5 İyul 2018 22:28
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının qərarları əhəmiyyətlidir. Amma BMT-də əsas mexanizm Təhlükəsizlik Şurasının əlindədir.

Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli belə deyib.

Politoloq bildirib ki, qərarların qəbulunda BMT TŞ-ın 5 daimi üzvündən 3-nün mövqeyi önəmlidir:

“Təəssüflər olsun ki, çox vaxt Təhlükəsizlik Şurası üzvlərinin mövqeləri üst-üstə düşmür. Çünki hər bir üzvün veto qoymaq imkanı var. Bu baxımdan, bu mexanizm bir sıra qərarların qəbul edilməsinə mane olur. Məlumdur ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bununla yanaşı, Baş Assambleyada da, bununla bağlı qətnamə qəbul olunub, eyni zamanda, Azərbaycanla bağlı müvafiq sənədlər var.

Lakin həmin sənədlər və qərarların icra edilməsi ləngiyir. Digər yandan, Dağlıq Qarabağ münaqişəsinin Baş Assambleyanın gündəliyinə salınması o baxımdan əhəmiyyətlidir ki, bu, növbəti dəfə Azərbaycan ərazilərinin işğal edilməsini dünya ictimaiyyəti qarşısında gündəmə gətirəcək. Lakin düşünmürəm ki, bu, münaqişənin həll prosesinə təkan verəcək. Əgər əsas mexanizm qətanəmələrin icrasını həyata keçirmirsə, BMT Baş Assambleyasının bu addımının həll prosesini sürətləndirə bilməz”.

Elçin Mirzəbəyli hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Assambleyasının gündəliyinə salınması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda apardığı mübarizənin nəticəsidir: “Azərbaycan Qarabağ məsələsini bütün beynəlxalq təşkilatlar qarşısında qoyur. Ermənistanı bir dəqiqə də boş qoymaq olmaz, bu ölkəni təzyiq altında saxlamaq lazımdır. Bütün istiqamətlərdə Ermənistana qarşı mübarizəni davam etdirmək lazımdır”.

Qeyd edək ki, “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salına bilər. Bu, 73-cü plenar sessiyanın iş proqramında əksini tapıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər