11iyul Azərbaycanın xarici siyasət maraqları baxımından əlamətdar tarixi gün sayıla bilər. Nəhayət, regional risqlərin xofu və Ermənistanı Rusiyadan qoparmaq planlarına aludə olan avroçinovniklər postsovet məkanına vahid standartla yanaşmaya dair razılaşmaya gəldilər. Prezident İlham Əliyevin İttifaq Şurasının rəhbəri Donalda Tuskla çiyin-çiyinə dayanaraq, razılıq hissiylə müşaiyət etdikləri “Əməkdaşlıq prioritetləri” sənədində Qarabağla bağlı bundan sonra heç bir hüquqi spekulyasiyalara yer qoymayan müddəalar öz əksini tapdı. Halbuki cəmi 5 il qabaq Moldova və Gürcüstana açıq dəstəyin, Ukraynanın bütövlüyü uğrunda az qala silahlı mübarizənin səngərində keşik çəkən qoca qitənin strateqləri Cənubi Qafqazdakı daşların yerini düzgün müəyyənləşdirmədən qonşuluq siyasətinin bəhrə verməyəcəyinə əmin oldular.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, Ermənistanın xarici işlər naziri inqilabdan sonra yeni ampluada qəbul olunan Paşinyan hökumətinə NATO və İttifaq salonlarında əlahiddə bir simpatiyanın olduğunu zənn edib, son deklarasiyalarda kəskin formulələrin olmağacağını düşünürdü:
“Hətta, açıq təhdid diliylə danışaraq, onların maraqlarını tanımayacaqları təqdirdə zirvə görüşünə getməyəcəklərini bəyan etmişdilər. Lakin olmadı. Necə deylərlər, məxməri dəyişikliyə görə arzulanan mükafatı Qarabağdan çıxarmaq ideyası iflasa uğradı. Yəqin ki, Mnatsakanyanın İrəvanda verəcəyi şərhlər Sərkisyan rejiminin təmsilçilərindən elə də fərqlənməyəcək. Yəni, “Qərb Azərbaycanın nəhəng enerji ehtiyatlarından vaz keçməmək üçün Bakının torpaq bütünlüyü ilə bağlı tələblərinə boyun əyir”.
Halbuki belə iddiaların əsassız olduğu Nalbandyanın sələfinə də yaxşı bəllidir. Belə ki, Avropada və Atlantik dünyasında siyasi, hərbi elitaya karbohidrogen ehtiyaları ilə təsir göstərmək mümkün olsaydı, Rusiya və İrandan güclüsünü tapmaq çətin olardı. Gördüyünüz kimi, hər iki regional derjava son illər məhz təbii sərvətlərinin əli ilə vurulur”.
Zahid Oruc qeyd edib ki, NATO və Avropa Birliyinin Qarabağı mübahisəli ərazilər kimi tanıması, tərəddüdlü mövqe sərgiləməsi Ermənistanın azğınlığını daha da artırırdı:
“Səhv etmirəmsə, Bolqarıstanın prezidenti son sammitdə demişdi ki, Amerika liderinin hərbi xərcləri artırması tələbi başadüşüləndir, lakin təhlükəsizliyi satın almaq mümkün deyil. Doğru fikir deyil. Bizim regionda uzun on illər ərzində Ermənistan müstəqilliyi itirməsi bahasına məhz özünə hərbi müdafiə istehkamı düzəldib, sərhədlərinin qorunmasını rus ordularına tapşırıb və 2-ci dövlət qurmaq planını da məhz suverenlikdən imtina hesabına əldə edib. İndi NATO da yaxşı yer qazanamq istəyən Paşinyan dərk etmir ki, Brüsseldə ona təqdim olunan çələngin qarşılığı Kreml tərəfindən mütləq veriləcək. Doğrudur, Gürcüstanı hələ öz çətiri altına almağa nail olmayan bir hərbi-siyasi təşkilat Qarabağa qoşunlarını yeridəsi deyil. Lakin Azərbaycanı gah Moskva ilə münasibətlərinə, gah da Tehranla əlaqələrini pisləşdirmədiyinə görə cəzalandırmaq siyasətindən imtina edilməsi aksiomaya çevrilib.
Cənubi Qafqazın geopolitikası Brüsssel tərəfindən təktərəfli qaydada dəyişdirilə bilməsə də son hadisələr sübut edir ki, strateji planda bir intensivləşmə və hərəkətlənmə var. Obamanın gəlişi ilə Birləşmiş Ştatların bölgədə aktivliyi ən aşağı həddə düşmüşdü. İndi yenidən Vaşinqton və Brüsselin emissarları məxfi qovluqları dövriyyəyə qayatararaq, Bakıya yola düşməyə hazırlaşırlar”.
Millət vəkili hesab edir ki, 4 günlük aprel döyüşlərindən sonra beynəlxalq məkanda qazanılan ən böyük diplomatik uğur NATO və Avropa İttifaqından gəldi: “İndi Tramp və Putin arasında keçirilən tarixi görüşün nəticələrindən asılı olaraq, Cəbuni Qafqazın siyasi “yol xəritəsi” köklü dəyişikliyə məruz qala bilər”.