14 İyul 2018 18:40
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə baş verən hadisələrlə bağlı millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlının Axar.az-a müsahibəsini təqdim edirik:

- Musa müəllim, niyə Gəncə?

- Əlbəttə, dövlət qulluqçusuna sui-qəsdin, polisimizə qarşı terrorun Azərbaycan xalqının qədim mədəniyyət beşiklərindən biri, Cümhuriyyətimizin ilk paytaxtı Gəncə şəhərində törədilməsi təəssüf hissi doğurur. Hesab edirəm ki, bunun da səbəbi var. Əslində, gəncəlilər daim müstəqil dövlətimizin və dövlətçiliyimizin yanında olub, heç zaman təxribata uymayıb. Bu dəfə də Gəncə əhalisi araqarışdıranlara, anarxistlərə və terrorçulara yox dedi. Hadisələr din pərdəsi altında edilsə də, iğtişaşın, terrorun imanlı, inanclı adamlarla, əsl dindarlarla da heç bir əlaqəsi yoxdur. Çünki islam sülh, qardaşlıq, birgəyaşayış dinidir. İslamda qardaş qanını tökmək yoxdur. Terroru törədənlər islam dininə ləkə gətiriblər. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlətimiz bütün dinlər üçün şərait yaradıb və onların işlərinə qarışmır. İslam həmrəyliyi ilə bağlı çoxlu tədbirlər həyata keçirilib və indi keçirilir, dini abidələr bərpa edilir, məscidlər tikilir. Azərbaycan dindarları da bu hadisəni lənətlədilər.

- Mingəçevir İES-dəki partlayışla Gəncə şəhər icra başçısına qarşı terrorun eyni vaxtda baş verməsini təsadüf sayırsınız?

- Hesab edirəm ki, bunlar hamısı planlaşdırılıb. Güman ki, bütün bu və digər xoşagəlməz hadisələr payızda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlanmışdı. Sadəcə, seçkilərin vaxtının dəyişdirilməsi həmin qrupların və xarici düşmənlərin planlarını pozdu, onlar mənəvi böhrana düşdülər. Bundan sonra Azərbaycan dövləti bir neçə məsələni uğurla reallaşdırdı: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə və xaricdə bayram edildi və bu tədbirlər indi də davam edir; millətimizin bağrından çıxan Ordumuzun möhtəşəm hərbi paradı keçirildi; Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmən qovuldu və daha bir kəndimiz azad edildi, Cənub Qaz Dəhlizinin, TANAP-ın açılışı oldu və s.

Hadisələri planlaşdıranlar heç şübhəsiz, Prezident İlham Əliyevin Brüssel səfərindən, NATO-nun yekun sənədində ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinə dair maddələrin olacağından və AB ilə imzalanacaq sənəddən də xəbərdar idilər. Məlumdur ki, belə sənədlərin layihəsi aylarla əvvəldən hazırlanır. Bütün bunlar müstəqilliyimizin əleyhinə olan, dövlətimizin dünyəvi təməllərini sarsıtmağa çalışan istər daxili, istərsə də xarici düşməni narahat edirdi. Fikrimcə, onlar uğursuzluqlarını görüb bu hadisələri törətdilər. Lakin məğlub oldular. Millət güclü dövlətin və Prezident İlham Əliyevin yanında oldu. Buna baxmayaraq, gələcəkdə də belə iyrənc terror cəhdləri gözləniləndir.

- Gəncə hadisələrinin təkrarlanmaması üçün hansı tədbirlər həyata keçirilməlidir?

- Birincisi, belə cəhdlərin qarşısı qanunlarımızın ən sərt üzü ilə, qətiyyətlə və amansızlıqla alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan və dövlətin əsas dayaqlarından olan polisə əl qaldıran şəxsin əli kökündən elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan, ictimai asayışı qoruyan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir? Bu hərəkət nəyə xidmət edir? İkincisi, hər bir şəhərin, rayonun, kəndin əhalisi polislə əməkdaşlıq etməlidir. Üçüncüsü, maarifləndirmə işləri aparılmalıdır. Bu baxımdan KİV-lərin üzərinə böyük vəzifələr düşür. Meydanı başıpozuq qruplaşmalara buraxmaq olmaz. Üçüncüsü, xaricdə oturub Azərbaycan əleyhinə iftira yayan, insanları itaətsizliyə çağıran şəxslərin ölkəyə gətirilməsi ilə bağlı ikitərəfli və beynəlxalq hüquqi sənədlərin hazırlanması sahəsində Xarici İşlər Nazirliyinin müəyyən işlərə başlamasının zəruri olduğu qənaətindəyəm.

- Bu cinayətlərin arxasında dayananın kimliyini təxmin etmək olarmı?

- Əlbəttə, bu məsələləri dövlət orqanları araşdıracaq, hər şey aydın olacaq. Mən yalnız baş verən hadisələri təhlil edib, məntiqlə hansı qruplaşma, hansı ölkə və ya ölkələrlə bağlı olması barədə müəyyən mülahizələr yürüdə bilərəm. Hesab edirəm ki, hadisələri törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək, anarxiya, xaos yaratmaq və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır. Həmin qruplaşmaların böyük və mürəkkəb kombinasiyalarla hətta islama aiddiyyəti olmayan ölkələr tərəfindən təşkilatdırılanması da mümkündür. Bunu törədənlər Azərbaycanda sabitliyin və dövlət müstəqilliyimizin əleyhinə olanlardır, onların bu və ya başqa səviyyədə siyasi qanadının olduğunu da güman edirəm. Qarışıqlıqdan istifadə edərək bulanıq suda balıq tutmaq istəyənləri, xalqı sosial şəbəkələrdə meydanlara səsləyənləri yaxşı tanıyırıq.

- Daxildən bu xəyanətkarları dəstəkləyən “siyasi kəsim” varmı?

- Birincisi, əgər bu gün hansısa siyasi partiya, qeyri-hökumət təşkilatı, KİV orqanı və ya şəxs qanunun kobud şəkildə pozulmasını, dövlətin məmuruna edilən sui-qəsdi, dövlət orqanının əməkdaşı olan polisin qətlini, törədilən iğtişaşı hər hansı yolla - istər bilavasitə, istərsə də bilvasitə müdafiə edirsə, onlara qarşı Azərbaycan Respublikası dövlətinin qanunları ən sərt şəkildə tətbiq edilməlidir. Terroru və terrorçunu təşviq edən patiyaların, təşkilatların və KİV orqanlarının bundan sonra fəaliyyət göstərməsi heç bir zaman xalq tərəfindən başa düşülməz. Dövlət gücünü göstəməlidir. Məncə, bütün xalq indi bunu gözləyir. İkincisi, xalq həmin təşkilatları, KİV-ləri, şəxsləri boykot etməlidir. Dövlətə qarşı uzadılan qanlı əli sıxıb, onu müdafiə edənlərlə, iğtişaşlara haqq qazandırıb Azərbaycanı xaosa sürükləməyə çalışanlarla əsl azərbaycanlı necə bir cərgədə dayana bilər? İğtişaş törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür, bütün təxrubatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür. Azərbaycanı qaranlığa çəkməyə cəhd edənlərin niyyətləri ürəyində qalacaq. Millətimizin çırağını heç kim söndürə bilməz, o daim gur yanacaq. Buna cəhd edənlərin özlərinin çırağı sönər. Azərbaycanı heç kim qana boyaya bilməz. Buna cəhd edənlərin özləri qan gölünə düşər. Dövlətimiz və millətimiz terrorun qarşısını almağa qadirdir, xalq öz dövləti və polisi ilə birlikdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər