23 İyul 2018 15:55
3 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com iqtisadçı Natiq Cəfərli ilə müsahibəni təqdim edir.

- Natiq bəy, İranla ABŞ arasında nə baş verir, hansı səbəblərdən münasibətlər gün keçdikcə daha da kəskinləşir?

- Obama hakimiyyəti dönəminin son illərində İranla əhəmiyyətli razılaşma əldə olundu. Qərb dövlətləri İranın nüvə proqramı məsələsində onunla razılığa gəldilər. Bu da İranın nüvə texnologiyası məsələsində problemin sülh yolu ilə həll olunacağına inamı artırmışdı. 2016-ci ildə ABŞ-da keçirilən seçkilərdən sonra Donald Tramp qalib gəldi və bununla da İrana qarşı münasibət kökündən dəyişdi. Tramp həm İranla bağlanan 5+1 formatında müqavilədən çıxdı, həm də Tehrana qarşı sanksiyaların tətbiq edəcəyini bəyan etdi. Hazırda İrana qarşı bəzi sanksiyalar tətbiq edilir. Sonuncu ən ciddi məsələ isə ABŞ-ın noyabrın 1-dən etibarən İrandan neft ixracat edən ölkələrə və şirkətlərə sanksiyalar tətbiq edəcəyi haqda bəyanatı oldu. Bu, İran iqtisadiyyatına ən böyük zərbələrdən biri ola bilər. Artıq bunun təsirləri özünü göstərir. İran milli valyutası dəyərdən düşür. Son aylarda dollar qarşısında ən çox ucuzlaşan valyutalardan biri İran rialıdır. Vaşinqton-Tehran münasibətləri getdikcə kəskinləşir. Vaşinqton hazırda öz müttəfiqlərinə, daha çox Avropa dövlətlərinə təzyiq göstərir ki, İrana qarşı sanksiyalara qoşulsun. Eyni zamanda İrana qarşı daha sərt addımların atıla biləcəyini elan edir. ABŞ Dövlət Departamenti və Pentaqon hətta İrana qarşı hərbi əməliyyatların ola biləcəyi ehtimalını da səsləndirir. Bu, ciddi vəziyyətdir. İran bölgədə nüfuz və gücə malik ölkələrdən biridir. Ona qarşı hərbi əməliyyatlar aparılması regionda ciddi fəsadlara səbəb olar.

- Artıq İran və ABŞ prezidentləri bir-birini təhdid edir. Ruhani Trampa “Aslanın quyruğu ilə oynama, peşman olarsan” deyib, Tramp isə ona “Tarixdə heç kimin qarşılaşmadığı nəticələrlə üzləşərsən” deyə cavab verib...

- Fikrimcə, bu təhdid ritorikası daha çox daxili auditoriyaya hesablanıb. Həsən Ruhani anlayır ki, İranda mühafizəkar kəsim onu daha çox liberal olmaqda, Qərblə münasibətdə daha yumşaq davranmaqda ittiham edir. Odur ki, Ruhani daha kəskin bəyanatlar verməklə həm də daxili auditoriyaya mesajlar verir ki, onu zəiflikdə ittiham etməsinlər. Donald Trampın verdiyi açıqlamalar isə onu göstərir ki, İrana qarşı daha sərt addımların atılması ehtimalı getdikcə güclənir. Əslində bu psixoloji mübarizənin təzahürüdür. Amma bunun altında münasibətlərin daha da kəskinləşəcəyi reallığı yatır. Çox təəssüflər olsun ki, regionda yaxın aylarda durum daha kritik olacaq. İran-ABŞ, İran-İsrail münasibətlərinin kritik həddə çatması bütövlükdə regiona və dünyaya ciddi təsir edəcək. Məsələnin hərbi ritorika istiqamətinə keçid etməsi hərbi çatışma və hibrid müharibə ehtimallarını da yüksəldir.

- Konkret hansı müharibə ssenaləri ola bilər?

- Məncə, ilk növbədə İranın Suriyada olan gücünə zərbə vurulacaq. Məqsəd İranı Suriyada zəiflətməkdir. Formal olaraq İran və ABŞ üz-üzə gəlmir. ABŞ müharibə elan etmədən bu addımları atır. Nəticədə iki ölkə arasında birbaşa hərbi qarşıdurma yaranmır. Fikrimcə, ilk olaraq Suriyada İranın vurulması, habelə İran daxilində müəyyən qrupların fəallaşmasının şahidi ola biləcəyik. Yeri gəlmişkən, bir neçə gün əvvəl ölkə daxilində İran təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında atışma olub, hüquq-mühafizə orqanlarının 11 əməkdaşı öldürülüb. Çoxdandır İran ərazisində belə ciddi hadisə olmurdu. Fikrimcə, hibrid müharibə anlayışına uyğun olaraq, həm başqa ölkə ərazisində, həm də İranın öz daxilində silahlı dəstələr vasitəsilə Tehrana təzyiq və təsirlər başlayacaq.

- İranın Ali Dini lideri Seyid Əli Xameneyi xəbərdarlıq etdi ki, əgər İranın neft ixracatı dayandırılacaqsa, regionda heç bir dövlət neft sata bilməyəcək...

- Əslindəbu reallıqdan uzaq bəyanatdır. İranın nəzarət etdiyi Hörmüz boğazı var. Əsasən, neft daşıyan tankerlər bu boğazdan istifadə edir. Hörmüz isə beynəlxalq boğazdır və tankerlər beynəlxalq müqavilə əsasında oradan istifadə edir. İran boğazı bağlasa, beynəlxalq münaqişəyə səbəb olar. Bu, Tehranın təklənməsi ilə nəticələnə bilər. Üstəlik nəzərə almaq lazımdır ki, boğaz bağlansa, alternativ yollar olacaq, sadəcə, bu zaman tankerlər daha çox məsafə qət edəcək. Yəni bütün hallarda neft dünya bazarına çıxacaq. Fikrimcə, İran sadəcə olaraq, Hörmüzdən təhdid ritorikası üçün istifadə edir. Ancaq müşahidə olunan gərginlik neft bazarına ciddi təsir göstərir. Son dövrlər neftin qiymətinin bahalaşması və sonradan ucuzlaşmamasının ən ciddi səbəbi İran ətrafında baş verən proseslərin şiddətlənməsidir. Əslində İran məsələsi olmasaydı, dünyada neft hasilatının artdığı dövrdə qiymət ucuzlaşmalı idi. Səudiyyə Ərəbistanında, Rusiyada hasilat artıb, ABŞ-da isə hasilat 11 milyon barelə çatıb. Bu, rekord göstəricidir.

- Həsən Ruhani dünən dedi ki, “biz neft satmasaq heç kim neft satmayacaq fikrini işlədəndə çoxları düşünür ki, Hörmüz boğazını bağlamağı nəzərdə tuturuq. Ancaq bu atacağımız addımların ən kiçiyidir”...

- Nəzərə alaq ki, İranın bəzi bölgə dövlətlərində şərti “milis gücləri” adlandırılan qüvvəsi var. Bunlar rəsmi hərbi qüvvə deyil, amma İrana tabedir, Tehran tərəfindən maliyyələşdirilir. Onlar Süveyş kanalına nəzarəti həyata keçirəcək imkana sahibdirlər. Livanda “Hizbullah”a İranın ciddi təsir imkanları var. İraqda hakimiyyətdə daha çox şiə təriqəti təmsil olunur, onların Tehranla sıx əlaqəsi var. Eləcə də Yəməndə Husilər İranla sıx əlaqəyə malikdir. Bir sözlə, kənarda olan, birbaşa İranın hərbi strukturları hesab edilməyən, lakin Tehrana bağlı qüvvələrin vasitəsilə müəyyən addımlar atıla bilər. Fikrimcə, prezident Ruhani də buna işarə edir.

- Qarşıdurmanın müharibəyə çevrilməsi, ABŞ və İsrailin birbaşa İrana hərbi müdaxilə etməsi ehtimalı nə dərəcədə ciddidir?

- İrana qarşı birbaşa qurun əməliyyatlarının keçirilməsi inandırıcı deyil. Amma hava zərbələri ehtimalı var. Vəziyyət gərginləşərsə, radarların tuta bilməyəcəyi müasir təyyarələrlə İrana hava zərbələri endirilə bilər. Biz dəfələrlə görmüşük ki, ABŞ BMT qərarı olmadan da hansısa ölkəyə zərbələr endirib. Lakin belə bir ssenarinin İrana tətbiq edilməsi bölgəni qan çanağına çevirə, ciddi fəsadlara yol aça bilər. Normalda İran hökuməti də anlamalıdır ki, belə konfrontasiyalara yol açmaqla, qapalı rejimi davam etdirməklə uğur əldə edə bilməyəcək. Mən demirəm ki, dərhal ABŞ-ın istədiyi addımı ataraq, təslim olsunlar. Çünki buna gedilərsə, daxildə ciddi gərginlik yaranar. Amma ən azından sistemdə müəyyən islahatlar olmalıdır ki, heç kimdə nüvə proqramının davam etdirildiyi barədə şübhə qalmasın.

- Noyabrdan sonra ABŞ İranın neft ixracatının qarşısını almağa müvəffəq olacaqmı, yoxsa bu ehtimal real deyil?

- Açığı, ABŞ-ın asanlıqla buna nail olacağını düşünmürəm. Nəzərə almaq lazımdır ki, bu prosesdə digər maraqlı super güclər də var. Məsələn, Çin İrana qarşı sanksiyaların ən ciddi dövrü olan 2011-ci ildə Tehrandan neft alırdı. Hətta o zaman Avropa Birliyi də İrana qarşı sanksiyalara qoşulmuşdu. Amma Çin İrandan neft alırdı. Tehran da Çinə ciddi neft endirimi tətbiq etmişdi, dünya bazarındakı qiymətdən 5-7 dollar ucuzuna Pekinə neft satırdı. Çin aldığı neftin pulunun bir hissəsini məhsullarla ödəyirdi. Bu da hər iki tərəfə xeyir verirdi. İndi inandırıcı deyil ki, ABŞ Çinə bununla bağlı sanksiya tətbiq etsin. Əslində Çinlə-ABŞ arasında müşahidə olunan son gərginlik fikrimcə, İranla bağlıdır. ABŞ ticarət müharibəsi aparmaqla, Çinə qarşı gömrük rüsumları tətbiq etməklə çalışır ki, gələcəkdə Pekin İrana qarşı sanksiyalara qoşulsun. Məncə, Çin bu məsələdə təmkinli davranacaq, bütün ölkələr İrana qarşı sanksiyalara qoşulsa belə, Rusiya və Çin bu prosesdə olmayacaq. Əksinə, İran neftinin alınması ilə bağlı addımlar atacaqlar. Bu gün Çin ABŞ-dan sonra dünyada ikinci neft istehlak edən dövlətdir. Çinin gündə 7 milyon barel neft ehtiyacı var. Vəziyyət kəskinləşdikcə, Çin İranla anlaşaraq daha ucuz qiymətə neft almağa çalışacaq. Hazırda İran dünya bazarına 3,5-4 milyon barel nef çıxaracaq imkandadır. Bunun hamısını da Çin ala bilər. Əgər Çin İrana qarşı sanksiyalara qoşulmasa, İran neftini alsa, bu qadağaların Tehrana ciddi təsiri olmayacaq.

Başqa sözlə, İranın neft ixracatının qarşısını almaq mümkün olmayacaq. Təbii ki, İran üçün müəyyən çətinliklər olacaq. İndiki halda İtaliya və Fransa şirkətləri İrandan neft alışını dayandıra bilər. Amma İran tərəfindən neftin qiymətinə güzəştlər tətbiq olunsa, Çin bütövlükdə İran neftini almaq potensialını ortaya qoya bilər.


Müəllif: Cavad