2 Avqust 2018 20:25
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bir vaxtlar Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə təhdid edirdi. Hətta iş o yerə çatmışdı ki, yüksək çinli bir erməni zabiti istədiyi vaxt bu hərbi-siyasi blokun gücündən Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə edə biləcəyini, buna heç kəsin mane ola bilməyəcəyini söyləmişdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, indi isə KTMT ilə münasibətlər işğalçı ölkə üçün əsl başağrısına çevrilib:

“Ermənistanın siyasi hakimiyyəti hazırda KTMT-yə rəhbərlik edən Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsilə əlaqədar qərar qəbul edib. Bu hər şeydən öncə Rusiya üçün pis sürpiriz olub. Çünki istənilən halda bütün dünyaya postsovet məkanının ən güclü hərbi-siyasi bloku kimi təqdim edilən qurumunun fəaliyyətdə olan başçısının quruma daxil olan müttəfiqlərin xəbəri olmadan məsuliyyətə cəlb edilməsi istər-istəməz həmin təşkilatın ciddiyyətini şübhə altına alır. Bu KTMT-nin imicinə böyük zərbədir və bu qurumun doğrudan da real hərbi-siyasi ittifaq olması ilə bağlı deyilənlərlə uyğun gəlmir”.

H.Babaoğlunun sözlərinə görə, məsələnin digər mühüm tərəfi də odur ki, KTMT-yə üzv ölkələrdən heç biri baş katibin məsuliyyətə cəlb olunmasına reaksiya verməyib və sanki belə hadisə olmamış kimi davranıb:

“Ancaq Rusiya NATO-su kimi təqdim edilən bu qurumda baş verənlər NATO alyansında baş versəydi heç şübhəsiz ki, üzv dövlətlərin hər birinin ayrıca, ya da ən azı ümumi mövqeyi bildiriləcəkdi. Hadisəyə yalnız Rusiya münasibət bildirib. Bu ölkənin baş diplomatı Sergey Lavrov deyib ki, Ermənistanda baş verən son hadisələr Moskvada ciddi narahatlıq doğurur və baş verənlər Ermənistanın indiki hakimiyyətinin keçmiş hakimiyyətin nümayəndələrinə qarşı siyasi motivlərlə təqiblər aparmayacağı haqda vədlərinə ziddir. Göründüyü kimi KTMT-nin qurucusu və əsas üzv dövlətinin xarici siyasət idarəsinin başçısı Yuri Xaçaturovun həbsində siyasi motivlərin ola biləcəyinə eyham vurub. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan isə baş verən proseslərin xarici siyasətlə əlaqəli olmadığını, ölkənin xarici siyasət prioritetlərinin Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə hədəfləndiyini bildirib. Göründüyü kimi mövqelər kifayət qədər ziddiyətlidir və bu heç də Ermənistanın xeyrinə deyil. Çünki artıq Rusiyada olan bir çox informasiya mənbələri bu cür davranışın Ermənistanın Rusiya tərəfindən cəzalanması ilə nəticələnə biləcəyini qeyd edir. İlkin addım kimi isə işğalçı Ermənistana növbəti kredit tranşı çərçivəsində verilməsi nəzərdə tutulan hərbi yardımın dayandırılması göstərilir. Burda isə söhbət təqribən 200 milyon ABŞ dolları həcmində silahlardan gedir ki, Ermənistan bu çərçivədə yeni “İskəndər” raket qurğuları ala biləcəyinə və onları Azərbaycanla sərhəd bölgələrə yerləşdirəcəyinə ümid edirdi. Ancaq göründüyü kimi, işğalçı ölkədə dərin sosial-iqtisadi problemləri həll etmək üçün Qərbdən ciddi yardıma ümid edən baş nazir Nikol Paşinyan Qərbə xoş görünsün deyə atdığı addımlarla şimaldan olan dəstəyi ciddi təhlükəyə atır. Beləliklə son üç ayda ziddiyyətli və bir-birini təkzib edən siyasi mövqelər bu ölkəni iflas həddinə yaxınlaşdırb. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistan nəinki sosial-iqtisadi baxımdan, eləcə də hərbi-siyasi baxımdan iflasa məhkumdur. Ona görə də bu həqiqət, nəhayət dərk edilməli, işğal faktına son qoyulmalıdır. Bu nə qədər tez olarsa Ermənistan üçün bir o qədər yaxşı olar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər