2 Avqust 2018 09:01
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO avqustun 1-dən 15-dək Gürcüstanın Vaziani və Norio təlim mərkəzlərində təlimlər (Noble Partner 2018) keçirəcək. Məqsəd NATO standartlarını tətbiq etməklə NATO/SNT və tərəfdaş qüvvələrin bölük səviyyəsində bölmələrinin uzlaşmasını və çöl vərdişlərini təkmilləşdirmək, eləcə də müxtəlif tapşırıqları icra etməkdir. Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.

Bu barədə Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, NATO-nun Rusiya sərhədlərindəki bu təlimləri Moskvanın Gürcüstan üzərində təzyiqlərini artırmasına yol açacaq:

“Belə təzyiqlərdən yayınmaq istəyən Ermənistan ötən il NATO-nun bu hərbi təlimlərinə qatılmaqdan son anda imtina etdi. İrəvan Rusiyanın güclü təzyiqləri altında öz hərbi kontingentini geri çağırdı. İndi isə Ermənistanda hakimiyyətdə qərbyönümlü Nikol Paşinyandır. Paşinyan xarici siyasətdə açıq formada anti-Rusiya mövqeyu tutur.

Onun əsas məqsədi Rusiyanın Ermənistandakı fəaliyyətinin qarşısına keçməkdir. Buna görə də, Paşinyanın hakimiyyətə gəlməsindən sonra fikrindən daşınan Ermənistan artıq NATO təlimlərinə qoşulub və bunun davamı olaraq, Rusiyanın ən yaxın adamı hesab edilən, KTMT-nin Baş katibi Yuri Xaçaturovu həbs etdirib. Üstəgəl Paşinyan açıq şəkildə Rusiya qarşısında KTMT-ni yox, NATO-nu seçdiyini nümayiş etdirdi”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gətirilməsi, ABŞ-ın Cənubi Qafqazda geosiyasi mübarizə müstəvisində reallaşıb:

“ABŞ-la Rusiya arasında Cənubi Qafqaz uğrunda mübarizə gedir. Bu mübarizə yarı-gizli, yarı-açıq formada həyata keçirilir. Buna görə də düşünürəm ki, son zamanlarda Gürcüstan və Ermənistanda baş qaldıran anti-Rusiya etirazları da, Moskvanın bölgədən çıxarılmasına hesablanıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər