. Perspektivdə bu ideya yenidən gündəmə gələcək”.
Sədrəddin Soltan hesab edir ki, proses İran və Türkiyə üçün təhlükəlidir, çünki hər iki ölkədə terrorçu PKK-nın özü və qolları fəaliyyət göstərir:
“Onların əsas məqsədi İran və Türkiyə ərazilərində öz müstəqil dövlətlərini qurmaq, yaxud bu ölkələrin ərazilərini parçalamaqdır. Son illərdə bunu Türkiyənin timsalında daha çox gördük.
Amma Kürdüstan məsələsi indiki halda ikinci plana keçirilsə də, bu, gündəlikdə qalır. Bir müddət sonra yenidən bu istiqamətdə aktiv fəaliyyətlər özünü göstərəcək. Sadəcə olaraq, bu prosesi başqa bir mərhələyə keçiriblər. Amma zaman-zaman kürdlərin terror təşkilatlarından bölgə dövlətlərinə təzyiq vasitəsi kimi istifadə ediləcək”.
Qeyd edək ki, ABŞ-ın Müdafiə naziri Ceyms Mətt Suriya və İraq ərazilərindəki kürdlərə dəstəklərini davam etdirəcəklərini açıqlayıb. O, bu dəstəyin müxtəlif istiqamətlər üzrə artırılacağını diqqətə çatdırıb.