Qardaş Türkiyə Cümhuriyyəti ən yeni siyasi tarixinin mühüm bir səhifəsinə qədəm qoyur. Uzun illər parlament tipli idarəetmə sisteminin diktə etdiyi yorucu və səmərəsiz koalision hökumətlər mərhələsi artıq arxada qaldı.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Bababoğlu deyib.
Onun sözlərinə görə, etnososiologiya belə izah edir ki, hər bir millətin idarəetmə sistemi onun tarixi ənənələri və milli xarakteri ilə uzlaşmalıdır: “Əks təqdirdə effektiv və xalqla bütünləşən siyasi idarəetmədən danışmaq olmaz. Bu mənada tük xalqlarının demokratiya ilə bağlı seçimi həmişə birbaşa demokratiya olub. Yəni vəkalətli, yaxud mərhələli demokratiya bizim milli siyasi təfəkkürümüzlə normal izah edilən hadisə deyil. Məsələn, ABŞ-da daha çox təmsilçili demokratiya, bir sıra Avropa ölkələrində parlamentar demokratiya mövcuddur. Həmin cəmiyyətlər üçün belə model məqbul hesab edilə bilər. Bizdə milli mentalitet və siyasi mədəniyyət birbaşa demokratiyanı sifariş edir. Yəni prezidenti birbaşa xalq özü seçməklə prezident üsul-idarəsini qəbul edir. Hazırda 24 iyun seçkilərindən sonra Türkiyədə əslində bu hadisə baş verib və düşünürəm ki, türk xalqının bu seçimi çox doğru və uzaqgörən seçimdir” .
Hikmət Babaoğlunun fikrincə, Türkiyə ətrafında və bütövlükdə müsəlman Şərqində olduqca mürəkkəb hərbi-siyasi hadisələr baş verir: “Qardaş ölkə bu çətin və mürəkkəb vəziyyətdə həm öz təhlükəsizliyini təmin etməli, həm də bütövlükdə regionda müvazinət qoruyucu rol oynamalıdır. Dolayısıyla regionun geostrateji müvazinətini saxlamaqla Yaxın Şərq və Şimali Afrika ölkələri üçün rol-model olmalıdır. Eyni zamanda Qafqazlar və Orta Asiya ilə tarixi strateji əlaqələri möhkəmləndirməklə yeni Avrasiyaçılıq konsepsiyasında təyinedici ölkələrdən birinə çevrilməlidir. Bütün bunlar Türkiyənin qarşısında olduqca mühüm strateji vəzifələr qoyur. Türkiyədə bunun fərqindədirlər və dərk edirlər ki, hazırda baş verən siyasi proseslərdə bu ölkənin alacağı qərarlar həm Türkiyənin, həm də onun müttəfiqlərinin, o cümlədən, Azərbaycanın gələcəyi baxımından həyati vacib əhəmiyyətlidir”.
Deputat hesab edir ki, yeni siyasi sistemdə hakimiyyətin xalqın iradəsilə müəyyənləşmiş tək bir mərkəzdə cəmləşməsi bu çətin vəzifələri yerinə yetirməkdə strateji önəmə sahib olacaq: “Düşünürəm ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı siyasi komanda bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ biləcək. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki ,Türkiyənin gücü bizim gücümüzdür. Bu mühüm cümlədə Türkiyə- Azərbaycan münasibətlərinin dərin strateji məzmunu öz əksini tapıb. Artıq Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır və onun inauqurasiyadan sonra dərhal ölkəmizə səfər etməsi olduqca mühüm siyasi hadisədir”.