Teleqraf.com YAP Siyasi Şurasının üzvü, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyevlə müsahibəni təqdim edir:
- Bu günlərdə “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabınız Qırğızıstanda nəşr olunub. Əvvəlcə, kitabın ideyası barədə danışmanızı istərdik.
- “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabı mənim indiyə qədər mətbuatda çap olunmuş məqalələrimin toplusudur. Ən böyük məqaləm “Müasir Azərbaycanın memarı, qurucusu və xilaskarı – Heydər Əliyev” adlanır. Kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar nəşr olunub. Kitabı yazarkən əsaslandığım ideya Dağlıq Qarabağ problemi və digər məsələlərdə Azərbaycanın xarici siyasətini və mövqeyini dəstəkləyən dövlətlərlə bağlıdır. Bunlar Türkiyə, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tacikistan dövlətləridir ki, Qarabağ məsələsində bizim yanımızdadırlar.
Məlum olduğu kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranıb, dəfələrlə Azərbaycan torpaqlarının işğal olunduğu bəyan edilib və Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı tərk etməsi tələb kimi qoyulub. Bir çox türkdilli dövlətlər Ermənistanda öz səfirliyini açmayıb və daim bu ölkə ilə münasibətlərdə Azərbaycanın mövqeyini qoruyan siyasət yürüdüblər. O cümlədən, Özbəkistan prezidenti Şövkət Mirziyayev, eləcə də Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mövqeyimizə dəstək verən mesajları var. Azərbaycanın dostları çoxdur, lakin ən ardıcıl şəkildə haqlı mövqeyimizi müdafiə edən dövlətlərlə Azərbaycanın qarşılıqlı əlaqələrini, dostluğunu kitabda əks etdirməyə çalışmışam.
Azərbaycanın xarici siyasətinin başlıca prinsipləri kitabda qeyd olunub və bu prinsiplər çərçivəsində bizə dəstək verən dövlətlərin mövqeləri sərgilənib. Ayrı-ayrı ölkələrdə yaşayan şəxslər var ki, Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə erməni millətçiləri onları sıxışdırır, səslərini batırmağa cəhd göstərir, müxtəlif təxribatlar törədirlər. Kitabda Rusiyanın Rostov vilayətində yaşayan Aleksandr Fomenkov, sabiq Moldova ombudsmanı Aurelio Qriqoiu, Özbəkistanda yaşayan tarixçi-alim Şöhrət Salamov, Niderland krallığında yaşayan Hollandiya-Azərbaycan dostluq cəmiyyətinin sədri İlhan Aşkın kimi insanların fəaliyyətini, erməni millətçilərinin onlara təzyiqlərini qeyd eləmişəm. Dünya azərbaycanlılarını Azərbaycanın həqiqi dostlarına dayaq durmağa, onlara dəstək olmağa çağırmışam. Kitabın əsas qayəsi bundan ibarətdir.
- Dediniz, kitab həm də Cümhuriyyətin 100 illiyinə həsr olunub. Kitabda AXC ilə bağlı hansı məqamlar öz əksini tapıb?
- Azərbaycanın respublikaçılıq tarixi və keçdiyi çətin mərhələlərdə əldə elədiyi nailiyyətlər kitabda yer verilib. Xüsusilə son 100 ildə erməni millətçiləri tərəfindən başımıza gətirilən, törədilən soyqırımlar, deportasiyalar, torpaqların işğalı kimi məsələlər vurğulanıb.
- Ötən gün Türkiyədə TANAP-ın açılışı oldu. Cənub Qaz Dəhlizinin 4 mühüm elementi sırasında vacib yer tutan TANAP-ın istismara verilməsinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycanın xarici siyasətində enerji layihələrinin böyük əhəmiyyəti var. Bu layihələr dövlət müstəqilliyinin möhkəmlənməsinə, ölkəmizin iqtisadi qüdrətinin artmasına, həm də Azərbaycanın Türkiyə, xüsusilə Gürcüstanla iqtisadi-siyasi birliyinin, inteqrasiyasının möhkəmlənəsinə böyük kömək göstərir. Mayın 29-da TAP layihəsinin təməlqoyma mərasiminin keçirilməsi və hazırda TANAP-ın açılışı artıq Azərbaycanın gələcəkdə böyük qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulmuş planların gerçəkləşdiyini sübut edir.
Bu, həm də Türkiyə-Azərbaycan dostluğunu və qardaşlığını daha da möhkəmləndirəcək, hər iki dövlətin, o cümlədən Gürcüstanın iqtisadi qüdrətinin artmasına kömək edəcək. Bu da əlbəttə, bir-birimizə enerji, iqtisadi-siyasi və digər layihələrdə verdiyimiz dəstəyin nəticəsində baş tutub. Türkiyə bu gün Azərbaycanın mövqeyini dünya miqyasında və ardıcıl şəkildə müdafiə edən qardaş dövlətdir.
- Siz həm də Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun rəhbərisiniz. Azərbaycanın diaspor fəaliyyətini qənaətbəxş saymaq olarmı?
- Diaspor işi çoxşaxəli, sistemli bir fəaliyyətdir. Bu, Azərbaycanın xarici və daxili siyasətinin ayrılmaz tərkib hissəsidir. Diaspor fəaliyyəti təkcə bir komitənin və ya ayrı-ayrı şəxslərin fəaliyyəti ilə məhdudlaşmır. Azərbaycan dövlətinin yeritdiyi siyasətdə diaspor və xaricdə yaşayan azərbaycanlılarla iş qırmızı xətlə keçir. Xüsusilə Azərbaycan prezidentinin, Heydər Əliyev Fondunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Milli Məclisdə xarici ölkələrlə dostluq qruplarının, Prezident Administrasiyasının ictimai-siyasi şöbənin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının, çoxsaylı cəmiyyətlərin fəaliyyəti diaspor işinin bütöv bir sistemini əmələ gətirir. Əvvəllər Azərbaycanın haqq səsini dünyaya yaymaq üçün əsasən xaricdə tədbirlər təşkil edirdik. Amma son dövrlər Azərbaycanın özündə böyük konfranslar, mühüm əhəmiyyətli tədbirlər, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat üzrə dünya çempionatı, Futbol üzrə dünya çempionatının yekun mərhələsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumları, Heydər Əliyev Fondunun xətti ilə müxtəlif konfranslar, YUNESKO və İSESKO-nun tədbirləri Azərbaycanda keçirilir və başlıca məqsəd Dağlıq Qarabağ məsələsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətlərinə, dövlətlərinə və tanınmış şəxsiyyətlərinə çatdırılmasından ibarətdir.
Bu sistemin fəaliyyəti fonunda get-gedə əlaqələrimiz, imkanlarımız artır, Azərbaycanda böyük toplantı mərkəzlərində, saraylarda irimiqyaslı tədbirlər keçirilir və onların səs-sədası dünyanın hər yerindən izlənilir. Bu yaxınlarda Formula 1 Qran Pri yarışları keçirildi, 3-cü ildir baş tutan yarış Azərbaycanın gənclər arasında tanınmasında, Bakının abadlaşması, gözəlləşməsi və dövlətimizin layiqli yerini möhkəmlənməsini göstərən faktordur.
Bütün bunlar hamısı onu sübut edir ki, Azərbaycanın diaspor işi, dövlətimizin yürütdüyü xarici siyasətin dünya ölkələri tərəfindən tanınması sahəsində əlaqə və imkanlarımız artır. Artıq mövqelərimiz güclənir və yüz illərlə formalaşmış erməni diasporunun fəaliyyətini bir çox istiqamətlərdə sıxışdırırıq.
Əlbəttə, bu mənada diaspor fəaliyyətini yüksək qiymətləndirirəm. Söhbət Heydər Əliyev siyasi kursunun və onu uğurlu şəkildə davam etdirən cənab Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətinin dünya ictimaiyyətinə çatdırılmasından gedir. Xocalı soyqırımının mahiyyəti ildən-ilə daha geniş şəkildə tanıdılır. Dünyanın 20-yə qədər dövlətinin parlamenti və müxtəlif palataları, ABŞ-ın 14 ştatı Xocalı soyqırımını tanıyıb. Get-gedə bu istiqamətdə fəaliyyətimiz genişlənir. Bunlar onu deməyə əsas verir ki, Azərbaycanın diaspor işini qənaətbəxş saymaq olar.
- Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə yeni rəhbər təyin edildi. Ondan gözləntilər nələrdir?
- Fuad Muradov gəncdir, gənclərlə işləyib, sədr kimi fəaliyyət göstərmək üçün enerjisi, potensialı böyükdür və bu sahədə mühüm işlər görəcəyinə şübhə yoxdur. Əvvəlcədən bir söz demək doğru olmazdı, yaşayarıq, işləyərik, görərik. Fəaliyyətində uğurlar arzulayırıq, hər bir sahədə əlimizdən gəldiyi qədər dəstək verməyə, kömək göstərməyə hazırıq.
- Zaman-zaman diaspor təşkilatlarının rəhbərlərinin bir-biri ilə, eləcə də səfirliklərlə fəaliyyətinin koordinasiyalı qurulmadığına dair müxtəlif fikirlər səslənir. Bu söyləntilər nə dərəcədə həqiqətəuyğundur?
- Dünyanın hər bir ölkəsində olan diaspor təşkilatlarını koordinasiya edən qurumlar var, məsələn, Avropa Azərbaycanlıları Konqresi, Rusiyada Ümumrusiya Azərbaycan Konqresi vardı, fəaliyyəti dayandı, Dünya Azərbaycanlıları Konqresi var. Bundan başqa, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası fəaliyyət göstərir ki, sədri Azərbaycan Prezidentidir, icraçı katibi keçmiş Komitə sədri Nazim İbrahimov idi. Yəqin Əlaqələndirmə Şurasının yaxın gələcəkdə qurultayı keçiriləcək və yeni heyət seçiləcək.
Amma dünyanın hər bir yerində fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya var, o cümlədən Prezident Administrasiyası nəzdində xaricdə yaşayan azərbaycanlılarla iş sektoru fəaliyyət göstərir, Diasporla iş üzrə Dövlət Komitəsi təşkilatları dövlət səviyyəsində əlaqələndirir. Buna baxmayaraq bəzi yerlərdə diaspor təşkilatları, bəzi ölkələrdə isə səfirliklərimizlə diaspor təşkilatları arasında fikir ayrılığı problemi var ki, əvvəllər də olub, indi də qalır, bunun qarşısını almaq üçün çalışırıq.
- Ümumrusiya Azərbaycan Konqresinin adını çəkdiniz, deputat Mixail Zabelin bu təşkilatın fəaliyyətinin bərpa olunacağı söyləyib. Sizdə, bu barədə məlumat varmı?
- Bəli, Rusiyanın hüquq-mühafizə orqanlarının müvafiq qərarları ilə fəaliyyəti dayandırılan Ümumrusiya Azərbaycan Konqresinin əvəzində daha mobil, həmin funksiyanı həyata keçirən, lakin adı bir qədər fərqli olan başqa bir təşkilat qurulacaq. Bu istiqamətdə iş aparılır.